Türkiyədə qanlı terror

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbçilərə hücum ediblər. Nəticədə 26 nəfər həlak olub, 22 hərbçi yaralanıb. Bu barədə “Sabah“ qəzeti məlumat verib. Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir. Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir. Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.]
Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar astılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib. Ən son məlumatlara görə, Diyarbakır hava limanından qalxan F-16 qırıcı-bombardmançıları PKK-nın sığınacaqlarını bombalamağa başlayıb. Türkiyə ordusu Şimali İraq ərazisində 4 kilometr irəliləyib.
Türkiyənin Hakkari bölgəsində 26 əsgərin şəhid olması ilə nəticələnən terror hücumundan sonra hökumətə qarşı etirazlar başlayıb. CNN Türk-ün verdiyi məlumata görə, bir qrup şəxs Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirib. Əllərində Türkiyə bayraqları olan və “Şəhidlər ölməz, Vətən bölünməz!“ şüarını səsləndirən aksiya iştirakçıları Nazirlər Kabinetinin binasına soxulmaq istəyiblər. Onların qarşısını binanın təhlükəsizlik xidmətinin əməkdaşları və çevik polis dəstələri alıb. Qeyd edək ki, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə hökumətin fövqəladə iclası keçirilib. İclasda 26 nəfərin ölməsi, 22 əsgərin yaralanması ilə nticələnən terror hücumu və Türkiyənin atacağı addımlar müzakirə edilib.
Türkiyə prezidenti Abdullah Gül son terror hücumları ilə əlaqədar açıqlama ilə çıxış edib. A. Gül canlı yayımda televiziyalara verdiyi açıqlamada dövlətin mövqeyini sərt ifadələrlə dilə gətirib.
A. Gül Türkiyənin terrorla əzmli və qərarlı şəkildə sona qədər mübarizə aparacağını bəyan edib: “Bunu bütün dünya bilməlidir. Dövlətimizi bu hücumlarla geri çəkilməyə vadar edəcəyini düşünənlər görəcəklər ki, bu hücumların intiqamı çox ağır olacaq. Artıqlaması ilə cavablarını alacaqlar. Bu problemi bitirmək üçün əlimizdən gələni edəcəyik. Terrorçulara yardım edənlər də bu əməllərinin nəticələrinə qatlaşacaqlar“. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfərini təxirə salmasından sonra xarici işlər naziri Əhməd Davudoğlu da Serbiyaya nəzərdə tutulan səfərini təxirə salıb. Makedoniyada səfərdə olan baş nazirin müavini, hökumət sözçüsü Bülənt Arınç isə səfərini yarımçıq qoyaraq Türkiyəyə dönüb.
PKK-nın bu əməliyyatının çox düşünülmüş bir plan olduğu vurğulanır. Belə ki, 200-dən artıq silahlı terrorçu eyni anda 8 hədəfə hücum edib. Məqsəd isə əsas hədəfin kömək imkanlarını məhdudlaşdırmaq olub. Ekspertlərin qənaətincə, PKK bununla həyata keçirdiyi hücumların effektliyini daha da artırmaq üçün taktikasını dəyişib. Bunun qarşılığı olaraq isə türk təyyarələri Şimali İraq ərazisindəki PKK bazalarının güclü bombardmana məruz qoyub. Hələlik həyata keçirilən əməliyyatlara İraq rəhbərliyinin mövqeyi bəlli deyil. O da məlum olub ki, PKK bu hücum tarixini təsadüfən seçməyib. Belə ki, keçən il oktyabrın 19-da məhz bir qrup PKK-çı hücuma məruz qalan ərazidən Türkiyəyə gələrək təslim olublar.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri silsilə terror hücumları ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Bu barədə nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib. “Biz terrorun bütün təzahürlərini şiddətlə qınayır və qardaş türk xalqına başsağlığımızı çatdırırıq. Bir daha bəyan edirik ki, hər zaman qardaş türk xalqının yanındayıq“, - deyə XİN rəsmisi vurğulayıb.
Azad Əliyev
Oxunma sayı 118