Ətraf mühitə axıdılan zərərli tullantıların qarşısını necə almaq olar?

19:28 06.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Səbail rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların 20-ci sahə, Badamdar və Bayıl qəsəbələrində formalaşdığı qeydə alınıb". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşova deyib.

Onun sözlərinə görə, Binəqədi və Səbail rayonlarının Xəzər sahili ərazilərində keçirilən monitorinqlər zamanı bu ərazilərdəki “Mambo Beach Hotel”, “Xəzər”, “Dəniz”, “Dərya” istirahət mərkəzlərində və ətrafdakı yaşayış massivlərində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmaması səbəbindən təmizlənmədən dənizə axıdıldığı məlum olub.

İdarə rəsmisi bildirib ki, son illər yaşayış massivlərinin genişlənməsi isə təmizlənməmiş tullantı sularının həcminin artması ilə nəticələnib: “Binəqədi rayonunda da vəziyyət eynidir. Rayonun Xocəsən qəsəbəsində yerləşən "Golden Water" və "El Babtürk" MMC-lərdə, "Bərəkət 98" firmasında və digər müəssisələrdə, eləcə də yaşayış massivlərində əmələ gələn tullantı suları da təmizlənmə prosesi keçmədən Xocəsən gölünə, oradan da dənizə axıdılır. Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, sözügedən obyektlərdən dənizə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan çoxdur."

Nazirlik rəsmisi vurğulayıb ki, hər bir fiziki və hüquqi şəxs, rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün tez bir zamanda ciddi tədbirlər görməlidir.

Qeyd edək ki, Xəzər dənizi problemləri içərisində dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son zamanların ən mühüm problemlərindəndir. Mütəxəssislər bildiriblər ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində, hövzəsində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Belə ki, ölkənin sahil zolağında yerləşən rayonların əksəriyyətində tullantı sularının təmizlənərək dənizə axıdılması üçün təmizləyici qurğular quraşdırılmadığından və ya quraşdırılan qurğuların fəaliyyətləri qənaətbəxş olmadığından qeyd edilən ərazilərdə formalaşan müxtəlif tərkibli qarışıq tullantı suları təmizlənmədən təbii axarlara və Xəzər dənizinə axıdılır. Bu da nəticə etibarilə həmin rayonların sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir.

Yeri gəlmişkən, bir neçə ay öncə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilmişdi.  “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR, Azərkimya İstehsalat Birliyi, Beynəlxalq Dəniz Ticarət Limanı,  BP şirkəti, “Metanol” MMC, “AzGerneft” MMC, Neft Emalı Zavodu,  “Azər Yod” MMC və s. idarə, müəssisə və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması, müasir texnoloji yeniliklərin tətbiqi istiqamətində müzakirələr aparılmışdı.

Müzakirələrdə nazirliyin mütəxəssisləri tərəfindən Xəzərin çirklənməsinin qarşısının alınması yolları göstərilmişdi, tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilmişdi. Eyni zamanda, müasir tələblərə cavab verən təmizləyici qurğuların tətbiqi olmadan çirklənmənin qarşısının alınmasının mümkünsüzlüyü diqqətə çatdırılmışdı. Lakin buna baxmayaraq sözügedən problem bu gün də var və bəzi obyektlər Xəzəri çirkləndirməkdə davam edirlər.

Vurğulamaq yerinə düşər ki, “Ətraf mühitin mühafizəsi” haqqında qanuna görə, müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir. Sənəddə qeyd olunub ki, müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmalıdır. Təsdiq edilmiş layihənin və ya işlərin smeta sənədlərində göstərilmiş dəyərinin ətraf mühitin zərərinə olaraq dəyişdirilməsinə yol verilmir.Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlər görülməlidir.

Bundan başqa, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi məsələsinə gəlincə, ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Zərərin ödənilməsinə görə alınan məbləğlər ətraf mühitin mühafizəsi fondlarına, qanunvericiliklə müəyyən edilmiş hallarda isə zərər çəkmiş hüquqi və ya fiziki şəxsin hesabına köçürülür. Ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər.

Digər tərəfdən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vətəndaşların həyatına və əmlakına vurulmuş zərər, zərər çəkənin əmək qabiliyyətinin itirilməsi dərəcəsi, onun müalicəsi və sağlamlığının bərpası üçün tələb olunan xərclər və itkilər nəzərə alınmaqla tam həcmdə ödənilməlidir. Vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin həcminin müəyyən edilməsi qüvvədə olan qanunvericiliyə uyğun, zərərin ödənilməsi isə məhkəmənin qərarı əsasında həyata keçirilir. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir.

Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin doqquzuncu fəsilində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar təsbit olunub. Həmin məcəllənin 76-cı maddəsində qeyd edilib ki,

ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. Ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 506