“Azərbaycan Ordusu NATO standartlarına cavab verir“

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Bu gün Azərbaycan ordusu NATO standartlarına cavab verir“. Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, hazırda NATO ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. “Biz postsovet ölkələri arasında istər hərbi, istər ictimai sahədə, istərsə də parlamentlərarası əlaqələr sahəsində çoxsaylı proqramlarda iştirak edirik. Postsovet ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə Azərbaycandır“, - Novruzov əlavə edib. Millət vəkili onu da deyib ki, həmin proqramlarda iştirak olduqca vacibdir. “Bu proqramlar çərçivəsində bizim zabitlərimizin tədrisi, yeni silahların istifadə qaydalarının hərbiçilərimizə öyrədilməsi və ümumilikdə ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi həyata keçirilir. Bu gün Azərbaycan Ordusu həm təhsil, həm rabitə, həm də digər məsələlərdə NATO standartlarına uyğunlaşıb“, - o vurğulayıb. NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı, əsasən, “Sülh naminə tərəfdaşlıq“, “Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı“, həmçinin, “Planlaşdırma prosesi və analiz“ proqramları əsasında həyata keçirilir.