Həftənin “3 milyonluq başı” - Həftə-reytinq

18:15 24.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İranlı deputat Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı öldürəcək şəxsə 3 milyon dollar ödənilməsini təklif etdi.  “Kirman vilayətinin sakinləri adından Trampı öldürən və onun başını bizə gətirənə 3 milyon nağd pul ödəyəcəyik”, - deyə Ə.Həmzə parlamentdə çıxışı zamanı bildirib. Deputatın bu açıqlamaları iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra son 20 gündə gərginləşən ABŞ-İran münasibətlərində yeni cığır açıb. Ekspertlər bu tipli açıqlamaların qarşıdurmanı daha da dərinləşdirdiyini qeyd edirlər.

 

Həftənin “banknotu”

Çərşənbə axşamı Bakıda Atatürk Mərkəzində Azərbaycan və Türkiyənin görkəmli tarixi şəxsiyyətləri – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadəyə və Osmanlı Ordusunun generalı, Qafqaz Azadlıq Ordusunun komandiri Nuru Paşaya həsr olunmuş 0 avro nominalında suvenir avrobanknotların təqdimatı keçirildi. Bu iki görkəmli şəxsiyyətin portretləri “EuroSouvenirBank” layihəsi çərçivəsində hazırlanmış əsginazın üzərində təsvir edilib. Mərasimdə layihənin təşəbbüsçüsü, türkiyəli kolleksiyaçı Özgür Honça, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycanın ictimai xadimləri iştirak ediblər. Təqdimat çağdaş Azərbaycan dövlətinin qurulması, Türkiyə-Azərbaycan münasibətləri, 1918-1929-cu illərdə ilk demokratik respublikanı quran və Azərbaycan milli ideyasının əsasını qoyan xadimlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı problemlərin müzakirəsi üçün əsas olub.

 

Həftənin “kitabpaylayan namizədi”

85 saylı seçki dairəsindən deputatlığa namizəd Rizvan Qənbərov qeyri-adi seçki kampaniyası keçirdi. Seçicilərlə görüşlərə başlayan namizəd uşaqlara kitablar paylayıb. Bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib: “Seçicilərlə görüşlərə gedərkən harda uşaq görsəm, dayanıb onlara kitablar verirəm. İstəyirəm ki, oxusunlar. İyirmi il sonra Şamaxını, Azərbaycanı onlar inkişaf etdirəcək. Şamaxı sağlam böyüməsini, keyfiyyətli təhsil almasını istədiyimiz, gözünün içi gülsün deyə çalışdığımız bütün uşaqlarındır.”

 

Həftənin “qarlı müqəddəs məkanı”

Planetin şimal - soyuq hissəsində olan bir çox ölkələr qara həsrət qaldığı halda qızmar səhralıqları ilə tanınan Ərəbistan yarımadasına, o cümlədən dünya müsəlmanlarının əsas müqəddəs şəhəri sayılan Məkkəyə qar yağdı.

Çərşənbə axşamı – yanvarın 21-də yağan qar şəhəri, eləcə də Həcc zəvvarlarının başına dövrə vurduğu müqəddəs Kəbəni ağ örpəyə bürüyüb.

Məkkədən çəkilən görüntülər  internetdə böyük maraqla qarşılanıb.

 

Həftənin “namizəd tənqidçisi”

“Bəzi deputatlar olur ki, onlar seçilənə qədər görünür”. Bu sözləri bir sıra deputatlığa namizədləri tənqid edən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dedi.

“Amma seçildikdən sonra seçicilər onun üzünü görmürlər”, – T.Əhmədov əlavə edib.

 

Həftənin “Kəlbəcər ermənisi”

Azərbaycanın 28-ci ildir  işğal altında qalan Kəlbəcər rayonunda məskunlaşmış erməni politoloq Aleksandr Kananyan son günlər Tərtər çayı üzərində inşasına başlanmış  yeni su elektrik stansiyasının tikintisinin dayandırılması tələbi ilə yanvarın 21-dən aclıq elan etdi. Yanvarın 23-də Qarabağdakı separatçı rejimin “ombudsmanı”nın vasitəçiliyi ilə rejim rəhbərliyinin sözügedən obyektin inşasını dayandırması xəbəri yayıldı. Rusiya mediasında yayılmış son məlumatlarda isə deyilir ki, Kəlbəcərdəki erməni müəllim və şagirdlər müvəqqəti olaraq tətili durdurmağa qərar versələr də,  A.Kananyan  yalnız Tərtər çayı üzərindəki yeni SES-in tikintisinin dayandırıldığına tam əmin olduqdan və ümumiyyətlə, Qarabağda, yəni işğal altındakı Azərbaycan ərazilərində kiçik SES-lərin təbiətə vurduğu ziyanla bağlı komissiya yaradıldıqdan  sonra aclıq aksiyasını dayandıracağını bildirib. A.Kananyan  Qarabağdakı kriminal oliqarxiyanın sözünə etibar etmədiyini vurğulayıb. 

 

Həftənin “trampşünası”

Macarıstan yəhudisi olan amerikalı maliyyəçi Corc Soros “Facebook” şirkəti və ABŞ prezidenti Donald Tramp arasında adı verilməyən anlaşma olduğunu və bunun əsasında firmanın Ağ Evin hazırkı rəhbərinə seçkiqabağı kampaniyada yardım göstərdiyini bildirdi. “Hesab edirəm ki, Tramp və “Facebook” formal, qeyri rəsmi-surətdə qarşılıqlı yardım və ya saziş əsasında birlikdə hərəkət edirlər. “Facebook” Trampa yenidən seçilməsi üçün çalışmağı, administrasiya isə əvəzində onu hər hücumdan müdafiə etməyi boynuna götürüb”, deyə C.Soros “Bloomberg” agentliyinə müsahibəsində bildirib. Bundan başqa, xeyriyyəçi milyarder respublikaçı prezidenti öz maraqlarını ölkənin mənafelərinin fövqündə tutmaqda ittiham edib. 2016-cı il seçkilərində C.Soros aktiv şəkildə Demokrat Partiyasının namizədi Hillari Klintonu dəstəkləyib. Donald Trampın qələbəsindən sonra amerikalı milyarder onu diktatura və ABŞ-ı mafioz dövlətə çevirmək tərəfdarı adlandırmışdı.

 

Həftənin  “şərəflisi”

Prezident İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mixail Qusmanı  70 illik yubileyi münasibətilə məktubla şəxsən təbrik edib.

Oxunma sayı