Həftənin “Bolton-Qarabağ nağılı” - Həftə-reytinq  

18:55 27.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Nezavisimaya qazeta”nın erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışıldı: “Onun vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı (qondarma “DQR”in “xarici işlər naziri”) hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib”.

 

Həftənin “arvadşünası”

Bu günlərdə Moskva müftisi İldar Alyautdinovun  Rusiyada çoxarvadlılığın qanuniləşdirilməsi təklifini irəli sürməsinə Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə belə münasibət bildirdi: “Bu təklif ondan irəli gəlir ki, Rusiyada qadınların sayı kişilərin sayından çoxdur. Həmçinin müsəlman adətləri də burada öz təsirini göstərir. Guya ki, İslam dinində 4 arvad  almaq olar. İnanmıram ki, bu Rusiyada mümkün olsun.  Rusiya mədəniyyəti xristian-pravoslav mədəniyyətidir və bu mədəniyyətdə bu cür şeylər qadağandır. Ümumiyyətlə, Rusiyada çoxarvadlılığa əxlaqsızlıq, məhəbbətin olmaması, qadının alçaldılması kimi baxırlar. Odur ki, inanmıram, bu təklif keçsin...”.

 

Həftənin “zəlzələli qarğışı”

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi olan əməkdar artist Elza Seyidcahan  onun şeirlərinə məsxərə edənlərə od püskürdü: “Sağlam tənqidlərə baxıram. İnkişaf etmək lazımdır. Tənqid edən insanın savadı olmalıdır. Bəzi insanların fəlsəfə elmindən, palifoniyadan anlayışı yoxdur. Ümumiyyətlə, poeziyanı duymurlar. Özlərinə sərf edən formada anlayırlar. Zaman gələcək, mən necə yazmışam, onu da başa düşəcəklər. Mən Allahın ətəyindən yapışdığım kimi, onlar da mənim ətəyimdən yapışıblar. Ardımca gəlmək istəyirlər. Musiqimizi məhv edənlər nə qədər də çox olsalar, mənim bir notuma belə toxuna bilməzlər. Gəlib kor-koranə musiqimizi məhv etməyə ixtiyarları yoxdur. Bahalı restoranların içərisində ucuz, keyfiyyətsiz, mikroblu musiqiləri yaymaqdansa, zəlzələ olsun, o restoranlar dağılsın!..”

 

Həftənin “ağackəsən baş həkimi”

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edildi. S. Fətəliyev cümə axşamı tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb. Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunub. Buna səbəb isə müvafiq qurumlar tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində "QAZ-52" markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması olub. Belə ki, araşdırma zamanı ağacların Şamaxı Mərkəzi Rayon Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkarlanaraq təbiətə 3 000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

 

Həftənin “eşqşünası”

Müğənni Aygün Kazımova rusiyalı həmkarı Filip Krikorovla eşq yaşaması barədə Rusiya mətbuatında yayılan xəbərlərə aydınlıq gətirdi.  Xalq (!) artisti jurnalistlərin suallarını cavablayarkən sevgilisi olmadığını deyib: “Filip ilə yaxın dostuq. Yeni işbirliyimizi təqdim etdik. Yenidən eyni konsertdə çıxış edə bilərik. Sevgili olduğumuz barədə yazılanlara gəldikdə isə siz ki bunu yaxşı bilirsiniz, Filip ilə aramda heç nə yoxdur. İstəsəniz, sevgili olarıq (gülür). Hazırda  sevgilim yoxdur. Həyatımda sizdən – sevənlərimdən başqa kimsə yoxdur”.

 

Həftənin “selfipərəst prezidenti”

Salvador Prezidenti Naib Bukele BMT-nin Baş Assambleyasındakı çıxışını selfi ilə başladı. O, siyasətin yeni formatlarından söz açaraq şəkli dərhal “Tvitter” səhifəsində yerləşdirib. Salvador liderinin sözlərinə görə, Baş Assambleyanın formatı gün-gündən köhnəlir və onu zəmanənin tələblərinə uyğun dəyişmək lazımdır. Bukele siyasətçilərə sosial şəbəkələrdən daha çox istifadə etməyi təklif edib.

 

Həftənin “azərbaycanlı teleaparıcısı”

Əslən azərbaycanlı olan teleaparıcı Svetlana Zeynalova peşəkar nailiyyətlərə görə fəxri mükafat aldı. "Dobroye utro" ("Sabahınız xeyir") proqramının aparıcısı ən yaxşı teleaparıcı seçilib. Qeyd edək ki, Moskvada "Successful Ladies Awards" tədbiri keçirilib və biznes, elm, idman, incəsənət sahəsində ən uğurlu nümayəndələrin adları müəyyənləşib. Rusiyanın "Birinci" kanalının əməkdaşı Svetlana Zeynalova ən yaxşı teleaparıcı adına layiq görülüb.

 

Həftənin “küçəsi”

Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (hərbi hospitalın yanı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir ki, bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olundu. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Musavat.com-a verilən məlumata görə, AAYDA tərəfindən Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib. İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin istifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.