Həftənin “cavanı” - Həftə-reytinq    

18:29 20.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xalq yazıçısı Çingiz Abdullayev başına gələn maraqlı əhvalatdan söz açdı. O,  60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi mələklər” adlı görüşdən sonra qonaqlarla səmimi ünsiyyət qurub. Ç. Abdullayev sosial şəbəkələrdə onun adından istifadə edərək, gənc qızlarla tanış olanlardan zarafatla bəhs edib: “İnstagram, tvitterdə yoxam. Orada mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz. Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə “feysbuk”da varam. Amma mənim adımdan tanış olurlar...”.

Bu haqda görüntüləri tədbirdə iştirak edən bloqqer Günel Bəkirova instagram səhifəsində paylaşıb.

 

Həftənin “ovçu Prezident oğlu”

Monqolustanın ətraf mühit və turizm naziri N.Tserenbat  ABŞ prezidenti Donald Trampın oğlunun Monqolustanda arqali (dağ qoyunları) ovladığı barədə məlumatların həqiqətə uyğun olduğunu bildirdi. Onun sözlərinə görə, Monqolustan bununla bağlı ov səyahəti şirkətləri vasitəsilə ABŞ prezidentinin oğluna icazə kvotaları verildi. Bu isə o deməkdir ki, onlar tərəfindən Monqolustan qanunlarına əməl edirlər. Qanunsuz bir şey baş verməyib. 

 

Həftənin “xəstə deputatı”

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparıldı. O, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb. Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

"Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi", - klinikadan mediaya bildirilib.

 

Həftənin “məscidi”

Naxçıvandakı Allahşükür məscidinə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Agentliyi tərəfindən Dini İcmaların Dövlət qeydiyyatı haqqında 19 saylı Şəhadətnaməsi verildi. Şəhadətnamə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olundu. Allahşükür məscidi dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək bu məscidin Naxçıvan Muxtar Respublikasının Tarix və mədəniyyət abidələrinin reyestrində 4/308 saylı qeydiyyat kartında istifadədə olan və ölkə miqyasında mühafizə olunan memarlıq abidəsi kimi göstərilən məscidin memarlıq kompozisiyası, qısa təsviri əksini tapır. Göstərilir ki, Ordubad rayonunun Dırnıs kəndinin gözəl panorama malik hündür ərazisində yerləşən məscid zal, zalın arxa tərəfində minarə, sağ, sol və arxa tərəflərdə koməkçı otaqlardan ibarətdir. 15x14 metr ölçülərdə olan məscid binasının 19,6 metr hündürlüyündə və diametri 2 metr olan dəmir-beton minarəsi vardır. Binanın qərb fasadında milli memarlığımızın vacib elementi olan baş portal yerləşdirilib və portal Möminə xatun türbəsinin özünəməxsus memarlıq tağı və ornamentləri ilə bəzədilib.

 

Həftənin “etikalı şahzadə arvadı”

Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midlton hərəkəti ilə hamını şok etdi. Yeni il şənliyinə hazırlıqla bağlı proqramda Keyt həyat yoldaşının ona toxunmasına icazə vermədi. Bu hadisə dünya mətbuatında geniş müzakirəyə səbəb olub. Belə ki, Uilyam ailəsi, uşaqları haqqında danışarkən Keytin çiyninə toxumaq istəyib, amma Keyt həyat yoldaşının əlini itələyib. Bu hərəkət dünya mətbuatının diqqət mərkəzindədir və müxtəlif səbəblərin ola biləcəyi bildirilib. Bir çoxları Keytin protokola, bəziləri isə onun qıdıqlandığına və cütlüyün arasının yaxşı olmadığına görə bu addımı atdığını qeyd edib. İndiyə kimi Krallıqdan məsələ ilə bağlı açıqlama verilməyib.

 

Həftənin “səyyah azərbaycanlısı”

Azərbaycanlı sosial media fəalı Ağa Mehdi piyada və velosipedlə Avropanın 10 ölkəsini təkbaşına gəzməyə başladı. Bu barədə mediaya Ağa Mehdi özü məlumat verib. O bildirib ki, Avropada sərt qış hökm sürməsinə rəğmən, artıq iki ölkənin sərhədini tək başına keçib. Qeyd edək ki, azərbaycanlı gənc 2019-cu ilin 29 noyabrından Estoniyanın paytaxtı Tallindən yola düşərək Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa və İspaniyanı velosipedlə keçmək niyyətindədir. Səfəri zamanı 10 Avropa ölkəsini piyada gəzmək istəsə də, müəyyən çətinliklər buna mane olub: "Əgər nəsib olarsa, Portuqaliyaya qədər məsafəni qət etmək fikrindəyəm. Əvvəlcə bütün məsafəni piyada getmək istəyirdim. Hətta qarlı, şaxtalı günlərdə təxminən 90 km məsafəni də qət etdim. Mövcud şərtlər onu göstərdi ki, yolumu velosipedlə davam etidmrək məcburiyyətində qaldım".

 

Həftənin “azərbaycanlı futbol agenti”

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov menecerliyə başladı. Azərbaycanəsilli keçmiş futbolçu bunu yerli mətbuata açıqlamasında deyib. O, artıq bir neçə müştərisinin də olduğunu bildirib: "Siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq".

Oxunma sayı