Hacıqabulda ilk müştərək aqroturizm təşəbbüsünə start verilib

11:42 14.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Kənd Təsərrüfatı Nazirliyi Hacıqabulda iqtisadi və icma inkişafı üçün kənd turizminin və dayanıqlı kənd təsərrüfatının faydalarını təşviq etmək məqsədini daşıyan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində ilk müştərək aqroturizm təşəbbüsünə start veriblər. Təxminən 30 il əvvəl təməli qoyulan və gənc rayon hesab olunan Hacıqabul hazırda zəngin flora, fauna və çoxsaylı mədəni və tarixi əhəmiyyət kəsb edən memarlıq abidələrinin məskənidir və o, Azərbaycanın mükəmməl aqroturizm məkanlarından biri olmaq üçün böyük potensiala malikdir.

Hafta.az yazır ki, aqroturizm turu Hacıqabulun Meyniman kəndində “Nar Vadisi” şirkətinə məxsus özəl sahədə təklif olunur. Bu tədbir bir sıra milli və beynəlxalq ziyarətçilərlə yanaşı ölkənin işgüzar dairələri, hökumət orqanları və diplomatik nümayəndəliklərdən ibarət 70-dən çox insanı bir araya gətirdi. Tədbir Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Aqrar Təchizat və Tədarük Açıq tipli Səhmdar Cəmiyyəti ilə birgə BMTİP tərəfindən həyata keçirilirdi.

Tur iştirakçıları “Nar vadisi” təsərrüfatının təbii meyvələrindən hazırlanan şirələr, Azərbaycanın ənənəvi ədviyyatlı orqanik nar məhsulları, o cümlədən narşərab, habelə "Nar vadisi"nin su hövzələrində yetişdirilən orqanik balıq və digər yerli qida və içkilərdən dadmaq imkanı əldə etdilər. Qonaqlar həmçinin “Nar vadisi” şirkətinin təsərrüfatında bu mövsümün ilk nar məhsulunun yığımına başlayaraq daha sonra təcrübəli təlimatçılarla adrenalin dolu at sürmə kimi məşğuliyyətdən zövq almaq imkanı qazandılar.

Meyniman kəndində əlverişli şəraitdə yerləşən “Nar vadisi” şirkətinə məxsus ərazi 90 hektar sahəni əhatə edir, bunun 40 hektara qədəri nar bağı, 5 hektarı nar şitillərinin yetişdirilməsi üçün istifadə olunan şitillikdir və qalan 40 hektarı isə suvarma çənləri və balıqçılıq üçün istifadə olunur. “Nar vadisi” şirkətinin meyvə bağlarında aqroturizm turunun iştirakçılarına mükəmməl nar növləri təklif edilib. Onların bəzisi əsrlər boyu və ənənəvi olaraq Azərbaycanda yetişdirilən növlər olduğu halda digərləri isə Azərbaycanda yeni yetişdirilməkdədir. İllər boyu aparılan geniş tədqiqatın nəticəsi olaraq, “Nar vadisi” şirkətinin komandası, ənənəvi olaraq kollarda yetişdirilən nar meyvəsindən fərqli olaraq ağacların gövdəsində yetişən mahiyyət etibarilə yeni nar növünü yaratmağa müvəffəq olublar. Narın bu yeni brend növü “MinaŞirin” adlanır və o, Hacıqabulda bunun kimi aqroturizm turlarının dünyadakı digər ölkələrə nümayiş etdirə biləcəyi kənd təsərrüfatında innovasiya nümunəsidir.

Bu günkü aqroturizm turu turizm və qonaqpərvərlik sənayesinin ən cəlbedici və sürətlə inkişaf edən sektoru kimi arqoturizmə doğru artmaqda olan meyli əks etdirir. Qlobal miqyasda artıq tanınmış bir praktikaya çevrilən aqroturizm müxtəlif ziyarətçiləri əyalət və kəndlərə toplayraq onlara müxtəlif xidmətlər və əyləncə təklif edən bir fəaliyyətdir. Burada təklif olunan əyləcə növlərinə, o cümlədən, at sürmə, heyvanları yemləmə, meyvə və tərəvəz yığımı, orqanik məhsullar yetişdirən və fermadan-masaya prinsipi ilə işləyən yeməkxana xidmətləri aiddir.

Aqroturizm turu, Qlobal Ekoloji Fond (GEF) və qismən BMTİP tərəfindən maliyyələşdirilən və BMTİP və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilən Qlobal Əhəmiyyətli Aqrobiomüxtəlifliyin Qorunması və Dayanıqlı İstifadəsi layihəsi çərçivəsində təşkil olunub.

2016-cı ildə başladığı vaxtdan bəri, layihə, Azərbaycanın Goranboy rayonunda fermerlərin bilavasitə ünsiyyətdə olduğu şəbəkə kooperativləri və Şəki, Qobustan və Tərtər rayonlarında taxıl bitkilərinin gen banklarını yaratmışdır. Bu gen banklarına ümumilikdə 57 yerli bitki və heyvan növləri və müxtəlif endemik meyvə və tərəvəz məhsulları daxil edilib.

Sosial rubrikasından digər xəbərlər