“Avro çökərsə, Avropa Birliyi də dağılacaq“

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ziya Öniş: “Dünyanı bürüyən indiki böhranları yaradan Çindir“

Bu gün dünya ölkələrini iqtisadi-sosial böhran çökdürməkdə davam edir. Yunanıstan və Portuqaliyada alovlanan böhran nəticəsində ayağa qalxan yüz minlərcə insan öz hökumətlərindən yaşadıqları əzablara son qoymaları tələbi ilə küçələrə axışdı. Hətta bir çoxları bu prosesi müsəlman-ərəb dünyasında xalq qiyamları təşkil etdiyi üçün Allah tərəfindən Avropaya verilmiş cəza hesab edilib. Amma üsyanlar ABŞ, Kanada və sair kimi ölkələrə də yayılanda, iqtisadçılar və sosioloqlar hadisələri dərindən analiz etməyə ruhlandılar. Nəhayət ki, ilkin araşdırmaların sonunda dünyada sosial partlayışların gücləndiyi üzə çıxıb. Elə bizimlə həmsöhbət olan Türkiyənin Koç Universitetində beynəlxalq siyasi-iqtisadiyyat üzrə professor Ziya Öniş də bu qənaətdədir ki, hazırda dünyada Asiya tipli kapitalizm inkişaf etməkdədir. Belə kapitalizmin fərqi isə ondadır ki, burada demokratiya olmur. Bu halda isə avtoritar sistemlərin möhkəmlənməsi prosesi baş verir və sonda ziyan kütləyə dəyir.
- Qlobal iqtisadi böhran 3 il öncə Birləşmiş Ştatlarda başlayıb və dünya ölkələrini ciddi təsirə məruz qoyub. Bu gün ABŞ borc içindədir, Avropa isə daxili problemlərini həll edə bilmir. Digər yandan da Çin kimi ölkədə iqtisadi inkişaf çox sürətlə irəliləməkdədir. Ona görə də qlobal böhranın aradan qalxıb-qalxmamasından asılı olmayaraq Çinin məsuliyyəti böyük olacaq.
- Çin nə edə bilər?
- Çin daha çox mal ixrac etmək üçün milli valyutasının dəyərini bilərəkdən aşağı salır, yəni malları real qiymətdən çox ucuz satır. Bu isə dünyada indiki problemləri yaradan siyasi strategiyadır. Sonra da ki, indi Çinlə yanaşı Braziliya, Rusiya və Hindistan da sürətlə inkişaf etməkdədir. Yəni ABŞ hələ supergüc olaraq qalsa da, hazırda dünyanı təkbaşına idarə etmək iqtidarında deyil.
- Bəs Avropada vəziyyət necə olacaq, xüsusilə də avronun taleyini soruşuram...
- Fikir verin: Avropa Birliyində qlobal problemlər əvvəlcə daha kiçik ölkələr olan İrlandiya, İslandiya və Macarıstanda baş qaldırdı. Son vaxtlar isə Yunanıstanda, Portuqaliyada, ardıyla da İtaliya və İspaniya kimi iri ölkələrdə böhran başladı. Məhz Avropanı vuran ikinci dalğa adlandıra biləcəyimiz İspaniya - İtaliya böhranı Avropa pul birliyini - avronu sarsıtmaqdadır. Ümumiyyətlə, avro layihəsində ilk başdan ciddi dizayn problemləri vardı. Burada ən böyük problem budur ki, Avropada Avro adlı ümumi pul vahidi var, amma üzv ölkələrin maliyyə siyasəti tamam fərqlidir.
- Deməli, avronun gələcəyi qaranlıqdır...
- Avro çökərsə, Avropa Birliyi də dağılacaq. Hazırda Yunanıstanın “dizləri yerdədir“, amma digər birlik ölkələri onu bacardıqca yıxılmağa qoymurlar, bu isə uzun çəkməyəcək. Hansı ki, küçədəki alman və ya fransız “nəyə görə qazandığımı yardım adıyla kiməsə verməliyəm“ deyir. Amma yuxarı təbəqə - siyasi hakimiyyətlər avronun Almaniya və Fransa iqtisadiyyatına müsbət təsirinə inanır və sadə almanları və fransızları da razı salır. Bu səbəbdən də Yunanıstanı tək qoymayacaqlar. Özü də onlar Avropa ideyalarından daha çox şəxsi mənfəətlərini güdürlər. Axı onların iri bankları milyardlarla avro borc veriblərg - İndi çoxları deyir ki, kapitalizmi sosializm əvəz etməlidir...
