Ətraf mühitə atılan zərərli tullantılar  

20:10 19.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir. Dünya ölkələrində bu məqsədlə elektrik və hibrid avtomobillərə üstünlük verilir. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərinin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır: “Azərbaycanda da elektrik və hibrid avtomobillərinin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar. Hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Həmin avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır”.

Nazir müavininin sözlərinə görə, Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb. Bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Həmçinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb.

Yeri gəlmişkən, atmosfer biosferin və onun bütün canlı aləminin fəaliyyəti üçün əsas ətraf mühit amili sayılır. Şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılar isə atmosfer havasının kəskin çirklənməsinə səbəb olur. Atmosfer havasının çirklənməsi ətraf təbii mühitə və insan sağlamlığına müxtəlif həyat təminatı sistemlərinin ləng və tədricən dağılmasına qədər təsir edir. İnsanın atmosferə təsiri məsələsi bütün dünya mütəxəssisləri və ekoloqlarının diqqət mərkəzindədir. Bir çox hallarda hava mühitinin çirklənməsi ekosistemin quruluş komponentlərini o dərəcədə pozur ki, nizamlayıcı proseslər onları ilkin vəziyyətinə qaytara bilmir və nəticədə homeostazın mexanizmi işləmir. 

Atmosferin çirklənmə səviyyəsi göstəricilərdə də öz əksini tapır. Çirkləndirici maddələrin təhlükə dərəcəsindən və konsentrasiyasından asılı olaraq dəyişən ümumi kompleks göstərici kimi atmosferin çirklənmə indeksindən (AÇİ) istifadə olunur. Konkret məntəqələrdə aparılan hesablamalar göstərir ki, çirkləndirici maddələrin miqdarı atmosferə hansı formada və hansı yollarla daxil olmasından asılı olaraq dəyişir. AÇİ adətən tullantıların ən yüksək orta illik göstəricisi üzrə hesablanılır. Şəhərlərdə havanın əsas çirklənmə mənbələri asılı maddələr, azot 2-oksid, benzapiren, formaldehid, fenol, karbon-sulfid və hidrogen ftoriddir. 

Əldə olunan statistik məlumatlara görə, son on il ərzində atmosferin orta illik çirklənməsi təqribən 50faizə qədər artıb. Sənaye məhsullarının istehsalı gündən günə artır ki, bu da metallurgiya, kimya, neft, qaz və kömür istehsalı sənayelərinin atmosferə atılan tullantılarının miqdarının artmasına gətirib çıxarır. Həmçinin qaz, kömür və mazutla işləyən istilik energetikasının tullantılarının həcmi də artıb. 

İri şəhərlərdə havanın yüksək çirklənmə dərəcəsi qeydə alınıb. Bu da öz növbəsində ümumi ekoloji vəziyyətin gərgin olmasını təyin edir. Atmosferin ümumi çirklənməsi bütövlükdə iqlimin dəyişməsinə, “istixana effekti”nin yaranmasına, bu isə qlobal istiləşməyə gətirib çıxarır.

Araşdırmalar göstərir ki, hazırda ətraf mühitə atılan tullantılar və zərərli kimyəvi birləşmələr atmosfer havasını, su tutarlarını, torpaqları xeyli dərəcədə çirkləndirir, bir cox yerlərdə bitki ortüyünün, meşə və yaşıllıqların azalmasına və ya tamamilə məhv olmasına səbəb olur. Sonda bu da öz təsirini nadir bitki və heyvan növlərinin azalmasaında və ya tamamilə yox olmasında göstərir. Hesablamalara görə, yanacağın yandırılmasından və istehsal prosesindən 100 il ərzində atmosferə 400 milyard tondan çox karbon 4-oksid (CO2) buraxılıb. Hazırda havaya hər il 200 milyon ton karbon 4-oksid, 50 milyon tondan çox azot oksidləri buraxılır. Təkcə hər il yanacağın istehsalı nəticəsində atmosferə təxminən 10 milyon tondan çox karbon qazı 700 milyon ton sulfat anhidridi, dəm qazı, kükürd qazı, azot oksidləri, karbohidrogenlər, 200-300 milyon ton aerozol, his və toz atılır. Müxtəlif sənaye müəssisələri atmosfer havasını, həmçinin çoxlu miqdarda karbon və kükürd qazları ilə zəhərləyir.

