Fermer təsərrüfatlarında son durum: kəndli iş başındadır

11:42 03.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla əlaqədar ölkədə karantin rejiminin sərtləşdirilməsi fonunda ictimaiyyət arasında müzakirə olunan əsas məsələlərdən biri də kənd təsərrüfatı ilə bağlıdır.

Heç şübhəsiz ki, bütün qonşu dövlətlərlə sərhədlərini bağlamış ölkəmizin ərzaq təhlükəsizliyinin təmini ön plandadır . 20 aprelə kimi uzadılmış karantin dövründə əhalinin ərzaq təhlükəsizliyini dövlət təmin edə biləcəkmi? – sualı indi hər kəsi düşündürür. Ərzaq anbarlarımızın kənd təsərrüfatı məhsulları ilə dolu olub-olmaması ictimaiyyəti düşündürən əsas suallardandır. Üstəlik, karantin dövründə fermerlərin, təsərrüfatda çalışan kəndlilərin əkin sahələrinə işə çıxıb-çıxmaması məsələsi də mövcuddur.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, ərzaq və kənd təsərrüfatı ilə əlaqədar olaraq heç bir problem yaşanmır. Ehtiyat tədarükü hələ bu ilin yanvar ayından görülüb.

Nazirliyin sözçüsü Vüqar Hüseynov hafta.az-a açıqlamasında onu da deyib ki, ciddi karantin dönəmi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalar arasında fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması da icazə verilən sahələr arasındadır:

“Fermerlər sərbəst şəkildə öz təsərrüfatlarında fəaliyyət göstərə bilərlər. Bunun üçün heç bir məhdudiyyət tətbiq edilmir. Təbii ki, biz fermerlərə tövsiyyə edirik ki, şəxsi təsərrüfatlarında fəaliyyət göstərərkən dezinfeksiya qaydalarına, virusun yayılmasının qarşısını almaq üçün müəyyən edilmiş təlimatlara riayət etsinlər”.

Kənd təsərrüfatı üzrə mütəfəssis Elçin Bayramov deyir ki, karantin dövründə əhalinin evdə qalması fermerlərə və əkin sahələrində çalışanlara heç bir aidiyyatı yoxdur. Çünki təsərrüfatda çalışanlar dezinfeksiya qaydalarına riayət edərlərsə, burada heç bir problemdən söhbət gedə bilməz:

“Yaxşı olardı ki, onlar işə başlamamışdan əvvəl və sonra təmasda olduğu ləvazimatları dezinfeksiya etsinlər. Eyni zamanda öz şəxsi gigyenik qaydalarına fikir versinlər. Təsərrüfatda çalışan adamlar zəhmətkeşlərdir. Möhkəm insanlardır. Ummunitetləri güclüdür. Bu baxımdan təhlükə də azdır. Üstəlik, kiçik və orta fermer təsərrüfat sahələrində toplu şəkildə insanlar işləmir. Əsasən ailə üzvləri bündəlik əkin-biçinlə məşğul olurlar. Başqa insanlarla təmas da demək olar ki, yox səviyyəsindədir. Bu baxımdan, fermerlərə, zəhmətkeşlərə qadağa və evdən çıxmamaq kimi qadağaların tətbiqini məqbul saymıram. Çünki onlar əhalini zəruri və gündəlik təlabat məhsulları ilə təmin edirlər. İndi sərhədlər bağlanıb. Yük daşınması, idxal əməliyyatları demək olar ki, sıfıra endirilib. Belə olan halda ən böyük yük kənd təsərrüfatında çalışan zəhmətkeşlərimizə və fermerlərimizə düşür”.

Koronavirusla əlaqədar olaraq ciddi karantin dönəmində təsərrüfat sahələrinin hansı durumda olmasını yerində araşdırmaq üçün Şəmkir, Samux və Göygöl rayonları ərazisindəki əkin-biçin sahələrinə baş çəkdik. Fermerlərin, kənd zəhmətkeşlərinin işə çıxıb çıxmadığını gözlərimizlə görmək istədik. Hər üç rayonun bir – birinə qonşu olan fermer təsərrüfatlarında koronavirusun təsirlərini demək olar ki, görmədik. Fermerlərin fəaliyyəti əvvəlki qaydada davam edir. Traktorlar işləyir, yer şumlayır, “ütüləyir”, texnikalar kultivasiya işləri aparır. Kəndlilər və ya təsərrüfat sahibləri də işlərinin başındadırlar. Onların bəziləri kartof tarlalarını “cızlayır”, bəziləri şum arpa, yonca və taxıl sahələrinə şum suyu vururlar. Bəziləri isə yonca sahələrindən ilk məhsullarını götürür. Fermer Vəli Osmanov deyir ki, indi hamı əkininin başındadır. Hətta iş o yerə çatıb ki, artezian növbələri uzanır. Yəni, koronavirus heç bir kəndlinin, fermerin gündəlik iş fəaliyyətinə təsir etməyib:

“İndi yazdı, hamı işinin başındadı. Vədə başı məhsul götürmək üçün səy göstəririk. Bu il yağıntı yaxşı oldu. Məhsul bolluğu olacaq. Mən taxıl əkmişəm, yonca sahəm də var. Birinci baş ot bağlamasından 700-ə yaxın “pres” götürdüm”.

Başqa bir fermerə yaxınlaşırıq. Qasım Məmmədov çuğundur əkib, məhsuldarlığın yaxşı olduğunu söyləyir:

“Dövlət subsidiya ayırıb, gübrə verib. Ta nə istəyirik, hər şey yaxşıdır. Ara-sıra su problemi yaşayırıq. Onu da özümüz öz gücümüzə həll etməyə çalışırıq”.

Üç hektar yarım sahədə arpa əkən Tahir Həsənov isə bildirir ki, dezinfeksiya işlərinə ciddi əməl edir. Hər gün əlini tibbi spirtlə dezinfeksiya edir:

“Traktorda da, maşında da spirt saxlayıram. Təmasda olduğum hər şeyi spirtləyirəm. Çünki evdə körpə nəvələrim var. Hər şeyi ailəmiz, onların təhlükəsizliyi üçün edirik”.

Tahir kişi bu il məhsuldarlığın yağıntının bol olması səbəbi ilə yaxşı olduğunu söyləyir. Su kanallarından da əlavə su da götürə bilir. Müşahidələrimiz əsasında onu da gördük ki, bir təsərrüfat sahəsində 2-3 nəfərdən çox adam olmur. Yəni, kütləvi toplaşma halları təsərrüfat sahələrində də müşahidə edilmir. Ən çox eyni təsərrüfat sahəsində 6-7 nəfərin çalışdığını gördük, onlar da eyni ailənin üzvləridir. Bir sözlə kənd təsərrüfatı sahəsində çalışanlar işlərinin başındadır.

Oxunma sayı 228
Sosial rubrikasından digər xəbərlər