HƏFTƏNİN "şöhrətlisi" - Həftə-reytinq

18:47 16.01.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev bu həftə İlham Rəhimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

HƏFTƏNİN "məşhuru"

Bir zaman dünyaca məşhur model olan Loni Uillison jurnalistlərin obyektinə tuş gəlib.  Kaliforniya ştaında yaşayan model çarəsiz vəziyyətdədir.  Belə ki, o, zibil qutularını qarışdırarkən yaxalanıb. Daha sonra 37 yaşlı Uillison təkərli bir araba ilə bütün əşyalarını özü ilə apardığı görüntülənib.  Uillisonun 2018-ci ildə küçələrdə yaşadığı bəlli olub. İngiltərənin "The Sun" qəzetinə danışan keçmiş model heç kimdən kömək istəmədiyini bildirib. 

 

HƏFTƏNİN "atası"

Şabran rayonunda güllələnmə faktı baş verib.  Hadisə rayonun Pirəmsən kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Teyyub Məmmədovun oğlu Ürfan Məmmədov arasında mübahisə düşüb. Mübahisə zəminində ata oğlunu qorxutmaq məqsədilə həyətdə olan vaqona atəş açıb. Güllə vaqona dəyəndən sonra qırmalardan bir neçəsi 37 yaşlı Ürfana dəyib. Sol gözünün qaş nahiyəsindən xəsarət alan Ü. Məmmədov Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.  Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

HƏFTƏNİN "bədbəxt milyonçusu"

San-Fransiskoda yaşayan Stefan Tomas adlı Almaniya vətəndaşı içində 220 milyon dollar olan "Bitkoin" hesabının şifrəsini unudub. Alman proqramçının şifrəni doğru təxmin edə bilmək üçün sadəcə 2 şansı qalıb. S.Tomas yanlış təxminlər etsə, hesabı batacaq. "Nyu-York Tayms"a açıqlama verən proqramçı ən çox istifadə etdiyi şifrə formalarını sınaqdan keçirdiyini, lakin heç biri işə yaramadığı üçün pullarını götürə bilmədiyini deyib. Qeyd edək ki, S.Tomas 2010-cu ildə biri 4 dollara olan 7 min 200 ədəd "Bitkoin" alıb. Hazırda "Bitkoin"lərinin biri 35 min dollara yaxın dəyər daşıyır. Proqramçı tvitter hesabından verdiyi açıqlamada "ümid edirəm, mənim səhvlərimdən dərs çıxaranlar olar. Bir parça proqnoz 10 illik peşmanlığın qarşısını ala bilər" sözlərini yazıb.

 

HƏFTƏNİN "ən yaxşıları"

Türkiyədə “Radyo Televizyon Gazetecileri Derneği” 2019-cu ilin Media Oskarları mükafatını sahiblərinə təqdim edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimdə bir çox aktyor müxtəlif nominasiyalarda mükafatlandırılıb. Gecədə “Ən yaxşı serial” nominasiyasında reytinq rekordu qıran “Hercai”, “Ən yaxşı aktrisa” nominasiyasında Ebru Özkan, “Ən yaxşı aktyor” nominasiyasında Burak Özçivit, “Ən yaxşı yarışma proqramı” nominasiyasında isə aktyor-aparıcı Kenan İmirzalıoğlu mükafatlandırılıblar.

 

HƏFTƏNİN "boşanması"

Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni boşanmaq qərarı alıb. Bu barədə "Life & Style" jurnalı məlumat yayıb. Bildirilib ki, cütlük övladlarının təhsilinə görə mübahisə edib. 60 yaşlı Corc uşaqların Amerikada, Amal isə Britaniyada təhsil almasını istəyir. Fikir ayrılığı yaşayan ər-arvadın bu səbəbdən də münasibəti korlanıb. Qeyd edək ki, daha əvvəl də cütlüyün boşanacağı haqda xəbərlər yayılmışdı.

Oxunma sayı 213