Hazırda Füzulidə hava limanına ehtiyac var - Politoloq

11:03 19.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu o demək deyil ki, biz Xocalı hava limanından əlimizi üzmüşük

Füzuli beynəlxalq aeroportunun təməli qoyulub və Prezidentin göstərişinə əsasən beynəlxalq aeroport bu il istifadəyə verilməlidir. Füzuli aeroportundan beynəlxalq uçuşların təşkil edilməsi də nəzərdə tutulur. Bir çox ekspertlər Füzuli aeroportunun tikintisini ermənilərin hər vəchlə Azərbaycanın nəzarəti təmin edilmədən Xocalı hava limanının fəaliyyətə başlamasına nail olmaq istəyi ilə əlaqələndirirlər. Qeyd edək ki, erməni mətbuatında vaxtaşırı olaraq Xocalı hava limanının fəaliyyətə başlayacağı ilə bağlı konkret tarixlər göstərilsə də bu məlumatlar sonradan öz təsdiqini tapmayıb.

Xocalı aeroportu ilə bağlı yaranan mübahisəli məqamların fonunda Füzulu aeroportunun tikilməsi, Füzulidən Şuşaya yolun çəkilməsi nədən xəbər verir?

Politoloq Elxan Şahinoğlu “Həftə içi”nə bildirib ki, Azərbaycan təbii olaraq Xocalı aeroportunu öz nəzarətinə götürməli, ora bizim hərbçilərimiz və gömrük xidmətimiz nəzarət etməlidir.

Politoloq hazırda Dağlıq Qarabağa, Şuşaya səfərlər etmək üçün Füzulidə aeroportun olmasına ehtiyac duyulduğunu deyib:

“Bu ilin yay ayında Şuşada, Qarabağda böyük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ona görə də Füzulidə belə bir hava limanı tikilir. Bu o demək deyil ki, biz Xocalı hava limanından əlimizi üzmüşük. Bu, belə deyildir. Xocalı bizim nəzarətimizdə olmadığına görə, oradakı hava limanından hər hansı uçuşlara icazə verə bilmərik. Oradan separatçılara silah-sursat daşına bilər. Xocalı hava limanı o halda işləyə bilər ki, həmin ərazilər tam olaraq bizim nəzarətimizdə olsun”.

Politoloq bildirib ki, hazırda Xocalıya və digər ərazilərə nəzarət edən Rusiya sülhməramlılarının fəaliyyəti faktiki olaraq Azərbaycana qarşı yönəlib:

“Sülhməramlılar separatçılarla birləşiblər. Rusiya sülhməramlılarının özbaşınalığının qarşısını almaq üçün bölgəyə Türkiyə hərbçiləri gəlməlidir. Ağdamda Monitorinq Mərkəzi fəaliyyətə başlamalıdır. Bundan başqa biz Laçındakı dəhlizi nəzarətə götürməliyik. Elcə də Türkiyə hərbçiləri Laçın və Kəlbəcərdə də olmalıdır. Azərbaycan Laçın dəhlizində giriş-çıxışa nəzarət etməlidir. Həmin ərazilərə sərhədçilərimiz nəzarət etməsə, belə pozuntilar getdikcə davam edəcək. Bu olmadığı təqdirdə, Azərbaycan ərazilərində hava nəqliyyatı bərpa edilə bilməz. Xocalı hava limanının bərpası bütün nəzarətin Azərbaycana keçməsindən başlayır”.

 

Oxunma sayı 266
Siyasət rubrikasından digər xəbərlər