- Öncə soruşun ki, bu gün çökən hansı kapitalizmdir? Dünyada müxtəlif kapitalizmlər mövcuddur. Məsələn, Amerika modeli ilə müqayisədə Avropa kapitalizmində sosial haqların ön sırada dayandığını görürük. İndiki böhran insanları Avropadakı sosial bazar iqtisadiyyatından uzaqlaşdırır. Bu isə kapitalizmin çökməsi deyil, sadəcə, Avropa tipli sosial dövlət modelinin dağılması riskini artırır.
- Belə çıxır ki, Avropa Çin modelini seçməlidir?
- Avropa bu modeli heç vaxt yaxına buraxmaz. Çünki orada demokratiya yoxdur və insanların rifahı nəzərə alınmır. Avropada isə tarixən rifah və demokratiya bərabər inkişaf edib. İndiki halda böhran irqçilik, islamla düşmənçilik, populizm və sairi gücləndirir. Qlobal böhranın təsiri ilə həm də sağ və ya daha millətçi partiyaların gedərək güclənməsi, əvəzində isə solların zəifləməsi baş verir. Fikir verin: Amerikada demokratlar Avropa tərzli proqramlarla hakimiyyətə gəldilər, amma son anda xalqın etmadını itirdilər. Elə götürək ərəb dünyasında baş verən inqilabları. Monarxiyalar ləğv edilə bilər, amma onların yerinə gələnlərin liberal demokrat olacağına təminat verilmir. Yəni monraxiya ilə demokratiya arasında yarıavtoritar rejimlər ortaya çıxa bilər. Məsələn, Türkiyədə artıq belə bir təhlükə mövcuddur.
- Avropa Birliyinin gələcəyini necə görürsünüz?
- Məncə birlik indikindən daha güclü əsaslar üzərində davam etdirəcək. Maliyyə bazası daha da möhkəmləndiriləcək və bunun əsasında indikindən də güclü maliyyə birliyi formalaşacaq. Yeri gəlmişkən, Britaniya və Skandinav ölkələri onsuz da Avropanı belə görmək istəyirlər. Belə olacağı təqdirdə Avropa Birliyi çökməyəcək, əksinə müəyyən qədər genişlənəcək və hətta Türkiyənin də bu birliyə qoşulmaq şansları yaranacaq.
- Belə bir söhbət var ki, indiki kimi böhranlardan çıxmaq üçün adətən müharibələr törədilir. Bu fikri bölüşürsünüz?
- Belə vəziyyətdə risklər böyük olur, bu təbiidir, amma görürsünüzmü, hazırda müharibələr əvvəlki dövrlərlə müqayisədə daha azdır. Unutmayın ki, böhran vəziyyətində müharibə ölkələr arasında deyil, onların öz içlərində yaranır. Hansı ki, bunu Liviyada, Suriya və Yəməndə, Misirdə, xalqların meydanlarda haqqını tələb etməsi şəklində Yunanıstanda, İspaniyada, hətta ABŞ-ın özündə görürük.
- Türkiyənin özündə vəziyyət necə olacaq? Yəni qlobal proseslərin axarında Türkiyənin nə dərəcədə təsirə məruz qalacağını soruşuram...
- Öncə nəzərə alaq ki, hazırda Türkiyədə sürətli inkişaf prosesində daxili sərmayələrin miqdarı kəskin azalıb, əvəzində isə xaricdən gətirilən yatırımların həcmi artıb. Ona görə də burada risk amilini güzdən qaçırmaq olmaz. Türkiyənin dünya ölkələri ilə ticarətində son illər Avropanın payı azalıb, əvəzində isə Yaxın və Orta Şərqin, Afrikanın mövqeyi güclənib. Bu isə ölkə üçün çox təhlükəli xəbərdarlıqdır. Bilirsiniz niyə, ona görə ki, Türkiyə məhsulları Avropaya satacağını düşündüyü təqdirdə istehsal etdiyi malın keyfiyyətini, texnologiyasını ciddi nəzarətdə saxlamalı olurdu. Asiya və Afrika ölkələrinə satılan məhsullarda isə keyfiyyət və texnologiya nəzərə alınmır. İndi isə görürsünüz, Türkiyə əsas sərmayəni Avropadan deyil, ərəb ölkələrindən cəlb etməyə başlayıb. Bunu nəzərə alsaq, deyə bilərəm ki, Türkiyə Avropadan və ümumiyyətlə Qərbdən uzaqlaşdıqca gələcək inkişafında mənfi fəsadların yaranmasına imkan açacaq.
Vüsal Tağıbəyli
Oxunma sayı 148