Həftənin “ağ atlı diktatoru” - Həftə-reytinq

19:09 18.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreya lideri Kim Çen Inn ağ atın belində koreyalıların müqəddəs Pektusan dağına çıxaraq ilk qarla qarşılaşdı. Bu barədə Koreyanın “Mərkəzi Teleqraf” agentliyi məlumat yayıb. Məlumata görə, dağa çıxmaq "vətəni qüdrətli gücə sahib olan, tarixin ədalət və həqiqət yolu ilə yönləndirdiyi yolda mübarizəyə qətiyyətsiz iradə ilə aparan yoldaş Kim Çen Innın əfsanəvi ruhunu nümayiş etdirir". Fotodan göründüyü kimi, KXDR rəhbəri həqiqətən Pektusan dağının qarlı mənzərələrini gəzir. Bildirilir ki, səfər zamanı o, ABŞ-ın onun ölkəsinə tətbiq etdiyi sanksiyaları tənqid edib: "ABŞ-ın rəhbərlik etdiyi düşmən qüvvələr tərəfindən respublikamıza qarşı çıxan, xalqımıza əzab-əziyyət verənlər artıq xalqımımızın qəzəbinə düçar olur". Qeyd edilir ki, Kim Çen Inn daha əvvəl də KXDR rəhbəri vəzifəsində, o cümlədən ABŞ və dünya ilə Cənubi Koreyanın nüvə silahlanmasına dair danışıqlarda da Pektusan dağına çıxmışdı.

 

Həftənin “pendirsevəri”

Tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn ABŞ prezidenti Donald Tramp yenə gülüş doğuran ifadəsi ilə sosial medianın müzakirə obyektinə çevrildi. ABŞ prezidenti bu dəfə Ağ Evdə qonaq olan İtaliya prezidenti Serdjo Matarellaya “prezident Mozzarella” deyə müraciət edib. O, prezidentlərin birgə keçiridyi mətbuat konfransında qonağın soyadını bir neçə dəfə məşhur italyan pendiri olan “mozzarella” ilə eyniləşdirib.

Tramp, həmçinin, İtaliya ilə ABŞ arasındakı mədəni və siyasi əlaqələrin min illərdən bəri - antik Roma dövründən bu yana davam etdiyini söyləyib. Prezidentin bu açıqlamaları tərcüməçini də pis vəziyyətdə qoyub. Çıxışı italyan dilinə çevirən tərcüməçi ABŞ prezidentindən qeydlər alarkən dəhşətə gəlib.

 

Həftənin “doğru sözü”

“İndi elə bir dövrə gəlib çatmışıq ki, həyasızlığın adını cəsarət qoyublar”. Bu fikir  ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı olan meyxanaçı Aqşin Fateh söylədi: Meyxanaçı daha sonra deyib: “İnsan var ki, öz abrını qorumaq üçün harda susmaq lazım olduğunu bilir. İnsan da var ki, o sərhəddi, həddi bilməmək üçün harda gəldi bağırmaqla, qışqırmaqla, qalmaqalnan insanların yadında qalmaq istəyir. Amma o çox bərəkətsiz, şou, şöhrətdir. “Mənəm-mənəm” deyə demirəm. Müğənni adına yaraşmayan bəziləri var ki, onlarda bu hal qıcıq yaradır ki, hansısa meyxana deyən 10 ildir ortalıqda yoxdur və yenidən səhnəyə qayıdanda mahnıları yenə də trenddə, yenə də insanlar tərəfindən sevilir. Bir adam çıxıb ciddi oturanda deyirlər ki, özünü dartır.  Mən o şeyi bacarmıram. Mənim xasiyyətim budursa, onlarla eyni səviyyəyə düşə bilmərəm. Onlar özlərinə bunu sığışdırırlar. Hər şeyə əl atırlar ki, “Instagram"da bunların şəklinə, videosuna yetərincə baxış sayı gəlsin...”

