FHN-in Akademiyasına kursant qəbulu elan edilir

20:36 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

FHN-dən hafta.az-a verilən məlumata görə, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Onlar müvafiq rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 ya¬şı 15 sentyabr 2020-cu ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2020-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər iyun ayının 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Abituriyentlər aşağıda qeyd edilmiş telefon, “WhatsApp” və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları:  (012) 512-41-61;  (012) 512-41-20.

WhatsApp: (050) 226 77 41

Email: [email protected]

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.

Sosial rubrikasından digər xəbərlər