Etibar etdiyimiz yerlərdə uşaqlarımıza şiddət - necə qoruyaq? 

13:01 22.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Zaman-zaman uşaq tərbiyəçilərinin, ən çox da bağçalarda işləyən insanların azyaşlılara təziq göstərmələrinin şahidi olmuşuq. Bir çox hallarda bu kameralara düşərək, bütün mətbuatda geniş müzakirələrə səbəb olub. Yaxın günlərdə belə bir halın yenə şahidi olduq. Uşaq tərbiyəçisi uşağa qarşı şiddət göstərir.

Mövzunun aktuallığını nəzərə alıb ekspertlərlə aydınlaşdırmaq istədik. Niyə uşaqlarımızı etibar etdiyimiz yerlərdə şiddətə məruz qoyurlar, gələcək özgüvənlərini əllərindən alırlar?

Bu barədə hafta.az-a danışan psixoloq İlahə Dəmirbəy dedi ki, bir insanın özündən yaşca kiçik və ya fiziki güc üstünlüyü ilə qarşısındakı adama göstərdiyi təziq şiddət adlanır. Psixoloq bildirdi ki, bu, kim tərəfindən olursa olsun, eynidir:

“Həmçinin uşaqlar arasında bir-birinə göstərdiyi şiddət də ola bilər, psixoloji şiddət də ola bilər. Əgər şiddəti bir pedoqoq edirsə, bu, böyük bir cinayətdir. Müəllim adı zaman-zaman ilahiləşib, bu ad müqəddəsləşib. Bəzi insanların bu adı belə gözdən salmağa haqqı yoxdur. Ümümiyyətlə obyektiv yanaşsaq, uşaqlarımız hər bir sahədə şiddətə məruz qala bilər. Evdə də bu baş verə bilər. Uşaqlar şiddətdən tam mühafizə olunmayıb. İstər ata-ana, istər özlərindən böyük bacı-qardaşlardan da şiddət görə bilər. Təhsil müəssisələrində isə psixoloqlar olmalıdır. Uşaqlarla işləyən müəllimlər vaxtarışı treninqlərdə iştirak etməlidirlər. Mən düşünürəm ki, hər bir təhsil müəssisəsinin rəhbəri bunu işçilərindən tələb etməlidir. Bu gün bir çox təhsil müəsissələrdə psixoloqlar olsa da, onlar öz funskiyalarını işə salmırlar. Amma bunlar işləməlidirlər. Mütəmadi uşaqlarla işləməyəcəksə, o müəssisədə heç o psixoloqa onda ehtiyac da yoxdur. Eyni zamanda uşaqlarla çalışan hər bir pedoqoq maaşdan, işin ağırlıq dərəcəsindən asılı olmayaraq, bu işi boynuna götürübsə  o məsluyyəti hiss etməlidir. Qarşısında azyaşlı olsa da bilməlidir ki, o da bir şəxsiyyətdir. Əsla onu aşağılamamalıdır. Hər bir uşağa fərdi yanaşılmalıdır. Əgər gərgin mühitdə çalışırsa o zaman istirahət götürüb əsəblərini sakitləşdirməlidir. Daha o əsəbi balaca uşağa yaşatmaq, şiddət göstərməli deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, indi bağçaları fərqli məqsədlər üçün yaradırlar. Kiminsə əlində pulu varsa, öz işini qurması üçün həyat yoldaşına, qızına, yaxınına vəsait verir:

“Müəyyən bir yer götürülür, uşaq bağçası açılır. Həmin bağçanın başında duran şəxsin öz intellekti, şəxsiyyəti, vətənpərvərliyi ilə bu dərəcədə önəmli müəssisəyə idarəçilik etməyə hazır olub-olmadığı sual altında qalır. Rəhbərlər yeni nəslin yetişdirilməsində səriştəli olmadığından bağçalara sadəcə biznes strukturu, gəlir mənbəyi kimi baxırlar. Müəssisədəki pozuntular üzə çıxdıqda isə əksər hallarda rəhbərlik edən, himayə edən şəxslər müvafiq strukturlarla əlaqə saxlayaraq, problemin üstünün örtülməsinə çalışırlar. Uşaq bağçaları belə yanaşma ilə yaradılmamalı, bu sistemlə idarə edilməməlidir. Aidiyyəti orqan artıq tədbirlər görməlidir. Cəzalandırma mütləq olmalıdır. Bağçalardakı tərbiyəçilər, müəllimlər isə xüsusi təkmilləşdirmə kursları keçməlidirlər. Formal deyil, məcburi şəkildə, xüsusi nəzarətlə proses aparılmalıdır. Həmçinin həmin bağçalarda vaxtaşırı monitorinq aparılmalı, təlimatlara necə əməl edilməsi yoxlanmalıdır”.

Oxunma sayı 45