“Foto-Fakt“da bu gün

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt

Həsən Əliyev küçəsindəki sərnişin dayanacağı bərbad duruma düşüb

Uzun zamandır ölkə ictimaiyyətində ciddi müzakirə obyektinə çevrilən ən aktual mövzulardan biri də sərnişin dayanacaqları, daldalanacaqlar və dayanacaq köşkləri ilə bağlı yaşanan problemlərlə əlaqədardır. Çünki uzun illərdir paytaxtın müxtəlif yerlərində sözügedən obyektlər yoxdur. Yaxud onlar bəzi məkanlarda ünvansız yerlərdə, məsələn, sərnişinlər üçün əhəmiyyətsiz yerlərdə quraşdırılıblar. Ona görə ünvansız və əhəmiyyətsiz deyirik ki, müxtəlif tutumlu avtobuslar həmin dayanacaqların, daldalanacaqların və köşklərin qarşısında saxlamırlar. Məsələn, Yasamal rayonun Hüseyn Cavid prospektində, Bakı Metropoliten İdarəsinin “Elmlər akademiyası“ stansiyasının yaxınlığında, Səbail rayonunun Badamdar qəsəbəsində, “Access Bank“ın yaxınlığında və digər yerlərdə sərnişin dayanacaqları və dayanacaq köşkləri quraşdırılsa da, onlar quraşdırılandan üzübəri hər hansı bir avtobus orada saxlanılmayıb, sərnişin düşməyib və ya minməyib. Haqqında bəhs etdiyimiz problemlər Nərimanov rayonunda, akademik Həsən Əliyev küçələrində də yaşanır. Məsələn, adıçəkilən küçənin Səməd Vurğun küçəsi ilə kəsişməsində, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısında uzun illərdir süni avtobus dayanacağı yaradılıb. Ancaq orada sərnişin dayanacağı, daldalanacaq və dayanacaq köşkü yoxdur. Ona görə də sərnişinlər qızmar Günəş şüalarından, küləkdən, şaxtadan, yağışdan və qardan özlərini qoruya bilmirlər. Nəticədə müxtəlif mərəzlərə, məsələn, qrip, soyuqdəymə, günvurma və digər xəstəliklərə yoluxmaq məcburiyyətində qalırlar. Elə bir neçə gün öncə paytaxtda yağan yağış zamanı da avtobus gözləyən digər sərnişinlər kimi biz də əməlli-başlı islandıq. Üstəlik, avtobus oraya yetişən kimi süni basabasın yaranmasının da şahidi olduq. Çünki islanmış sərnişinlər avtobuslardan düşənlərə imkan vermədən özlərini içəriyə soxmağa çalışırdılar. Digər bir problem isə H.Əliyev küçəsinin başqa bir tərəfində, 47 saylı məktəbin yaxınlığında quraşdırılmış sərnişin dayanacağında yaşanır. Çünki oradakı dayanacaq müxtəlif tullantılarla ağzınacan dolu olan zibil qutularının yerləşdirildiyi mühafizə zolağının yanında quraşdırılıb. Üstəlik, bu dayanacağın özü çox bərbad durumdadır. Oxucularımıza təqdim etdiyimiz şəkillərdən də açıq-aşkar görünür ki, orada daş-çınqıl, kubik, asfalt örtüyünün qırıqları və kartonlar ətrafa atılıb. Sərnişinlərin əyləşməsi üçün quraşdırılmış dəmir oturacağın üstündə isə kiflənmiş çörək və istifadəyə yararsız çörək məmulatları qoyulmuş sellofan torbalar var. Təbii ki, bütün bunlar haqqında danışılan sərnişin dayanacağının heç bir əhəmiyyət kəsb etmədiyini göstərir. Ümidvarıq ki, “Foto-Fakt“da dərcindən sonra aidiyyəti qurumlar sadaladığımız problemlərin həllinə çalışacaqlar.
Təbriz Vəfalı
Oxunma sayı 91