“Hal-hazırda biz dövlətdən dəstək və qayğı görürük” - Pərviz İlyasov

17:20 01.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Hal-hazırda biz dövlət və Kənd Təsərrüfatı Nazirliyindən dəstək və qayğı görürük. Bu qayğı və dəstək kənd təsərrüfatının bütün istiqamətlərini əhatə edir. Güzəştli aqrar kreditlərin verilməsi ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayıb. Bundan başqa, subsidiya qaydaları dəyişdirildi. Bütün bunlar kənd təsərrüfatına olan baxışları, bu sektordakı formatı müsbətə doğru kökündən dəyişəcək”.

Bunu hafta.az-a açıqlamasında Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov deyib. Assosasiya sədri bildirib ki, hazırda çox genişşaxəli islahatlar aparılır. Fermerlər üçün də maraqlıdır ki, onlara daha hansı güzəştlər olunacaq. Dünyanın bir çox ölkələrində subsidiyalaşma tətbiq edilir. Bizdə bu daha ağıllı şəkildə, eləcə də fermerlərin istəklərinə uyğun şəkildə öz əksini tapıb: “Əvvəllər ümumi məbləğ var idi. Hamıya həmin məbləğ ödənilirdi. İndi istəklərə, əkin prinsiplərinə və formatlarına görə dəyişir. Texnikalara olan güzəştlərdə də yeniliklər mövcuddur. Əvvəllər texnikalar fermerlərə aqrolizinq tərəfindən verilirdi. İndi çoxlu təchizatçılar var. Əvvəl bir, indi bir neçə təchizatçı var. Bu da rəqabətli mühitin yaranmasına gətirib çıxarır. Təbii ki, burada udan tərəf fermerlərdir. Çünki rəqabətlilik qiymətin azalmasına gətirib çıxarır.

Pərviz İlyasov bildirib ki, pambıqçılıqla bağlı bir sıra rayonlarda yeni əkin qaydaları tətbiq olunmaqdadır. Bunu da sahibkarların özləri həyata keçirir. İndi sahibkarlar Çin metodologiyasını ölkəyə gətirmək istəyirlər: “Çünki orada məhsuldarlıq yüksəkdir. Həmin məhsulların çiyidlərini, toxumlarını gətirməyi düşünürlər. Bu da fermerlərin öz təşəbbüsləridir. Kommersiyalaşdırma gedir. İndiki fermerlərimiz daha çox gəlir əldə etməyi düşünür. Məhsuldarlığın artırılmasına çalışır. Əvvəl belə deyildi. Düşünürdülər ki, əkin əkək ki, torpaq boş qalmasın”.

Fermerlər Assosiasiyasının sədri onu da vurğulayıb ki, ölkə ərazisində kombayn təchizatı 90 faizdir. Ölkəyə çoxlu sayda yeni kombayn gətirilib: “Kombaynlar əvvəlki illərlə müqayisədə fermerlərə daha aşağı qiymətə təklif olunur. Şərtlər də yumşalıb. Fermerlər üçün indi daha sərfəlidir. Bu da məhsuldarlığın artımı ilə yanaşı, daha çox gəlirin götürülməsi anlamına gəlir. Yeni iş yerlərinin açılmasıdır. Əvvəllər kəndlərdə texnika çatışmazlığı vardı. Bu gün kiçik fermerlər 8-9 min manata, güzəştli və uzunmüddətli kreditlərlə həmin texnikaları ala bilirlər. On il bundan əvvəl isə böyük texnika çatışmazlığı var idi. İndi ölkəyə toxum gətirilir, texnika təminatı mövcuddur. Kreditlər verilir. Kənd təsərrüfatı alətlərinin sayı çoxalıb. İstixanalar genişlənib. Yeni aqrotexniki qaydalar formalaşıb. İndi fermerlərin istehsal etdiyi məhsullar xarici bazarlara üz tutur”.

Oxunma sayı 62
Siyasət rubrikasından digər xəbərlər