“Əsas hədəfimiz erməni diasporunun təbliğatını dağıtmaqdır” – Fərid Əzizli

10:45 14.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hamımızın bildiyi kimi, ötən günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Vyanaya səfəri çərçivəsində Avstriyada yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirib. Tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov da çıxış edib, azərbaycanlı icması və diaspor təşkilatlarının rəhbərləri ilə əməkdaşlıqdan söz açıb.

Təbii ki, görüşün iştirakçıları arasında Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli də olub. Biz də fürsətdən yararlanıb görüşün məqsəd və mahiyyəti barədə, orda nələr danışıldı, nə təkliflər səsləndirildi deyə suallarımızı ünvanladıq Fərid bəyə. Diaspor rəhbəri olmaqla yanaşı, karate üzrə beşqat dünya, üçqat Avropa, yeddiqat respublika çempionu, "Qara kəmər" sahibi, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli bizimlə söhbətə Fuad Muradovun Avstriyaya səfərini şərh etməklə başladı:

- Bu Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Avstriyada yaşayan azərbaycanlılarla ilk görüşü idi. Hesab edirəm görüş olduqca məhsuldar keçib və komitə sədrinin Avstriyaya səfəri diaspor quruculuğu sahəsində canlanmanın təməlini qoyacaq. Bundan sonra insanlar diaspor sahəsində daha aktiv fəaliyyət göstərəcəklər. Komitə sədrinin belə görüşlərinin digər ölkələrdə yaşayan azərbaycanlılarla keçirməsi düzgün və effektlidir. Bu, həmin ölkələrdə yaşayan soydaşlarımızda dövlətimizə, hakimiyyətimizə böyük inam, etibar qazandırır. Komitə sədri problemləri soydaşlarımızın dilindən eşidir, təklif və fikirlərini dinləyir.

- Görüşdə siz də çıxış etdiniz, hansı məsələlərə toxundunuz?

- Avstriyada fəaliyyət göstərən müxtəlif iş adamları, incəsənət xadimləri və diaspor fəallarının görüşündə Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq geniş tərkibdə iştirak etdik. Bildiyiniz kimi, Avstriyada aktiv fəaliyyət göstərən tək diaspor Avstriya Azərbaycanlıları Cəmiyyətidir. Çıxışım zamanı diaspor sahəsində 2019-cu ildə keçirdiyimiz tədbirlərdən və onların əhəmiyyətindən söz açdım, gördüyümüz və görəcəyimiz işlər barədə həm komitə sədrini, həm də Azərbaycan səfiri Qalib İsrafilovu məlumatlandırdım. Azərbaycan diaspor sahəsində digər ölkələrlə müqayisədə çox yenidir. Ona görə də görəcəyimiz çox işlərlə yanaşı, həm də qarşılaşdığımız bir sıra problemlər barədə tədbir iştirakçılarına məlumat verdim.

- Maraqlıdır, iştirakçılar daha çox konkret hansı problemləri qaldırdılar?

- Dünyada diaspor təcrübəsinə baxanda Azərbaycan hələ çox gəncdir bə bu səbəbdən də yetərincə problemlər mövcuddur. Bunlardan ilki soydaşlarımızın yaşadığı ölkələrdə inteqrasiya problemi, digəri Azərbaycan dilli məktəblərinin olmamasıdır ki, bu barədədə söz açıldı. Bu kimi problemləri diaspor təşkilatları təkbaşına həll edə bilməzlər - dövlət yardımına ehtiyacımız var və ümid edirəm ki, komitə sədri bizə yardımçı olacaq. Diaspor sahəsində hər hansı problemin həlli Azərbaycanın xaricdə yüksək səviyyədə və yetərincə təbliği, soydaşlarımızın həmrəyliyi, güclənməsi deməkdir.

- Necə bilirsiniz, komitə sədrinin səfəri diaspor quruculuğu işinizə nə kimi müsbət təsirlər göstərə bilər?

- Görüşə bir neçə həftə öncədən hazırlaşırdıq və Avstriyadakı soydaşlarımızla görüşüb, onların təklif və problemlərini qeydə almışdıq. Görüş zamanı bu problemləri qaldırdıq və komitə sədri də öz növbəsində onların həlli yönümündə dəstək verəcəklərini söylədi. Təbii ki, belə bir görüş bizdə gələcək planlarımızın həyata keçmək üçün ruh yüksəkliyi yaradır. Konkret olaraq, bir daha arxamızda güclü Azərbaycanın dayandığını hiss etdik. Bilirsiniz, bayaq dediyim kimi, Azərbaycan diaspor quruculuğu sahəsində yeni-yeni addımlayır. Hədəfimiz bu sahədə bizdən tarixən təcrübəli və güclü olan erməni diasporunun təbliğatını dağıtmaqdır. Düzdür, buna qismən nail olmuşuq, amma istədiklərimizi tam həyata keçirə bilməmişik. Buna görə də dövlətin mənəvi və maddi yardımına böyük ehtiyac duyulur. İnanırıq ki, komitənin sədri Fuad Muradov bu sahədə bizə dəstək olacaq.

- Bildiyim qədər Fuad Muradovun diaspor sədri olaraq sizlərə bəzi məsləhətləri olub...

- Komitə sədri diaspor sahəsində olan problemlərin başında pərakəndəliyin olduğunu qeyd etdi və təşkilatların tez zamanda birləşməsinin vacibliyini bildirdi. Bu sevindirici haldır ki, komitə sədri diaspor sahəsindəki problemləri və öz təcrübəsini bizimlə bölüşür, vahid sistemə keçməyin vaxtının çatdığını deyir. Əslində onun fikirlərində böyük həqiqət var. Təşkilatlarımız arasında inteqrasiyanın yaradılması zəruridir, həmrəy olmağımız, gücümüzü birləşdirməyin zamanaı çoxdan yetişib. Aramızda olan umu-küsünü bir kənara qoymalı, öz-özümüzə düşmən kəsilməməliyik. Hesab edirəm aramızda möhkəm təməli olan körpü yaratmalıyıq və onun qurulmasında təkcə dövlətimiz yox, imkanlı soydaşlarımız, xeyriyyəçi biznesmenlərimiz, diaspor sahəsindəki iş adamlarımız da iştirak etməlidirlər.

- Sirr deyilsə, komitə sədri hansı gələcək planlarınızın icrasında dəstək sözü verdi sizlərə?

- Qeyd etdiyim kimi, həm komitə sədri, həm də səfir Qalib İsrafilov bizə tam dəstək verəcəylərini bildirdilər. Artıq bir neçə layihənin birlikdə həyata keçrilməsi müzakirə olunub və icrasına start verilib. Düşünürəm ki, 2020-ci ildə cəmiyyətimiz daha böyük layihələrə imza atacaq və Azərbaycan diaspor təşkilatları arasında ilk yerlərdə qərar tutacağıq. Amma onu da deyim ki, bu layihələrin həyata keçməsi o qədər də asan olmayacaq. Ümumiyyətlə, diaspor quruculuğu sahəsində heç bir layihə asanlıqla həyata keçmir. Bunun qarşısını almaq istəyən qüvvələr çox olur. İnanıram ki, bunların da öhdəsindən gələcəyik və istəyimizə nail olacağıq. Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik.