Həftənin “aztəminatlı sənətçisi” - Həftə-reytinq

18:59 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meyxanaçı Namiq Qaraçuxurlu karantin günlərində ehtiyacı olan ailələrə yardım edib-etməməsi barədə ona ünvanlanan suallara cavab verdi. 

Meyxanaçı bildirib ki, 1 aydan sonra onun da yardıma ehtiyac ola bilər:
“Bir çoxları “Yardım edirsiniz, ya yox” sualını verirlər. İmkanım daxilində tanıdığım insanlara yardım etmişəm, edirəm də. Baxmayaraq ki, belə getsə, 1 aydan sonra mənim yardıma ehtiyacım ola bilər. “Özünüzü reklam edirsiniz” deyərək təhqir edənlərə görə etdiklərimi paylaşmıram. Etdikləri paylaşım cəsarətini özündə tapanlara “Tam doğru edirsiniz” demək istəyirəm. İnsanların sosial şəbəkədə aqressiv olmasını real qəbul edirəm. Vəziyyəti acınacaqlı olan saysız-hesabsız vətəndaşlar var. Bu çətin gündə Allah millətimizə, dövlətimizə kömək olsun”.

 

Həftənin “sağıcısı”

Müğənni Nadir Qafarzadə də karantin rejiminə əməl edərək, evdə qaldığını, hətta inək sağdığını vurğuladı: “Biz də ailəlikcə dövlətin qoyduğu qaydalara əməl edir, çalışırıq evdə oturaq. Doğrudur, evə təcrid olunmaq nə qədər çətin olsa da hər birimiz üçün vacibdir. Və bu, müvəqqəti bir çətinlikdir, hər halda uzun çəkməz. Məlum olduğu kimi, koronavirus problemi təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur və bir bəlaya çevrilib. Bundan əvvəl mübaribə də, aclıqlar da gördük. İndiki çətinliyin içərisində aclıq da, işsizlik də var, ölkələr iqtisadi cəhətdən böyük ziyan görüb. Düşünürəm ki, bioloji bir müharibə yaşadıq. İnanıram ki, prezidentimiz İlham Əliyevin böyük siyasəti sayəsində xalq olan sevgisi nəticəsində həmrəylik nümayiş etdirib, bu çətinliyə də sinə gələcəyik”.

Müğənni kitab oxumadığını dedi: “Kitab oxumağı deyil, daha çox televiziyanı izləməyi çox xoşlayıram. Xüsusən də heyvanlar aləmi, tarixlə bağlı proqram və filmləri çox sevirəm. Tarixlə çox maraqlanıram, düşünürəm ki, hər kəs tarixi bilməlidir. Doğrudur, tarixdə rəqəmlər çoxdur və onu yadda saxlamaq çətindir. Buna baxmayaraq çalışıram ki, tarixdə baş verən hadisələri öyrənim, xəbərdar olum. Zamanında kitablar çox oxumuşam…”

Nadir Qafarzadə karantin günlərini bağda keçirdiyini və təsərrüfat işləri ilə məşğul olduğunu bildirdi: “Yeni mahnılarım var, sadəcə karantin olduğu üçün onları yazdıra bilmirəm və buna görə də bir qədər tənbəlləşmişəm. Dinamik insan olduğum üçün, işin olmamağı məni bir qədər darıxdırır. Hazırda bağdayam, təsərrüfatla məşğulam, burada toyuq-cücə, inək var. Hətta inək sağıram, dünən qatıq da çalmışdım. Bəzən bekar, avara gəzən insanlara məəttəl qalıram ki, onlar işsiz necə qala bilir?”

 

Həftənin “anti-soveti”

Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı iclasın birinci yarısında müzakirə olunan məsələ barədə fikirlərini çatdırarkən Sovet İttifaqını tənqid etdi.

Deputat “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar müzakirələr zamanı ona söz verilməməsindən narazılığını çatdırdı. Həmçinin qanunun adına etiraz etdi. “Sovet imperiyası mənim vətənim olmayıb. Mənim kimi, milyonlarla azərbaycanlının da vətəni olmayıb. Çoxsaylı insanlarımızı repressiyaya məruz qoyub. Sovet ordusu xalqımıza qarşı 20 yanvar qırğınını törədib. Sovet imperiyasının sonuncu rəhbəri Mixael Qorbaçov bizə Qarabağ dərdini verib. Bu, necə mənim vətənim ola bilər?”

F.Ağamalı ardınca dedi ki, yubiley medalının adı ilə bağlı MDB ölkələri arasında razılaşma əldə olunub: “Amma bundan sonra Sovet İttifaqını vətən kimi təsvir etməli deyilik”.

 

Həftənin “donor nazirləri”

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirildi.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın mediaya verdiyi məlumata görə, aksiya koronasvirus pandemiyasının dünyada sürətlə yatıldığı vaxtda talassemiyalı xəstələrin qan çatışmamazlığı ilə üzləşməməsi, həmçinin, cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədi ilə gerçəkləşib.

Gənclər və İdman naziri Azad Rəhimov və Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər, KATV və İdman Jurnalistləri Federasiyasının (İJF) da nümayəndələri qatılıb.

 

Həftənin “məhkum partiyası”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi arasında məhkəmə çəkişməsi var. Adı çəkilən idarə partiyadan ödənilməyən icarə haqqını tələb edir.

Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi məhkəməyə müraciət edərək bildirib ki, 2012-ci ildə AMİP-in Nizami rayon təşkilatı üzrə 1035, Səbail rayon təşkilatı üzrə isə 1410 manat olmaqla cəmi 2445 manat məbləğində icarə haqqı üzrə yaranmış borcu var. İdarə məhkəməyə mürciət edərək borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Cavabdeh AMİP-in sədri Arzuxan Əlizadə izahatında iddia tələbini qəbul etmədiyini və üç illik iddia müddətinin ötürüldüyünü bildirib.

İş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, partiyanın icarəyə götürdüyü qeyri-yaşayış sahəsi 2012-ci ilə qədər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olub. Daha sonra həmin qeyri-yaşayış sahəsi Bakı Şəhər İcra Hakimiyətinin balansına verilib. 2013-cü ildə isə AMİP rəhbərliyi dəyişib. Partiya rəhbərliyi həmin müddətə qədər də icarə haqqı ilə bağlı borclarının qalmadığını bildirib.

Məhkəmə qətnamədə göstərib ki, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi 3 illik iddia müddətini buraxdığı üçün iddia rədd edilir.

Qeyd edək ki, partiyanın qurucusu Etibar Məmmədovdur.

 

Həftənin “qazanclısı”

“Amazon” onlayn alış-veriş portalının səhmlərində baş verən yüksəliş, korporasiyanın təsisçisi və rəhbəri, iş adamı, sərmayədar və xeyriyyəçi Ceff Bezosa (Jeff Bezos) milyardlarla ABŞ dolları qazandırdı.

Bu barədə məlumatı “Forbes” jurnalı öz saytında təqdim edib.

Nyu-York əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının nəticələrinə əsasən “Amazon”un səhminin qiyməti 5,4 % bahalaşıb. Beləliklə, korporasiyanın 11,2% səhminin sahibi olan Bezosun səvəti 6,4 milyard ABŞ dolları (təxminən 5%) artaraq 138 milyard ABŞ dollarına çatıb.

Eyni zamanda, milyarderdən boşanması nəticəsində dünyanın ən varlı qadınlarından biri olan Bezosun keçmiş həyat yoldaşı Makenzi Bezosun sərvəti də ticarət sessiyası dövründə 2,2 milyard ABŞ dolları artaraq 44,8 milyard ABŞ dollarına qədər yüksəlib.

 

Həftənin “yardımsevər aşığı”

Aşıq Namiq Fərhadoğlu karantin günlərində çətin günlər yaşayan ailələrə yardım edən sənətçilər sırasına qoşuldu. O, aşıq dostları ilə birlikdə 100-dən çox ailənin qida ehtiyacını ödədi. 

 “Hər zaman imkanım daxilində insanlara yardım etmişəm. Karantin günlərində iş yerləri bağlandığı üçün minlərlə ailə ehtiyac içindədir. Təbii ki, mən də buna biganə qala bilməzdim. Dostlarımla birləşib ehtiyacı olan ailələrə yardım paylamağa başlamışıq. Artıq 100-dən artıq ailə ərzaqla təmin olunub. 

Əvvəl bu barədə paylaşımlar etmirdim. Sonra gördüm ki, insanlar bizi qınayır, yardım etmədiyimizi düşünür. Ona görə də artıq izləyicilərim üçün paylaşıram. Həm də ehtiyacı olan insanların başqa problemlərinin işıqlandırılmasına yardım etmiş oluram. Çünki onlar arasında xəstə, müalicəyə ehtiyacı olan, evsiz, şəraitsiz vəziyyətdə yaşayanlar da var”

 

Həftənin “kobud müğənnisi”

Əməkdar artist Vasif Məhərrəmli onu tənqid edən izləyicisini təhqir etdi. 

Hazırda Qazaxda olan sənətçi yardım qutularının görüntülərini sosial şəbəkədə paylaşıb. Qutuların üzərində “Əməkdar artist Vasif Məhərrəmli” yazılması birmənalı qarşılanmayıb. 

Belə ki, izləyicilər ifaçıya “Əməkdar artist sözünü yazmaya bilərdiniz. Nəyə lazım idi?” kimi şərhlər yazıb. Vasif isə izləyiciləri iradının qarşılığında təhqir edib. 

Bundan əlavə Məhərrəmlinin villasının görüntülərinin də videoda yer alması   tənqid olunub. 

Qeyd edək ki, Vasif Məhərrəmli dəfələrlə izləyicilərini təhqir edib. 

Oxunma sayı 107