Giləzi–Xızı-Tıxlı avtomobil yolu yenidən qurulur - FOTO

11:46 01.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 Xızı rayonunun Giləzi–Xızı (28 kilometr)–Tıxlı avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 28-ci kilometrdən götürən yerli əhəmiyyətli Tıxlı yolunun uzunluğu 2 kilometrdir və çınqıl örtüklü olmaqla IV texniki dərəcəlidir.

Mövcud yol uzun illər təmir olunmadan istismar olunduğundan, həmçinin atmosfer və qrunt sularının təsirindən torpaq yatağı və yol əsası güclü deformasiyaya uğrayıb, örtükdə qabarma və çökmələr əmələ gəlib. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı.

Yolun kəndin daxilində, yaşayış məntəqəsindən keçən hissəsində torpaq yatağının eni 6-7 metr təşkil edir. Bundan başqa, yolun 270 metr məsafədə dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılıb. Belə ki, yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.

Layihəyə uyğun olaraq, optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də başlanılıb. Ümumilikdə, yolboyu 12 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulması ehtiyac olduğu üçün bu çərçivədə müxtəlif diametrli 160 poqonmetr metal və dəmir-beton boruların quraşdırılması işləri aparılır, avtoqreyderlə 1600 poqonmetr küvetlər açılır.

Layihənin sonuncu mərhələsi üzrə çiyinlər optimal-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün yolboyu zəruri yerlərdə kilometr göstəricisi, 12 yol nişanı və 80 siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

İşlərin yaxın müddətdə yekunlaşdırılması planlaşdırılır.