“Evdə qalan hər kəs immunitetini gücləndirməlidir” – Elif Dinçerlər

16:30 20.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən dörd aydır koronavirus pandemiyasının ağrı-acısını yaşayan dünya ictimaiyyəti, yaşadıqları ölkələrdən asılı olmayaraq həyatlarını karantinin şərtlərinə uyğunlaşdırıblar. O cümlədən, Azərbaycan və həmsərhəd olan ölkələrin insanları da.

Maraqlıdır, karantin şəraitində yaşayanlar özünütəcrid rejiminə necə uyğunlaşmalı, bunun xeyiri və zərəri nələr ola bilər?

Suallara aydınlıq gətirən Üsküdar Universitetinin doktoru, dietoloq-alim Elif Dinçerlər Covid-19-a sinər gərmək üçün nəyi yeyib-içməklə bağlı fikirlərini bölüşdü.

- İndi elə vəziyyətdəyik ki, hər bir insan ilk növbədə immunitet sistemini gücləndirməyə çalışmalıdır. Bunun üçün isə sağlam qidaya üstünlük verməli, doyunca və vaxtında yeməlidir. Şəxsən mən bütün fəaliyyətim dövründə məsləhət almaq üçün yanıma gələn vətəndaşlara bu tövsiyyələrimi verirəm. Karantin şəraitində olduğumuz üçün online qaydada məsləhət alanlara da eyni fikir bildirirəm. İnsan orqanizmində yaranacaq hər bir tibbi narahatlığın kökündə mütləq mənada sağlam olmayan və zamansız yemək yemə halları dayanır.

- Karantindən əvvəlki dövrdə insanların iş-gücü olur, gəzir-dolaşır, bir sözlə, hər gün müəyən qədər enerji sərf edirdilər və qidalanmaları da məhz yandırdıqları enerji ilə tənzimlənirdi. Bu gün isə sosial özünütəcrid vəziyyətindən asılı olaraq əsasən passiv həyat sürdürür insanlar, bu halda necə qidalanmalıdırlar, virus və bakteriyalara qarşı immunitetlərini necə gücləndirməlidirlər?

- Sosial özünütəcrid günlərində immuniteti gücləndirmək üçün yuxu normasına diqqət vermək ilk şərtdir. Səhər gec qalxaram deyib, gecə yarısı yatmaq böyük xəta olardı. Yatmaq üçün rejim müəyyənləşdirilməlidir. Məsələn, axşam saat 11-də yatıb, səhər saat 7-də qalxmaqla orqanizmi 8 saatlıq yuxu normasına uyğunlaşdırmaq olar. Amma bir şərtlə ki, “onsuz da 8 saat yatıram” deyib, yatmaq və qalxmaq vaxtını tez-tez dəyişmək olmazdı. Yəni axşam saat 11-də yatmağa vərdiş edən orqanizmi bir gün saat 12-də, bir gün 10-a, başqa bir gün isə gecə saat 1-ə yatmağa məxbur eləmək təhlükəli nəticələr verir. Bundan başqa, yetərli miqdarda maye qəbul etmək lazımdır. Qidalanma da vacib faktordur. Bayaq dediyim kimi, orqanizmin tələbatını ödəyə biləcək fərqli qidalar qəbul olunmalıdır. Yetərli və vaxtında qidalanmalıyıq ki, orqanizmin ehtiyac duyduğu vitamin, mineral, yağ, karbonhidrat kimi zəruri maddələri bədəndə depolaya bilək. Bunlardan hər hansı biri çatışmadıqda orqanizm normal funksiyalını yerinə yetirməkdə çətinlik çəkməyə başlayır və bu da nəticədə immunitetin zəifləməsinə gətirib çıxarır. Xüsusilə də indiki dövrdə, immunitetin zəifləməsi biz insanları koronavirus təhlükəsi ilə üzə-üzə qoyar.

- Gündə üç dəfə qidalanma normasının olduğunu hər kəs bilir. Amma bəzən kimsə acmadığını əsas götürərək, məsələn, günorta naharını daha gec və ya tez yeyir. Eləcə də səhər və axşam yeməklərini. Bu barədə də tövsiyyənizi alaq...

- Səhər yeməyinin vaxtı saat 8-10 arası, naharın vaxtı günorta 12-14 arasıdır. Axşam yeməyi isə saat 18-20 arasında yeyilməlidir. Bu cür yemək rejimi adamlara gün ərzində “acmışam” deyib əlavə nəsə yeməsnin də qarşısını alır. Hə, həm də gündəlik qidalanma menyüsündə, məsələn, səhər qəhvəaltısında təzə tərəvəzlərin, xüsusilə də cəfəri, şüyüd, yaşıl və qırmızı bibərlərin olması vacibdir. Naharda və axşam menyüsündə isə xörəyin yanında ancaq salat ola bilər. Ola bilər ki, bu üç yemək arasında nəsə atışdırmaq istəyərsiniz, mən bu halda ancaq meyvə tövsiyyə edərdim. Qısası, daha sağlam və viruslara qarşı güclü olmaq istəyirsinizsə, gün ərzində daha çox təzə tərəvəz yeyin.

- Meyvə-tərəvəzi seçmək də problemdir. Geni dəyişdirilmiş meyvələrindi koronavirusdan heç də az təhlükəli deyil...

- Bu şübhəyə düşməmək üçün çalışıb mövsümə uyğun meyvə-tərəvəzi yeməliyik. İnandırım ki, ən çox vitamin məhz mövsümi meyvə-tərəvəzlərdə var. Elə etməliyik ki, gündəlik menyümüzdə fərqli meyvə və tərəvəzlər olsun. Məsələn, hər gün portağal yeməkdəns, bu gün portağal, sabah çiyələk, birisigün kivi yeməliyik ki, bütün vitamin və aminturşuları orqanizmimizdə toplaya bilək. Bəzi adamlar bir oturuma üç-dörd cür meyvəni yeyib durur ayağa, bu olmaz. Ondansa həmin meyvələri ayrı-ayrılıqda günün fərqli saatlarında yeyəsiniz. Bu zaman bədənə faydası daha çox olar. Çünki, məsələn, orqanizm günün birinci yarısında yediyiniz portağalın qalıqlarını atır, yerinə günorta yediyiniz çiyələyin vitaminlərini qəbul edir. Ümumiyyətlə, yaşılyarpaq tərəvəzlər, kərəviz, pencər, qırmızı bibər, yabanı mərsin, ananas, kətan toxumu, qoz və limon kimi meyvə və tərəvəzlər immuniteti gücləndirən əsas vasitələrdir.

- Bəs evdə qalmaqla orqanizmin passivləşməsinin qarşısı necə alınmalıdır?

- Çox sadə, gimnastika ilə məşğul olmalı, yeri gələndə bir musiqiyə rəqs etmək olar. Bütün bunlar evdə olduğunuz müddətdə orqanizmin fəaliyyətini artırar, necə deyərlər, enerji sərf etməyinizə kömək göstərər. Bir çoxlarının evində idman avadanlıqları olur ki, onlardan istifadə etməklə yaxşı nəticə almaq olar.

 

Oxunma sayı 697