“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur“

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur“ mövzusunda beynəlxalq konfransın açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə, UNESCO-nun “İnformasiya hamı üçün“ proqramının Azərbaycan Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ənənəvi nəşrlərin elektron formaya çevrilməsindən danışıb. O qeyd edib ki, hazırda əhalinin bütün təbəqələrinə ödənişsiz xidmət edən, dövlətin fasiləsiz informasiya və təhsil siyasətini təmin edən kitabxanaların fəaliyyətinin gücləndirilməsi aktual problemlərdən sayılır. Tədbirdə çıxış edən Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin bu sahədə Azərbaycanla sıx əməkdaşlığa hazır olduqlarını dilə gətirib. Səfir həmçinin konfransın işində uğurlar arzulayıb. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva isə çıxışında 18 oktyabr tarixinin Azərbaycan dövləti üçün çox önəmli olduğunu xatırladıb və konfransın belə bir günə təsadüf etməsini xüsusi vurğulayıb. O, konfrans iştirakçılarına Azərbaycanın Dağlıq Qarabağ problemi haqda danışıb və bu ərəfədə ərazilərimizdə çoxsaylı kitabxanalardakı, nadir nüsxələrin dağıldığını, məhv edildiyini deyib. Xatırladaq ki, ikigünlük konfransda bir sıra maraqlı məruzələr dinləniləcək və master-klasslar keçiriləcək. Konfrans çərçivəsində həmçinin Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçiriləcək.

Nigar
Oxunma sayı 239