Fəxri prezident "Neftçi"ni təriflədi

12:27 04.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Etiraf etmək lazımdır ki, "Neftçi" gözəl komandadır. Hələ ilk görüşdən onların möhkəm rəqib olduğunu anlamışdım. Bakıda isə meydan sahbləri tulalıları bir çox komponentlərdə üstələdi".

Hafta.az-ın məlumatına görə, bunu Rusiya Futbol İttifaqının prezidenti Vyaçeslav Koloskov "Neftçi"nin Tula "Arsenal"ını Avropa Liqasının II təsnifat mərhələsində üstələməsini şərh edərkən "Sport Ekspress"ə müsahibəsində deyib.

Koloskov flaqmanın ilk növbədə, fərdi ustalıqda rəqibdən güclü olduğunu vurğulayıb: "Mən Rusiya Premyer Liqasının genişlənməsi əleyhinə dəfələrlə çıxış etmişəm. Bu oyun göstərdi ki, bizdə 16 klub üçün keyfiyyətli futbolçu çatışmır. Siz isə 18 klub istəyirsiz? Mən hələ maliyyə problemləri barədə danışmıram. Təsadüfi deyil ki, aparıcı klublar ciddi legionerlər almağa başlayıblar. Anlamaq lazımdır ki, iş pasportda yox, yaşda, keyfiyyətdədir". 

Onun sözlərinə görə, "Arsenal" "Neftçi"yə təkcə fiziki hazırlıq baxımından uduzmayıb. Qalan amillər - sürət, texnika, fərdi keyfiyyətlər, oyun anlayışı "ağ-qaralar"ın tərəfində olub. Koloskov ən böyük çatışmazlıq kimi isə ötürmələrlə oynama bacarığının olmamasını göstərib. Fəxri prezidenti Rusiya klubunun hücumçusu Yevgeni Lutsenkonu da cavab oyunundakı çıxışına görə tənqid edib: "Soyadlar sadalamaq istəmirəm. Amma "Neftçi" ilə görüşdə yeganə mərkəz hücumçusu bir dəfə də topu qəbul etməyə girişmədi. Bu, texniki ustalığın aşağı səviyyədə olmasından irəli gəlir". 

Qeyd edək ki, "Neftçi" "Arsenal"ı səfərdə 1:0, evdə isə 3:0 hesablı qələbələrlə üstələyib.