Gələn həftə Azərbaycanda ov mövsümü başa çatır

20:05 28.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Martın 7-dən etibarən təbiətə ov məqsədilə gedənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq

“Ovçuluq Azərbaycan xalqı üçün ənənəvi məşğuliyyət növlərindən biridir. Lakin hazırda ovçuluğa münasibətdə fikir ayrılığı mövcuddur. Vətəndaşların bir qismi ovçuluğun məşğuliyyət növü kimi tərəfində olsalar da, bəziləri onu qeyri-humanist məşğuliyyət adlandırırlar". Bu fikirləri Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq məxrəc yaratmağa çalışır: “Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, limitlərə əməl etməlidir".

O qeyd edib ki, hər il ov mövsümü açılanda nazirlik nəzdində ov məsələləri üzrə elmi koordinasiya şurası fəaliyyət göstərir: "Şuraya mütəxəssislər, alimlər dəvət olunur. Bu il şura öz fəaliyyətini genişləndirmək üçün maraqlı tərəfləri də cəlb edəcək. Şura Azərbaycan təbiətində növlərə uyğun sayda ov icazəsinin verilməsini müəyyən edir ki, ov obyektinin populyasiyasına ziyan vurmasın. Ov müddətləri müəyyənləşdirilərkən heyvanların bioloji xüsusiyyətləri, çoxalma dövrləri qeydə alınır. Yalnız bundan sonra məhdud sayda, məkanda və müddətdə ova icazə verilir. Bu qaydalar məcburidir. Bu zaman vətəndaşların istəkləri deyil, tövsiyələri nəzərə alına bilər. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir".

Qurum rəsmisi onu da vurğulayıb ki, əsas işimiz məsuliyyətli ovçuluğun insanlara tanıdılmasıdır: “Nəzərə almaq lazımdır ki, ovçu milliyyətindən asılı olmayaraq istər cəmiyyətə, istər təbiətə, istərsə də özünə qarşı risk obyektidir. Qanuni ovçuluqla məşğul olmaq istəyənlər ovçuluq bileti əldə etməlidir. Ovçuluq biletini əldə etmək üçün isə həmin şəxslər imtahan verməlidir. Amma bilet əldə etmək ova icazə verilməsi demək deyil. Ova çıxmaq üçün ov icazəsi, yəni lisenziya əldə edilməlidir. 2019-cu ildən xarici vətəndaşlara lisenziyaların verilməsi ASAN xidmət tərəfindən həyata keçirilir. Digər vətəndaşlara icazələrin alınması isə yerli ərazi şöbələri tərəfindən aparılır”.

H. Əlizadə bildirib ki, lisenziyaya münasibət birmənalı deyil: "Ovçuların əksəriyyəti lisenziyaların limitsiz ova icazə verməsini istəyir. Deyirlər ki, ovçuyamsa, istədiyim vaxt ova getməli və istədiyim sayda ov etməliyəm. Amma bu, düzgün yanaşma deyil. Lisenziyaların limiti ov sahələrinin sayına mütənasib təyin olunur. Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər var.

Ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır. Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir".

O, həmçinin ov etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığını da deyib: "Ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır. Məsələn, ötən il sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb. Onlardan 10 nəfərinin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

H.Əlizadə ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının da sayını açıqlayıb:  "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilib".

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, təqribən 1 həftədən sonra - martın 7-də rəsmi olaraq ov mövsümü bitir: “Bu o deməkdir ki, artıq ayın 7-dən sonra ov icazələrinin verilməsi tam dayandırılacaq. Vətəndaşlar, ovçular bilməlidirlər ki, həmin tarixdən etibarən təbiətə ov məqsədilə getmək qadağandır. Bu, müəyyən hüquqi nəticələr doğura bilər. Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü artıq başlayır. Həmin dövrdə onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur. Növbəti ov mövsümünün isə may ayının sonu, iyunun əvvəlində başlanılması gözlənilir. Başlayan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub".

Departament rəhbəri bildirib ki, ov icazələri ilə bağlı hər il Elmi Koordinasiya Şurasında müzakirələr aparılır: "Əvvəlki illərə nisbətən 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Çünki müraciətlər daha çox idi. Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən olur. Bizdə olan statistika göstərir ki, gənclər ova meyil etmirlər. Bu, sevindirici haldır. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri müraciət edirlər".

H.Əlizadə vurğulayıb ki, az sayda da olsa qadınların ov biletlərinin alınmasında marağı var: "Hər zaman qadınlar ov icazəsi ilə bağlı müraciət edib. İndi də az sayda da olsa ovçu qadınlarımız var".

Yeri gəlmişkən, bolqarıstanlı beynəlxalq ekspert Peter Yanakev da hesab edir ki, bildirib ki, ov qanunvericiliyinin tələblərinə ciddi riayət etmək əsas şərtdir: "Təbiət öz-özünə tənzimləmə mexanizminə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, həmin ərazidə davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə minimum ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir".

Ov sahəsinin aktual mövzu olduğunu deyən ekspert bildirib ki, ovçular bu məsələdə məsuliyyətli olmalıdırlar: "Ovçular ilk öncə düşünüb sonra atəş açmalıdır. Bolqarıstanda ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər aparılır. Azərbaycanlı ovçulara məsləhət görürəm ki, ova qənimət kimi deyil, istirahət kimi baxsınlar. Ov bir elmdir, məsuliyyət və istirahətdir".

Almaniyalı mutəxəssis Hartmurd Müller isə qeyd edib ki, 12 ildən çoxdur Azərbaycanda işləyir: "Azərbaycan təbiəti zəngin və rəngarəngdir. Burada işlədiyim dövrdə ovla bağlı müşahidə etdiyim ən böyük fakt odur ki, Azərbaycanda ov kortəbii aparılır. Düşünürəm ki, bu kortəbiilik tez bir zamanda aradan qaldırılacaq və Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq. Azərbaycan insanını yaxından tanıdığıma görə bilirəm ki, azərbaycanlılar təbiəti çox sevir və ona hörmət edirlər. Ümid edirəm ki, Azərbaycan ovçuları da bu prizmadan yanaşaraq qısa müddətdə ov mədəniyyətinin inkişafı ilə bağlı özlərində dönüş yaradacaqlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Arzu Səmədova isə jurnalistlərə açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır: "Qanunvericiliyə əsasən, qanunsuz ovla bağlı cərimələrin miqdarı ovlanan heyvan növlərinə görə dəyişir. Məsələn, bir baş bəbiri qanunsuz ovlamaq 3300 manat, bir ceyran ovlamaq 550 manat, qonur ayı üçün 440 manat, şahin quşu üçün 1100 manat, bəzgək üçün 330 manat, dovdaq üçün 550 manat turac 330 manat, qu quşu üçün isə cərimə məbləği 550 manatdır".

Sektor müdiri qeyd edib ki, sadalanan heyvan növləri dövlət təbiət qoruqları ərazisində və ya milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər heyvan növü üçün 3 qat hesablanır: "Belə ki, həmin ərazilərdə bir baş bəbir qanunsuz ovlanarsa 9900 manat, ceyran üçün 1650 manat, qonur ayı üçün 1320 manat, şahin quşu üçün 3300 manat, bəzgək üçün 990 manat, dovdaq üçün 1650 manat, turac üçün 990 manat, qu quşu üçün isə 1650 manat cərimə tətbiq edilir".

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 185