“Foto-fakt“da bu gün

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Mətbuat prospektində üstüaçıq elektrik naqilləri qısaqapanma yarada bilər

Son zamanlar respublika üzrə energetika sistemində yüksək perspektivli inkişaf, özünü büruzə verir, əhalinin yüksək keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminatı prosesi də uğurla həyata keçirilir. Ancaq ayrı-ayrı sahələrdə və sektorlarda olduğu kimi energetika sistemində də çoxsaylı nailiyyətlərlə yanaşı, çözülməsi gərəkən bir sıra problemlər də mövcuddur. Xüsusilə də Bakı şəhərinin müxtəlif ərazilərində yüksək gərginlikli elektrik xətlərindən, yeraltı və yerüstü kabellərindən bəziləri ilə bağlı müəyyən problemlər tez-tez yaşanır. Məsələn, elə götürək paytaxtın bəzi yerlərindəki işıq və elektrik dirəklərini. Təəssüflər olsun ki, bu gün haqqında söhbət açdığımız dirəklərdən bəziləri tam nəzarətsiz qaldığından ya tamamilə sındırılıb, ya da yararsız və istifadəsiz hala salınıb. Oxucularımıza təqdim etdiyimiz şəkillər Yasamal rayonunun Mətbuat prospektindən çəkilib. Şəkillərdən də göründüyü kimi, sındırılmış, yaxud yuxarı hissəsi çıxarılmış dirəyin elektrik xətlərinin üstü açıqdır və hətta onlar bir-birilərinə hörümçək toru kimi dolaşıblar. Bu da o deməkdir ki, onlar istənilən anda təhlükə törədə bilərlər. Ən azından yağan yağışların və ya əsən küləklərin təsirindən qısaqapanmanın baş verməsi mümkündür. Nəzarətsizlik, aidiyyəti qurumların biganəliyi ucbatından belə təhlükəli və acınıcaqlı durumun yaşanması isə təkcə həmin prospektdə deyil, Yasamalda və Bakıda elektrik sistemində elektrik sistemi üçün çox ciddi təhlükələr yarada bilər. Nəticədə elektrik xətlərində texniki qəzaların baş verməsi, bu qəzaların aradan qaldırılması üçün kifayət qədər vaxt və maliyyə vəsaitinin xərclənməsi, elektrik enerjisinin abonentlərə uzunmüddətli fasilələrə verilməsi və digər xoşagəlməz olaylar reallaşa bilər. Ona görə də ümidvarıq ki, “Foto-Fakt“da dərcindən sonra aidiyyəti qurumlar Mətbuat prospektindəki və paytaxtın ayrı-ayrı məkanlarındakı işıq və elektrik dirəklərini nəzarətə götürəcək, onların yarada biləcəyi təhlükələrin qarşısının alınması üçün profilaktik addımlar və təxirəsalınmaz tədbirlər həyata keçirəcəklər.
Təbriz Vəfalı