“Eurovision -2012“ ilə bağlı 3 məkanda hazırlıq işləri aparılır

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərbaycanda “Eurovision -2012“ müsabiqəsinin keçirilməsi ilə bağlı hazırda Bayraq Meydanında sürətli tikinti gedir. Eyni zamanda, ehtiyat variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunda da təmir aparılır. Bu stadion “Eurovision“ müsabiqəni qəbul edə bilər“. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də müsabiqəni qəbul etməyə hazırdır: “Lakin həmin binanın müasir standartlara uyğunlaşdırılması üçün müəyyən işlər görülməlidir. Biz müsabiqənin keçirmək üçün heç bir problem görmürük. İnanıram ki, Azərbaycan 2012-ci ilin mayında müsabiqəni çox layiqli şəkildə təşkil edəcək“. A.Rəhimov həmçinin Azərbaycanda gənclərin sosial ipotekadan faydalana bilməməsi barədə səsləndirilən fikirlərə də münasibət bildirib. O, deyib ki, Gənclər və İdman Nazirliyi sosial ipotekanın faiz dərəcəsinin aşağı salınmasını təklif edib: “Biz istəyirik ki, sosial ipotekalarda faiz dərəcələri azaldılsın. Hazırda bu növ ipotekalar illik 4 faizlə verilir. Lakin biz bunun iki faizə endirilməsini təklif etmişik. Faiz dərəcəsi azaldılaraq iki faizə ensə, daha yaxşı olar və gənclər üçün daha artıq imkanlar yaranar. Biz çox istərdik ki, ipoteka alarkən ilkin ödəmə də tam aradan götürülsün“. Nazir hazırda sosial ipoteka üçün 1 nəfərə verilən 35 min manatın mövcud reallığa uyğun olmadığını və bu məbləğin artırılmasının təklif edildiyini vurğulayıb: “Bundan başqa biz həm də ipoteka məbləğinin artırılması təklifini irəli sürmüşük. İnanırıq ki, təkliflərimiz həyata keçiriləcək“.