“GUAM-ın üç ölkəsi separatçı-kriminal rejimlərin təcavüzünə məruz qalıb“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Milli Məclisdə Baltikyanı Assamleyanın və GUAM Parlament Assambleyasının birgə təşkilatçılığı ilə bir sıra parlament assambleyalarının “Sərhədlərin üzərindən əlaqələrin qurulması“ adlı beynəlxalq konfransı öz işinə başlayıb.

Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib ki, son illər Azərbaycan, Bakı şəhəri bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və bunun nəticəsi olaraq Bakı müxtəlif ölkələrdən gələn parlamentarilərin də sevimli şəhərinə çevrilib. E.Məmmədovun sözlərinə görə, bugünkü tədbirin də Bakı şəhərində keçirilməsi təsadüfi deyil: “Hesab edirəm ki, bu beynəlxalq forum çərçivəsində aparılan müzakirələrdə əldə ediləcək nəticələr GUAM PA və Baltikyanı PA arasında əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. İki təşkilat arasında səmimi, qarşılıqlı, faydalı tərəfdaşlıq belə bir əməkdaşlığı daha da zəruri edir. Ümumiyyətlə, son illər GUAM PA ilə Baltikyanı Assambleya arasında əlaqələrin inkişafı yeni mərhələyə yüksəlib“.
Millət vəkil eyni zamanda qeyd etdi ki, GUAM PA-ya daxil olan ölkələr bu il öz müstəqilliklərinin 20 illiyini qeyd edirlər: “Bu 20 il ərzində GUAM-a üzv ölkələr güclü iqtidsadi inkişafa nail olan, beynəlxalq aləmdə nüfuzlu dövlətlərə çevriliblər. Azərbaycana gəlincə isə onu deyə bilərəm ki, ümumilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən sosial-iqtisadi inkişaf strategiyası ölkə prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib və gerçəkləşdirilib. Bir sıra beynəlxalq ekspertlərin və nüfuzlu beynəlxalq təşkilatların etiraf etdikləri kimi bu 20 il ərzində Azərbaycan dövlət quruculuğunun bütün sahələrində böyük inkişafa nail olub“.E.Məmmədov çıxışında daha sonra GUAM-a daxil olan üç ölkənin - Azərbaycan, Gürcüstan və Moldovanın təcavüzə uğradığına, separatçılıqdan əziyyət çəkdiyinə diqqəti yönəldib: “Bu ölkələr neçə illərdir ki, separatçı, kriminal rejimlərin təcavüzünə, işğalına və etnik təmizləmə siyasətinə məruz qalıb. Bu münaqişələrin həlli üçün ilk növbədə bu dövlətlərin güclü iqtisadi inkişafa və güclü hərbi qüdrətə malik olması vacibdir.
Biz çalışırıq və istəyirik ki, bu münaqişələr, konkret olaraq Dağlıq Qarabağ münaqişəsi dinc danışıqlar və sülh yolu ilə həll olunsun. Ancaq reallıq onu göstərir ki, bu separatçı qüvvələr çətin ki, öz xoşlarına şığal etdikləri ərazilərdən geri çəkilsinlər. Ona görə də biz öz səylərimizi artırmalıyıq və eyni zamanda, beynəlxalq təşkilatlar da ciddi təzyiqlər göstərməlidirlər ki, separatçı rejimlər öz təcavüzkarlıq siyasətlərinə son qoysunlar“.
Nahid Canbaxışlı
Oxunma sayı 29