Böyük şəhərlərdə isə havanı zəhərləyən əsas mənbələrdən biri də avtomobillərin buraxdığı tüstü qazlarıdır. Bu qazların tərkibində 2-10 faizə qədər karbon 2-oksid (CO) olur. Sənaye şəhərlərinin havası ən çox kükürd 4-oksid (SO2) ilə zəhərlənir. Kükürd qazı ilə atmosferin çirklənməsində birinci yeri istilik elektrik stansiyaları (İES) tutur. Nəhəng İES və istilik energetika mərkəzlərinin havaya buraxdığı CO2 və SO2 qazlarının daim atmosferdə olması meşə zolaqlarına və bitki aləminə məhvedici təsir göstərir. Kükürd qazı və azot qazlarının atmosferdə çoxalması “turşu yağışlarının” yaranmasına səbəb olur. Bu cür yağışlar bütün canlı aləmə və həm də tarixi abidələrə böyük ziyan vurur.

Araşdırmalara görə, hər il planetimizin atmosferinə 100 milyon tonlarla çirkləndirici maddələr qeyri-təbii yolla atılır. Atmosferdəki maddələrin ümumi miqdarının 90 faizi qazlardan 10 faizi bərk hissəciklərdən, toz və aerozoldan ibarətdir. Məlum səbəblərdən atmosferin tərkib hissəsi olan karbon qazının miqdarı ildən-ilə artmaqdadır. Karbon qazının miqdarının atmosferdə artması ilk növbədə iqlimin dəyişməsinə təsir göstərir. Atmosfer havasının toz-tüstü və hislə çirklənməsi də iqlim dəyişməsinə şərait yaradır. Karbon qazı ultrabənövşəyi şuanı infraqırmızı (istilik yaradan) şualardan yaxşı keçirir. Bu o deməkdir ki, Yer ətrafında karbon 4-oksidin miqdarının çoxalması şüşə ilə örtülmüş istixanada olduğu kimi “istixana effekti” yaradır. Hesablamalara görə atmosferdə karbon qazının miqadarı iki dəfə artdıqda Yer kürəsində temperatur 1.4-2.3 dərəcə yüksələ bilər ki, bu da daimi buzlaqların əriməsinə və çoxlu yağıntıların düşməsinə səbəb olar. Nəticədə quru sahəsinin bir hissəsi subasmaya məruz qalar və külli miqdarda yağan yağıntılar digər ərazilərdə güclü daşqınların və sel sularının yaranmasına gətirər. Bu cür arzuolunmaz hadisələr hazırda müşahidə olunmaqdadır və hər il çoxlu sayda daşqınlar, torpaq sürüşmələri, subasma və son nəticədə insan ölümləri ilə müşayət olunur.

Hazırda Azərbaycanda da atmosferə atılan zərərli tullantıların azaldılması istiqamətində müvafiq tədbirlər görülməkdədir. Qeyd edək ki, Azərbaycan Respublikasının nümayəndələri 1992-ci ildə BMT-nin Braziliyada Rio-de-Janeyro şəhərində keçirilən “Ətraf mühit və inkişaf” konfransında “İqlim dəyişmələri üzrə Konvensiya”nı imzalayıblar. 2000-ci ildə isə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin edən Kioto Protokolu (Yaponiyada) imzalanıb. Bu tədbirlərin əsas məqsədi iqlimin istiləşməsinə və “istixana effekti”nin yaranmasına səbəb olan atmosferə atılan sənaye tullantılarının miqdarının azaldılmasıdır.  Bütün bunlar nəzərə alınaraq, Azərbaycan ekoloji vəziyyətin yaxşılaşması üzrə istiqamətlənmiş regional tədbirlərdə iştirak edir və atmosferə atılan sənaye tullantılarının azalması üzrə və iri şəhərlərin qazla işləyən nəqliyyat vasitələri tərəfindən çirklənməsinə qarşı işlər aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən illərdə atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığına da start veriblər. Hər il təşkil olunan “Təmiz hava” aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər