Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi

11:10 28.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin tapşırığına və Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın dünyada yayılan koronavirusa yoluxmasından mümkün qorunması məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyi mütəmadi olaraq onların təxliyəsini həyata keçirir.
Hafta.az  xəbər verir ki, mayın 27-də daha 30 vətəndaşımızın “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycana qayıdışı təmin olunub. Onlardan 17 nəfəri Hindistanın müxtəlif şəhərlərindən gələn, 13 nəfər isə Gürcüstan ərazisində sağlıq durumu, təhsil və digər məsələlər ilə əlaqədar qalmış vətəndaşlarımızdır.

Hindistandan gələn vətəndaşlarımız Gürcüstan ərazisində qalmadan, səfirliyin təşkil etdiyi avtobuslarla birbaşa sərhədə gətirilib. Oradan isə onların Azərbaycana təxliyəsi təmin edilib.

Qeyd edək ki, 2020-ci ilin mart ayının 13-dən indiyədək Gürcüstan-Türkiyə sərhədindən 223, Gürcüstan-Rusiya sərhədindən 1, Gürcüstanın Kutaisi hava limanından 7 və Tbilisi hava limanından 23 nəfər Azərbaycan Respublikası vətəndaşı Gürcüstan ərazisi vasitəsi ilə təxliyə olunub. Həmçinin daha 20 vətəndaşımızın Gürcüstanın müxtəlif regionlarından patrul maşınlarının müşayiəti ilə təxliyəsi həyata keçirilib.

Martın 14-dən aprelin 5-dək Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız üçün dəhliz yaradılıb və həmin dəhliz vasitəsi ilə yüzlərlə vətəndaşımızın geri qayıtması təmin olunub. Həmçinin Gürcüstan-Azərbaycan sərhədi bağlandıqdan sonra ölkəyə qayıtmaq üçün səfirliyə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycanda daimi və ya müvəqqəti yaşamağa icazəsi olan Gürcüstan və digər ölkələrin Gürcüstan ərazisindəki vətəndaşların qeydiyyatı aparılmaqdadır. Səfirlik bu məsələni daim diqqətdə saxlayır və ehtiyac yarandığı anda vətəndaşlarımızın Azərbaycana təxliyəsi həyata keçiriləcək. (Azərtac)

Oxunma sayı 1891