Bakıda Beynəlxalq Humanitar Forum öz işinə başladı

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev: “Bizim gücümüz birliyimizdədir“

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin dəstəyi ilə “Gülüstan“ sarayında “XX1 əsr: ümidlər və çağırışlar“ mövzusunda Beynəlxalq Humanitar Forum keçirilir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılışında iştirak ediblər. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda baş tutan Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələri rəhbərləri, ictimai xadimlər iştirak edir.
Forum çərçivəsində plenar iclaslardan başqa, bir neçə panel, o cümlədən “İqtisadi inkişaf modellərinin humanitar aspektləri“, “Dünyanı dəyişdirən müasir texnologiyalar“, “Postmodernizm mədəniyyətində ənənəvi dəyərlər sistemi“, “Sosial jurnalistika və yüksək texnologiyalar“, “Biotexnologiyalar və etika problemləri“ mövzularında diskussiyalar olacaq.
Prezident İlham Əliyev forumun keçirilməsi ilə bağlı Azərbaycan və Rusiya ziyalılarının irəli sürdüyü təşəbbüsün iki ölkənin dövlət başçıları tərəfindən dəstəkləndiyini deyib və bu forum çərçivəsində aparılacaq fikir mübadiləsinin humanitar sahədə əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyini qeyd edib. “2008-ci ildə humanitar əməkdaşlıqla bağlı başlayan Bakı prosesi uğurla inkişaf edir və növbəti illərdə bu proses davamlı olacaq“, - deyən dövlət başçısı 2009-cu ildə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin toplantısının, 2010-cu ildə Bakıda dünya dini liderlərinin zirvə görüşünün keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu tədbirlər svilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfə verib. Bu ilin aprelində Bakıda mədəniyyətlərarası dialoq forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixə düşüb. Beynəlxalq Humanitar Forum isə bundan sonrakı arzuların reallığa çevirilməsində mühüm rol oynayacaq. “Azərbaycanın coğrafi vəziyyəti ölkəmizin inkişafına da təsir edib və bizim gücümüz bizim birliyimizdədir“ deyən prezident İlham Əliyev ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havasının Azərbaycanı daha da gücləndirdiyini deyib. Bildirib ki, ölkədə aparılan siyasi-iqtisadi islahatların məqsədi Azərbaycan vətəndaşlarının daha yaxşı yaşamasıdır. Ölkəmizdə tərəqqinin humanitar sektorun də inkişafına təsir göstərdiyini deyən dövlət başçısı bu sahədə təhsil sektorunda aparılan islahatların və qara qızılı insan kapitalına çevirmək ideyasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən vurğulayıb ki, münaqişə nəticəsində ölkəmizə xeyli maddi-mənəvi zərbə vurulub, 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib. BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, bu qərarların həyata keçirilməsi hələ də mümkün olmayıb. Qaçqınların sayına görə Azərbaycan dünyada birinci yerdədir. “Amma ölkəmizin əldə etdiyi uğurlar bizi daha da ruhlandırır“, - deyən prezident İlham Əliyev Azərbaycanın dünyada olan siyasi və iqtisadi təşəbbüslərinin xalqımızın daha yaxşı yaşamasına və qonşu ölkələrlə əlaqələrin güclənməsi məqsədi daşıdığını bildirib.
Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib. Bakı forumun dünya elitasının diqqət mərkəzində olduğunu deyən Sergey Narışkin forumun plenar iclasında və dəyirmi masalarda müzakirə ediləcək mövzuların aktuallığına toxunub. O, Rusiya prezidenti Dmitri Medvedyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl deyib ki, dünyada baş verən bir çox hadisələr insan həyatına təsirsiz ötüşmür və odur ki, humanitar məsələlərlə bağlı bütün təşəbbüslər təqdirəlayiqdir. Bakı kimi gözəl şəhərdə yenidən olmaqdan məmnunluğunu ifadə edən Süleyman Dəmirəl dövlət müstəqilliyimiz ərəfəsində Bakıya gəlməkdən şad olduğunu bildirib. Ötən illərdə Azərbaycanın inkişaf etdiyini və güclü icmanın üzvünə çevrildiyini deyən Türkiyənin 9-cu prezidenti bütün bunların xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu, “iki dövlət, bir millət“ ideyasının son 20 ildə Türkiyə-Azərbaycan əməkdaşlığında mühüm əhəmiyyət daşıdığını bildirib.
“Mədəni irs daima predmetlərin müzakirəsi üçün mürəkkəb olub. Lakin məhz dialoq bütün mümkün problem və ziddiyyətlərin həlli üçün əsas vasitə olub“. Bu fikirləri isə Rumıniyanın eks-prezidenti Emil Konstantinesku səsləndirib. “Biz müxtəlif mədəniyyətlərin sıx qarşılıqlı əlaqədə olduğu ünsiyyət üçün açıq olan cəmiyyətdə yaşayırıq. Biz məhz mədəni diplomatiya vasitəsilə bütün maneələrin öhdəsindən gələ və daha böyük şeylərə ümid edə bilərik“, - deyə o çıxışı zamanı bildirib. Konstantineskunun fikrincə, dünyada “insan sifətli kapitalizm“ qurmağın vaxtı çatıb.
Təşkilatçıların humanitar məsələlərə həsr olunmuş forumun keçirilməsinə dair qərarı ən yüksək qiymətə layiqdir. Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi belə hesab edir.
“Bu müasir dünyanın ən mühüm aspektlərindən biridir. Bütün müasir nailiyyətlərdən şərə deyil, xeyirə istifadə etmək lazımdır“, - Sadovniçi bazar ertəsi Bakıda işə başlayan “XXI əsr: ümidlər və çağırışlar“ Beynəlxalq Humanitar Forumunun açılışında deyib. Onun sözlərinə görə, cəmiyyət və siyasət yeni humanitar alətlər tələb edir. “Bu gün texnokratik yanaşma humanitar yanaşma üzərində üstünlük təşkil edir və forumdakı müzakirələrin predmeti məhz bu məsələlər olacaq“, - MDU-nun rektoru deyib. Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı gözəl münasibətlər birləşdirir, o cümlədən təhsil sahəsində parlaq humanitar əməkdaşlığa çoxsaylı nümunələr var.
“Məhsuldar əməkdaşlığın parlaq nümunəsi MDU-nun Bakı filialının fəaliyyətidir“, - rekror deyib. M.V.Lomonosov adına MDU-nun Bakı filialı 2008-ci ilin yanvarında Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.
Amerikanın sabiq prezidenti Bill Klintonun təbrik məktubunu Birləşmiş Ştatların ölkəmizdəki səfiri Metyu Brayza oxuyub. Bill Klinton məktubunda prezident İlham Əliyevə və Dmitri Medvedyevə bu təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlıq edir.
AŞPA-nın prezidenti Mövlud Çavuşoğlu isə diqqəti ən böyük humanitar çağırış kimi birgə yaşayışa çəkib. Bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqi indi dünyada ən çox ehtiyac duyulan prinsiplərdən biridir və bununla bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
YUNESKO-nun baş direktorunun müavini Yanis Karklins Bakıda keçirilən beynəlxalq humanitar forumun təşkilinə görə, baş direktor İrina Bokovanın təşəkkürlərini prezident İlham Əliyevə çatdırıb.
İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri isə Bakıda tez-tez beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın və prezident İlham Əliyevin dünyadakı mövqeləri ilə əsaslandırıb. Bildirib ki, bu, həm də Azərbaycanda demokratiyanın və insan hüquqlarına olan hörmətin təzahürüdür.
Çıxışlardan sonra forumda iştirak edən nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər bu cür mötəbər prosesə verdiyi dəstəyə görə bir daha prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Azad Əliyev

Oxunma sayı 117