 

Həftənin ““LGBT”şünası”

ADP sədri Sərdar Cəlaloğlu "Sizcə, xarici təşkilatların Azərbaycanda “LGBT” məsələsini təbliğ etməkdə barmağı yoxdur?” sualını belə cavablandırdı: “Təbii ki, xaricdəki təşkilatların işidir. Onların məqsədi ailə institutunu məhv etməkdir. Bunun müqabilində qrant alanlar var ki, milli-dini adətlərimizə zidd tərbiyə ilə məşğul olurlar. Biri efirə çıxıb deyir ki, kəbinə ehtiyac yoxdur, o biri qızın toya qədər seksual təcrübəsinin olmasını təbliğ edir. Digər tərəfdən, sosial şəbəkələrin rolunu qeyd etməliyik.  Məsələn, Milli Kitabxananın yanında, Yazıçılar İttifaqının altında striptiz klub fəaliyyət göstərirsə, bizə nədən danışa bilərik? Hesab edirəm ki, bütün bunlar Azərbaycanın milli dəyərlərinə qarşı məqsədli mübarizədir. Ona görə də baş verənlər insan hüquqları deyil, siyasi məsələdir, arxasında ciddi qüvvələr dayanıb. Bu gün Azərbaycana qarşı mənəvi genosid və mənəvi işğal fiziki işğaldan daha güclüdür...”

 

Həftənin “balıq mühafizəçisi”

“Xəzərdə, bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki, balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar. Düşünürəm ki, bu hal hamını narahat etməlidir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi. “Bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür və balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, bu torlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır. Bu, bir cinayət əməlidir!.. Biz balıqların qadağan olunmuş ov alətləri ilə, sintetik torlarla, elektrik cərəyanları ilə ovlanmasının aradan qaldırılması və bu torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə bütün su hövzələrində və sahillərdə aksiyalara başladıq. Balıqları məhv edənlər bilsin və qorxsun...”

 

Həftənin “zorakılıqşünası”

Tanınmış şoumen və aparıcı Kamran Həsənli qadın zorakılığında elə qadınların özlərini günahlandırdı. Teleaparıcı Yenicag.az-ın "Görünməyən tərəf” layihəsin Azərbaycanda qadınlar deyil, kişilərin zorakılığa məruz qaldığını deyib: "Mən Azərbaycanda qadınların kişiyə qarşı zorakılığını görürəm. Qadın ədəbsizliyi, qadın həyasızlığı görürəm. Bəzi ölkələrdə qadınlar əsgər gedir. Bu onların mentallığıdır. Bizdə mümkün deyil, bizim kişilərin başqa düşüncəsi olub. Siz o sütunları sındırsanız, qadın zorakılığı görəcəksiz. Bu olmamalıdır. Qadınınki gözəllikdir, şəfqətdir. Sizinki bizə verilən ruhdur. Siz ona görə zorakılığa məruz qalırsız. Siz o həddi keçsəniz, cavab zorakılığı olacaq. O həddi keçmək olmaz. Etiraz görəcəksiz! Bioloji müharibə baş verə bilər!.."

 

Həftənin”Beyonssevəri”

Xalq artisti Zülfiyyə Xanbabayeva ad günü ərəfəsində daha bir yeni layihəsini təqdim etdi. Sənətçi "Oxu" adlı növbəti mahnı və kliplə pərəstişkar ordusunu sevindirib: "Təbriklərinizə görə hər birinizə ayrı ayrılıqda minnətdaram! Sizin sevginiz Allahın mənə olan böyük bir lütfüdür. Özəl günümdə bu hədiyyə də məndən Sizə gəlsin. Birgə “Oxu”yaq!"  Bəstənin musiqisi İsmail Əsədovun, sözləri isə Ayşən Məmmədovanındır. Klipə ekran həyatını isə gürcü rejissoru Zaza Oraşvili bəxş edib. Xalq artistinin obrazı üzərində tanınmış stilistlər Ruxa və Elnur Həsənov çalışıb.  O, klipdəki obrazı ilə Beyonsu xatırladıb.