Havanı çirklənmədən neçə qoruyaq?

18:22 19.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər bu problemə yol açanlara qarşı cəzaların sərtləşdirilməsini vacib sayırlar

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri hava keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir". "Report" xəbər verir ki, bunu Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, atmosfer havasının keyfiyyətinə nəzarət edən Vaisala AQT400 avtomat stansiyasının onlayn məlumatlarının və OPSİS avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir: "Belə ki, 2018-ci ilin iyun-iyul aylarında atmosfer havasında azot 4 oksid normanı 2,4 dəfə keçmişdirsə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub. Həmçinin ETSN-in 168 nömrəli “Qaynar Xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb. Belə ki, 2018-ci ilin iyun və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdursa, 2019-cu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ildə toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə 1,2 dəfə artıq olub".

U.Tağıyeva qeyd edib ki, atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji şəraitdən asılıdır: "Belə ki, durğun anomal isti hava şəraitində, zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb. Eyni zamanda bunu müvafiq dövlət qurumları tərəfindən nəzarətin gücləndirilməsi və havanın çirklənməsinə görə məsul olan sahələrin bu məsələnin vacibliyini başa düşərək müəyyən tədbirlər görmələri ilə izah etmək olar. Lakin bu istiqamətdə hələ də bir çox həll olunmamış problemlər var. Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır. Bakı şəhərində nəqliyyatdan havaya olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş nöqtələrdə - Neftçilər pr., Dərnəgül şossesi, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan-Sumqayıt yolunda əməkdaşlarımız tərəfindən monitorinqlər keçirilib və hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm10, Pm2,5 dirspers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm10 dirspers toz 1,1-1,4, Pm 2,5 dirspers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib. Monitorinqlərin nəticəsinə görə ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb ki, bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır".

O bildirib ki, hazırda da monitorinqlər davam etdirilir: “Lakin təmiz hava naminə müsbət nəticələrin davamlı olaraq əldə edilməsi bizim hər birimizin, o cümlədən sənaye və təsərrüfatın müxtəlif sahələrində çalışanların, əhalinin bütün təbəqələrinin birgə səyindən asılıdır. İnanırıq ki, bu vacib problemi biz birgə həll edə biləcəyik”.

Məlumat üçün bildirək ki, atmosfer biosferin və onun bütün canlı aləminin fəaliyyəti üçün əsas ətraf mühit amili sayılır. Şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılar isə atmosfer havasının kəskin çirklənməsinə səbəb olur. Atmosfer havasının çirklənməsi ətraf mühitə və insan sağlamlığına müxtəlif həyat təminatı sistemlərinin ləng və tədricən dağılmasına qədər təsir edir. İnsanın atmosferə təsiri məsələsi bütün dünya mütəxəssisləri və ekoloqlarının diqqət mərkəzindədir. Bir çox hallarda hava mühitinin çirklənməsi ekosistemin quruluş komponentlərini o dərəcədə pozur ki, nizamlayıcı proseslər onları ilkin vəziyyətinə qaytara bilmir və nəticədə homeostazın mexanizmi işləmir.

Əldə olunan statistik məlumatlara görə, son illər ərzində atmosferin orta illik çirklənməsi təqribən 50 faizə qədər artıb. Sənaye məhsullarının istehsalı gündən günə artır ki, bu da metallurgiya, kimya, neft, qaz və kömür istehsalı sənayelərinin atmosferə atılan tullantılarının miqdarının artmasına gətirib çıxarır. Həmçinin qaz, kömür və mazutla işləyən istilik energetikasının tullantılarının həcmi də artıb. Müşahidələr göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində avtomobil nəqliyyatı tərəfindən atmosferin çirklənməsi təxminən 50-60 faiz təşkil edir, bu da sənayedən atmosferə atılan çirkli qazlardan daha çoxdur. Avtomobillərdən atmosferə atılan maddələrin tərkibində isə  200–dən çox zəhərli komponent, o cümlədən bioloji aktiv olan maddələr var.

Qeyd edək ki, bu gün ölkəmizdə atmosfer çirklənməsinin qarşısının alınması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi, ekoloji tarazlığın qorunması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il “Təmiz hava” aylığı keçirirlər. “Təmiz hava” aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılır, onların normaya uyğun olmasına nəzarət gücləndirilir, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görülür.

Mövzu ilə bağlı fikirlərini bildirən tibb elmləri doktoru Adil Qeybulla da hesab edir ki, avtomobillərin havaya buraxdığı zəhərli qazlar həm şəhərin havasını, həm də insanların sağlamlığını korlayır: «Bir çox avtomobillər ətraf aləmə həddən artıq ziyan vurur. Yararsız avtomobilin hərəkəti zamanı mühərrikdə problemlər olduqda yağ yanma kamerasında natamam yanır ki, bu da insan orqanizminə toksidi və konsragen, yəni şiş əmələ gətirici təsir göstərir. Uzun müddət bu cür qazla nəfəs alma müxtəlif xəstəliklərin artmasına səbəb olur. Sübut olunub ki, bir kubmetr havada bir naloqram benzokrem törəməsi varsa, hər 100 min nəfərdən 18-də ağciyər xərçənginin əmələ gəlməsinə səbəb olur. Bakıda yararsız avtomobillərin çox olması havanın çirklənmə səviyyəsinin daha çox olmasına rəvac verir ki, belədə xəstəliklərin də baş vermə ehtimalı artır».

Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov isə deyib ki, havanın çirklənməsinə təsir edən bir çox amillər mövcuddur: “Yaşıllıqların məhv olması, avtomobillərin sayının artması, aparılan tikinti işləri, eyni zamanda neft və neft məhsulları, kimyəvi maddələr və inşaat materialları istehsal edən müəsisisələr də əsas mənbələr hesab oluna bilər. Bu da qrip, epidemiya və xərçəng kimi bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Şəhərdə yeni məhəllə salınırsa, yaşıllaşdırma qaydalarına görə, orada 2 hektar yaşıllıq olmalıdır ki, əhalini oksigenlə təmin eləsin, avtomobillərdən atmosferə buraxılan zəhərli maddələri udsun. Yaşıllıqlar nə qədər qırılırsa, yağıntıların miqdarı azalır, küləklər artır, torpaqlar erroziyaya məruz qalır. Yəni, atmosfer havasının ilkin təbii tərkibini dəyişən hər bir əlavə komponent hava üçün çirkləndirici amil sayılır. Əgər havanın ilkin təbii tərkibində heç bir digər komponent mövcud deyildirsə, onda hava təmiz hesab olunur.Ümumiyyətlə, atmosfer çirklənmələri bütövlükdə iqlimin dəyişməsinə səbəb olur. Havanın çirklənməsi Günəş şüalarının axın sürətinə, onun Yer səthində əks olunmasına, atmosferdə gedən bütün təbii proseslərin dinamikasına və nəhayət atmosfer çöküntülərinin tərkibinə ciddi təsir edərək biosferdə gedən həyat proseslərinin normal inkişafına əngəl olur. Bu cür problemlərin qarşısını almaq və ətraf mühiti qorumaq üçün mütləq yaşıllıqların sayı artırılmalı, havanı çirkləndirənlərə qarşı cəzalar sərtləşdirilməlidir”.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.