Həftənin “ərsevər artisti” - Həftə-Reytinq

18:36 29.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müğənni Brilliant Dadaşova  həyat yoldaşına həsr etdiyi yeni klipini təqdim etdi. Söz və musiqisi Fərid Kərimliyə məxsus olan "Şükür ola" adlı mahnıya çəkilən klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi çəkiliblər. Onlar ekran işində sevgili cütlüyü canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb. Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Ədalət Hacıyevin doğum gününə həsr edib. O, sosial şəbəkə hesabında bu sözləri yazıb: "31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm". 

 

Həftənin “təxribat hədəfi”

“Ümid” partiyası sədri İqbal Ağazadə son günlər ona qarşı təxribatlar törədildiyini iddia etdi. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) vətəndaş İ.Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb. İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-a bildirib ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektrik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib. Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib. İ.Ağazadə elektrik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər. İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuriyeviç 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır. Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir. Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

 

Həftənin “deputatlığa namizədi”

“Deputat olmağa çoxdan qollarımı çırmalamışam, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram”.  Bu sözləri əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirdi. “Bu, məni çox sevindirir ki, xalqımız üçün bu qədər maraqlıyam. Hər zaman bu haqda mənə sula verirlər ki, “Elza xanım, deputatlığa namizədliyinizi verəcəksinizmi”, “Niyə həmişə çalışmışam ki, millət vəkili seçilim”. Əməkdar artist gözlənilən parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: “Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm.  Bildiyiniz kimi, şüarım belə idi: ”Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb...”

 

Həftənin “vətən xaini”

Ötən cümə axşamı - noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlətinə xəyanətdə ittiham edilən Fəxrəddin Abbasovun işi ilə bağlı məhkəmə baxışı iclası keçirildi. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesin qapalı olması qərara alınıb. Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Azərbaycan Respublikası CM-nin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib. Bildirilib ki, Bakı şəhəri Səbayel Rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov F. F. barəsində həbs-qətimkan tədbiri seçilib. Abbasov F.F. Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri  Hava Limanında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

 

Həftənin “rəqqas baş nazir arvadı”

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan dünən - noyabrın 28-də Azərbaycanla düz sərhəddə yerləşən Tavuş rayonunun Movses kəndində oldu. İşğalçı ölkə saytlarının yaydığı məlumata görə, Ermənistanın 1-ci xanımı bu haqda özünün “Facebook” səhifəsində paylaşım edib. A.Akopyan İrəvandan 249 km məsafədə yerləşən kəndin orta məktəbinə də baş çəkib, şagirdlərlə erməni rəqslərinin popurrisini oynayıb...

 

Həftənin “Ana Vətən”çisi

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 28 noyabr 2019-cu il sərəncamı ilə sabiq maliyyə naziri Fikrət Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edildi. Qeyd edək ki, 62 yaşlı Fikrət Yusifov  1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib. 2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir. 2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis etmiş və onun sədri seçilmişdir. Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir. Ailəlidir, dörd övladı var.

 

Həftənin “azərbaycanlı rəssam uşağı”

Kiçik yaşlarından rəsmlə məşğul olan 12 yaşlı azərbaycanlı Mikayıl İmanov Türkiyədə ilk rəsm sərgisini açdı. “Haber Global”ın məlumatına görə, İmanovun işləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Gənc rəssamın 134 illik IŞIK məktəblərinin Muvaffaq Benderli foyesində keçirilən “Şəcərə ağacı” adlı şəxsi sərgisində mədəniyyət və incəsənət həvəskarları iştirak ediblər. Mikayıl bütün əsərlərini 10 və 11 yaşlarında tamamlayıb, 12 yaşında isə sərgi açaraq, 46 rəsmini təqdim edib. Kiçik yaşlarında rəssam kimi yaşıdlarına örnək olan Mikayıl İmanov təxəyyülünü kətan üzərində əks etdirərək, öz əsərlərini incəsənətsevərlərə çatdırıb.