Həftənin “əsməcəli dövlət başçısı” - HƏFTƏ REYTİNQ 

19:51 28.06.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Almaniya Kansleri Angela Merkeli rəsmi tədbir zamanı növbəti dəfə əsməcə tutdu. Məlumata əsasən, Merkel Almaniya prezidenti Frank-Valter Ştaynmayerin keçirdiyi rəsmi qəbul zamanı əsməyə başlayıb. Ona su təklif edilsə də, Merkel bundan imtina edib. Olaydan sonra Almaniya Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olundu ki, Merkel özünü yaxşı hiss edir və Yaponiyada keçiriləcək "G20" sammitində iştirak etmək üçün yola düşməyə hazırlaşır. Qeyd edək ki, iyunun 18-i də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Almaniya kansleri Angela Merkel özünü pis hiss edib. Həmin vaxt da Merkel gözlənilmədən əsməyə, titrəməyə başlayıb. Bir dəqiqə ərzində Almaniya kansleri əlinin vəziyyətini təxminən 10 dəfə dəyişib. Ukrayna Prezidenti isə öz növbəsində baş verənlərə reaksiya verməyib.


Həftənin “narkobaron prezidenti”

Braziliya Prezidenti Jair Bolsonarunun prezident təyyarəsindən 40 kq kokain aşkar edildi. Bu, prezidentin “G-20” zirvə toplantısında iştirak üçün səfər gedişində, təyyarə İspaniyaya benzin doldurmaq üçün yerə endiyi zaman baş verib. Narkotiklər prezidentin komandasına daxil olan hərbi təyyarəçilərdən birində üzə çıxarılıb. Prezident özü bu işlə qətiyyən əlaqəsini olmadığını bildirib: “Mən hərbi təyyarədə tapılan narkotik maddələrə görə məsuliyyət daşıyan şəxsin dərhal və sərt şəkildə cəzalandırılmasını tələb etmişəm”. Braziliya Müdafiə nazirliyi də hərbi qulluqçunun İspaniyada həbs edildiyini təsdiqləyib.


Həftənin “savaşçı qonağı”

Türkiyənin məşhur aktyoru Murat Serezlinin Bakıya qonaq gəldiyi bəlli oldu. Sənətçi "Savaşçı" serialında rol yoldaşı olan Kənan M. M.-in qonağıdır. Paytaxtın gəzməli-görməli yerlərini gəzən Serezli Heydər Əliyevin məzarını da ziyarət edib. Xatırladaq ki, Murat Serezli Azərbaycanda da böyük tamaşaçı kütləsi qazanmış “Savaşçı” serialında əsas qəhrəmanlardan biri olan Qopuz albay rolunu ifa edir.


Həftənin “müğənni qonağı”

Azərbaycanəsilli müğənni Sami Yusuf Bakıya gəldi. Bu barədə sənətçi öz "İnstagram" hesabından məlumat verib. Sənətçi Dənizkənarı Milli Parkda çəkdirdiyi fotonu paylaşaraq, "Gözel Bakıdan həzz alıram" deyə yazıb. Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.


Həftənin “ağlağan qalibi”

İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaratdı. Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb. Mehmanın qələbə sevinci görənləri mat-məəttəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.


Həftənin “taksi sürücüsü”

Rejissor Kənan M.M. taksi sürücülüyünə başladı. Mediaya açıqlama verən rejissor bildirib ki, artıq sürücü olaraq fəaliyyət göstərəcək: “Rejissorluğun daşını atdım. Azərbaycanda heç bir iş görməyəcəyəm. Mədəniyyətimiz üçün çox çalışdım, amma olmadı. Nazirlik ssenarimi bəyənmədi. Məni dünən film təqdimatına çağırmışdılar, getmədim. Rejissor olaraq Azərbaycanda heç bir iş görməyəcəyəm. Bu gündən başlamışam taksi sürücülüyünə. Heyf ki, ərəb və ingilis dilini bilmirəm. Bir az əziyyət çəkirəm. Amma müvəqqətidir. Sentyabr ayını gözləyirəm ki, Türkiyəyə gedim”. Qeyd edək ki, Kənan M.M Türkiyədə “Savaşçı” serialında yüzbaşı Bəxtiyar obrazını canlandırır.


Həftənin “ailədağıdan sənətçisi”

Müğənni Özcan Dəniz ilə həyat yoldaşı Feyza Aktanın boşanma detalları üzə çıxdı. Cütlük məhkəmə zalına birlikdə gəlib. Onların boşanma prosesi 15 dəqiqə çəkib və razılaşmalı olaraq nikahlarına son qoyublar. Məhkəmə zalından çıxarkən Feyzanın kədərli olması diqqətdən qaçmayıb. Feyzanı qucaqlayan Özcan onu sakitləşdirib. Onlar birlikdə məhkəmə binasından ayrılıblar. Daha öncə oğlunun himayəçiliyini istəyən Özcan məhkəmədə ortaq vəlayətə razı olub.