Hava məlumatları daha operativ çatdırılacaq  

19:29 25.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava məlumatlarının daha operativ çatdırılması üçün yeni sayt hazırlayıb. Bunu jurnalistlərə açıqlamasında Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, sosial şəbəkələr və saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır: "Əhali bunların hansının doğru, yalnış və ya hansının rəsmi məlumat olduğunu, adətən, araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır. Yeni yaradılan meteo.az saytı bu qeyri müəyyənlikləri aradan qaldırmaqla əhaliyə, eləcə də turistlərə proqnoz əldə etmək imkanını verəcək".

O qeyd edib ki, saytdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkündür: "Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək.

Saytda fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatları əldə edə bilərlər".

Məlumat üçün xatırladaq ki, Azərbaycanda hava temperaturunun rejimi hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15 °C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5 °C, 3000 yüksəklikdə isə 1-2 °C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27 °C, digər düzənliklərdə və dağətəyi ərazilərdə 24 °C-dən aşağı düşmür. İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0 °C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda hətta 3-4 °C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6 °C (Naxçıvan MR-da -7 °C), 3000 m-də isə təqribən -12-13 °C-dir. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16 °C, 3000 m-də 8-10 °C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46 °C) və minimum (-32 °C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilib.

Azərbaycanda atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150–200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Respublika ərazisində maksimum yağıntı isə Lənkəran rayonunun Gəgəran kəndinə düşüb.

Yeri gəlmişkən, son illər ölkəmizdə hava proqnozu sahəsində təqdim olunan məlumatların təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Məsələn, hazırda Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 26 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir.

Onu da qeyd edək ki, Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılıb, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunub. Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılıb. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür.

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2017-ci ilin iyul ayında 0.10 ha sahədə yaşıllaşdırma işləri aparılaraq burada MAWS-310 tipli avtomat meteoroloji stansiya və həmin ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Culfa rayonu ərazisində yerləşən Hidrometeoroloji stansiyalarda MAWS-310 tipli avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılıb. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir. Digər tərəfdən, Ümumdünya Meteorologiya Təşkilatına (WMO) ötürülməsi məqsədi ilə Regional Meteoroloji Məlumat Kommunikasiya Şəbəkəsinə (RMDCN) qoşulmaq üçün İngiltərənin Interoute şirkəti tərəfindən lazımı avadanlıqlar quraşdırılıb və şəbəkəyə qoşulub. Regional Meteoroloji Məlumat Kommunikasiya Şəbəkəsi (RMDCN) vasitəsilə ilkin olaraq Türkiyə üzərindən sinoptik xəritələrin alınması və iqlim məlumatlarının Ümumdünya Meteorologiya Təşkilatı və Türkiyə Respublikası ilə mübadiləsi həyata keçirilməyə başlanılıb.

Yeri gəlmişkən, Milli Hidrometeorologiya Departamentində istifadə olunan “Türk Metcap” sistemi bir neçə ay öncə ən son versiya olan “Türk Metcapplus” proqramı ilə əvəzlənib. Yeni müasir proqramın tətbiqi ilə bağlı Türkiyənin Meteoroloji Genel Müdürlüyünün mütəxəssisləri tərəfindən departamentdə 3 gün ərzində təlimlər keçirilib.

Qeyd edək ki, “Türk Metcapplus” proqramının tətbiqi proqnoz və xəbərdarlıqların keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Yeni versiya ilə gündəlik proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələrin, rəqəmli modellərin nəticələrindən istifadə olunacaq, davamlı informasiya mübadiləsinə və hər 3 saatdan bir yeniləşən peyk məlumatlarından istifadəyə imkan yaranacaq.

Sentyabr ayından isə ABŞ-ın "Baron" şirkətinin Azərbaycanda "Vahid milli hidrometeoroloji sistemin yaradılması" Proqramına start verilib. Bu proqramla Azərbaycanda dopler radar müşahidə sistemi tətbiqinə başlanılıb. Sistemin əsas funksiyalarından biri, təbii hadisələri öncədən əldə edib ictimaiyyətə məlumat verməkdir. Bu, ən son mövcud olan texnologiyadır ki, bununla da dəqiq və vacib məlumatları vermək olur. Bu sistem meteoroloji prosesləri və bulud sistemlerinin 3D formatında vizullaşdırılmasına da imkan yaradır. Digər sistemlər buna imkan vermir. Digər tərəfdən, sistem vasitəsilə iki saat qabaqcadan yağıntının neçə mm düşmə ehtimalını, dolunun diametrini də ehtimal etmək olar. Bu baxımdan mütəxəssislər sözügedən sistemi kənd təsərrüfatı üçün də vacib sayırlar.

ABŞ-ın “Baron” şirkətinin Milli Hidrometeorologiya Departamenti ilə bağladıqları müqaviləyə əsasən, dopler radar sistem ilin sonuna kimi Azərbaycana çatdırılacaq və 2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq. Radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə 6 kilometri əhatə edəcək. Bütün əraziləri əhatə etmək üçünsə xüsusi prinsipdən istifadə olunur. Tutaq ki, əgər düzənlikdirsə, quraşdırılacaq qüllələrin məsafəsi 400 kilometri əhatə edəcək.“Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər