Həftənin “erməni düşməni” - HƏFTƏ-REYTİNQ

19:55 16.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Mənə Bakıda, Azərbaycanın paytaxtında ermənilər tərəfindən təzyiqlər var idi…” Bu gözlənlməz məlumatı tanınmış ermənişünas alim,  Türkiyənin Kayseri şəhərindəki  Ərciyəz Universitetində pedaqoji fəaliyyətlə məşğul olan professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a müsahibəsində verdi. Bakıda ermənicə çıxan “Kommunist” qəzetində işləməyindən bəhs  edən alim bunları da söyləyib: “...Ermənilər məni işə götürmək istəmirdilər, çünki qəzetdə hansı yazıların, Azərbaycanın əleyhinə hansı fəaliyyətlərin olduğundan xəbərdar olacağımdan ehtiyat edirdilər.  Qəzetdə yaradıcı işçi olaraq tək azərbaycanlı olmağım onları çəkindirirdi.  Amma onları dəf etmək və bəzi erməni şovinistlərini ifşa etmək qərarlılığım da olmuşdur. Mənim oraya işə girməyimdə Mərkəzi Komitənin ideologiya katibliyi maraqlı idi. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu bilən və buna çalışan  yoldaşlar vardı.  Bu qəzetdə mən düz  9 il, 1989-da o qəzet bağlanana qədər işlədim…”

 

Həftənin “komandan azərbaycanlısı”

ABŞ Hərbi Dəniz Donanmasının kapitanı Kavon Həkimzadə "USS Harry S.Truman" aviadaşıyıcısının komandanı təyin olundu. Məlumata görə, Həkimzadənin atası iranlı, anası amerikalıdır. Ailə islam inqilabından sonra İranı tərk edib. Həmin vaxt K.Həkimzadə 11 yaşında olub. 30 ildir donanmada xidmət edən Həkimzadə bundan əvvəl ABŞ 6-cı donanmasının flaqmanı "Mount Whitney" gəmisinin komandiri idi. Qeyd edək ki, Kavon Həkimzadə İran azərbaycanlısıdır.

 

Həftənin “xilaskar azərbaycanlısı”

Rusiyanın Nijnevartovski şəhərində 25 yaşlı Şəhriyar Axundov alovun bürüdüyü evin sakinini xilas etdi. Axşamüstü şəhərin Divnı qəsəbəsində yanan evlərdən birində olan sakini yoldan keçən azərbaycanlı gənc bayıra çıxardıb. “Hasarın üstündən adlayıb evə girdim, otaqları dolaşıb divanda köməksiz vəziyyətdə qalan bir kişini gördüm. Onu qucağıma alıb bayıra çıxartdım”, – deyə baş verəni nəql edən Şəhriyar əlavə edib.

 

Həftənin “parodiya hədəfi”

Ukrayna televiziyasında əyləncəli kontent yaradan “Kvartal-95” studiyası prezident Vladimir Zelenskiyə parodiya nümayiş etdirdi. Artistlər dövlət başçısı və onun köməkçisi Andrey Boqdan arasında olan münasibətlərə mahnı qoşublar. Aktyorlar həmçinin, Zelenskinin idman həyatını yamsılayblar. Prezidenti səhnədə “Şumaxer qardaşları” cütlüyünün üzvü, aktyor Yuri Veliki canlandırıb.

 

Həftənin “pedofil milyarderi”

ABŞ-da bu günlərdə həbsxanada müəmmalı şəkildə ölən, pedofil-milyarder “Ceffri Epşteyn işi” okeanın bu tayına, yəni Böyük Britaniyanın krallıq sarayına qədər uzandı. Bilindiyi üzrə, milyarder Ceffri Epşteyn azyaşlı qızları zorlamaq və onları pul müqabilində başqalarına satmaq cinayəti ilə həbs olunmuşdu.  Əxlaqsız iş adamının qızları peşkəş çəkdiyi şəxslər arasında siyasət və iş dünyasının böyük nüfuzlu şəxslərinin olduğu deyilir. Onun vaxtilə indiki prezident Donald Trampla da dostluq etməsi diqqət çəkib. Lakin işin içinə kraliça II Yelizavetanın ailəsinin, daha doğrusu kiçik oğlu, York hersoqu Endryunun adının qarışması vəziyyəti daha da qarışdırıb. Coanna Şoberq adlı amerikalı gənc qız hələ 2015-ci ildə, milyarderin adının qarışdığı başqa bir işlə əlaqədar verdiyi ifadədə bildirib ki, Ceffri Epşteyn onu və Virciniya Cuffr adlı başqa bir qadını II Yelizavetanın oğlu şahzadə Endryu ilə zorla cinsi əlaqəyə girməyə məcbur edib. Həmin vaxt Coanna Şoberqin cəmi 16 yaşı olub.

 

Həftənin “casus avtomobili”

Ceyms Bond obrazının filmlərdə istifadə etdiyi avtomobil ABŞ-da hərracda satıldı. 1965-ci il istehsalı olan və casus funksiyaları ilə təchiz edilmiş “Aston Martin DB5” avtomobilini 6,4 milyon dollara əldə ediblər.Avtomobili alan şəxsin kimliyi açıqlanmayıb.  Qeyd olunur ki, həmin avtomobil Bond haqqında filmlərin təbliğ olunması üçün yaradılıb və heç bir filmdə yer almayıb.

 

Həftənin “utancaq aktyoru”

Amerika aktyoru Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqladı. Di Kaprionun sözlərinə görə, Tobi Maquayr kimi, o da tamaşaçıların “Dons Plam” kafesi” filminə baxmalarını istəməzdi. O, Tobi Maquayr ilə bu filmdə karyerasının əvvəlində çəkilib. Di Kaprio təcrübəsiz olduğuna görə rolunu pis oynayıb. Aktyor deyib: “Mən bu rol üzərində cəmi bir gecə işləmişəm. Başa düşürsünüzmü, mən kömək etmək istəyirdim”.

 

Sultan Laçın