Gənc yazarların yeniləşmə istəyi, AYB-nin qurultay öncəsi “VETO”su

11:24 07.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Yazıçılar Birliyinin 13-cü qurultayı öncəsi hazırkı sədrə alternativlər boy göstərməyə başlayıb. Polemika getdikcə qızışır. Gənclər arasından hələlik yeganə namizəd Emil Rasimoğlunun “namizədliyə də, sədrliyə də israrlıyam” bəyanatından sonra Xalq şairi Fikrət Qoca danışdı. 83 yaşlı Xalq şairi alternativlərin hər zaman olduğunu desə də, vaxtı çatanda məsul vəzifəsini tərk edəcəyini bildirib.

Üstəlik, Fikrət müəllim “Anar gedərsə, mən ondan qabaq gedərəm, çünkü Anar müəllimdən yaşca böyüyəm” ifadəsini də işlədib. Buradan belə görünür ki, AYB-nin növbəti qurultaydan sonra da tərkibi dəyişməyəcək. Yəni, yuxarı kürsülərdə əyləşənlərin vəzifədən getmək niyyətinin olmadığı dolayı yolla ifadə edilir.

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev isə hər yoldan ötən sədr vəzifəsinə seçilə bilməz- söyləyib: “Azərbaycanda AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar. Əgər bir gənc, həqiqətən də, nüfuzlu və istedadlıdırsa, kitablarını ortaya qoysun. AYB-yə həmişə əfsanəvi şəxslər sədrlik edib”.

Çingiz Abdullayevin bu bəyanatındakı “hər yoldan ötən”, “AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar” ifadəsinin arxasında da “gənclərə yer yoxdur” ismarışını oxumaq mümkündür. Təbii ki, bu mənada Çingiz Abdullayevin bəyanatı daha radikal səslənir.

O zaman ortaya belə bir sual çıxır. Ötən qurultaydan üzübəri AYB gənclərin ölkədə və dünyada tanınmaları üçün nələr edib? Hansı kitabları çıxarıblar? Gənc yazarlara xaricə getmək üçün hansı ptyovkalar, ezamiyyət pulları verilib? Təbii ki, söhbət AYB-nin üzvü olan gənclərdən gedir. Üstəlik, prezident Yazıçılar Birliyinə 800 min + 3 milyon manat vəsait ayırıb. Dörd milyona yaxın pulun aqibəti isə bəlli deyil. Çünki hesabatı ictimaiyyətə təqdim olunmayıb.

Ədəbiyyatımızın “2010-cular nəsli” ədəbi nəsillər arasında ən sonuncusudur. Onların bəzilərinə bu müddət ərzində ən yaxşı halda prezident təqaüdləri verilib. Böyük hissəsi xaricdəki böyük tədbirlərə, ədəbi konfranslara göndərilməyiblər. Həmişə üç-beş gənc və yaşlı simalar bu cür tədbirlərdən fotolarını sosial şəbəkələrdə paylaşıblar.

Digər tərəfdən, istedadlı gənclərin kitabları Azərbaycan Yazıçılar Birliyi tərəfindən xarici dillərdə çap edilməyib. İstedadlar dövlətin maliyyə ayırdığı bu qurum tərəfindən beynəlxalq aləmdə tanıdılmayıb. Ən yaxşı halda Çingiz Abdullayevin, Anarın, nisbətən gənc sayıla biləcək Səlim Babullaoğlu əfəndinin kitabları xarici dillərdə yayımlanıb. İmzaları tanıdılıb. Təbii ki, bunlar sevindirici məqamlardır. Özü də Azərbaycan poeziyası adına. Amma əksər istedadlı gənclər bu kimi uğurlardan kənarda qaldı. İndi Azərbaycanın ən gənc yazarları heç qonşu Gürcüstanda, Türkiyədə də tanıdılmır. Halbuki, AYB-nin bu ölkələrin yazıçılar birlikləri ilə çox yaxşı əlaqələri var. Maliyyə məsələsi də bəhanə edilə bilməz. Çünki ölkə başçısı yuxarıda qeyd etdiyim kimi, AYB-yə vaxtaşırı olaraq pul ayırır. Özü də külli miqdarda. Ən azından 800 min manata 10 yazıçının kitabını müxtəlif xarici dillərdə çap etmək olardı.

Gənc yazarların beynəlxalq, qlobal ədəbi sümpoziumlara, treninqlərə aparmaq, eyni kökdən olan türkdilli ölkələrə səfərlərini təşkil etmək də mümkün idi. Hətta əlaqələri daha da yaxınlaşdırmaq üçün qarşılıqlı səfərlər də təşkil etmək olardı. Son 30 ildə, eləcə də axırıncı qurultaydan bəri bunların heç biri edilməyib.

Belə olan halda gənclər adıçəkilən qurumdan hansı halda razılıq etməlidir. Modern gənclik, qlobal dünyaya açılmaq istəyən gənc yazarlar bəşəri mövzuların eşqi ilə ölkə sərhədlərini aşmaq, gəzib-dolaşmaq, ölkə ədəbiyyatını, öz yaradıcılığını mövzu zənginliyi ilə bəzəmək istəyir. Ona görə də “yaşlı nəsilin” basqısı altında özü namizədliyini irəli sürməyə çalışır.

Bir məsələyə də diqqət çəkmək istəyirəm, əgər mexanizm, platforma, iş planı yoxdursa, “quru” nüfuz (Çingiz Abdullayevin ön plana çəkdiyi) heç nəyə yaramır.  Gənc yazarlar, yeni nəsil yeniləşmək istəyir, AYB isə “nüfuz” məsələsini önə çəkməklə onların qarşısına sədd çəkir. “VETO” qoyur.

P.S: Cəmi beş aydan sonra Azərbaycan ədəbiyyatına yeni – “2020-cilər nəsli” gəlir. Onları da köhnə üsulla qarşılayacağıqsa, deməli, itirən Azərbaycan ədəbiyyatı olacaq. Yenilik eşqimiz on il də qursağımızda qalacaq.