Həftənin “iyrənc çimərliyi” - HƏFTƏ-REYTİNQ  

18:30 02.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ötən illərə nisbətən bu mövsüm Bakı və Abşeron çimərliklərində vəziyyətin bərbad olması ilə bağlı “BAKU.WS”-in “qaynar xətti”nə şikayətlər daxil oldu.

Şikayətlər əsasən Novxanı, Bilgəh, Sahil, Buzovna, Şıx çimərliklərindən edilir.  Daha çox sahil ətrafı ərazilərin çirkləndirilməsi, zibillərin hara gəldi atılmasından  şikayət olunur. Şikayətlərdən biri də Bilgəh çimərliyindəndir. Bilgəh sanatoriyasının qarşısında çimərliyə gələnlər ətrafı zibilləyiblər. Baxmayaraq ki, əraziyə zibil qutuları qoyulub, bura gələnlər əllərinə gələnləri hara gəldi atırlar. İnternetdə Bilgəh çimərliyindən çəkilən iyrənc mənzərənin görüntüləri də təqdim edilib.

 

Həftənin “müsəlman qızı”

18 yaşlı bir müsəlman tələbə qız  gözlənilmədən  Böyük Britaniyadakı cıdır yarışlarında qələbə qazandı. Xədicə Mellah həm də ölkənin ilk hicablı jokeyi(atsürən) olub.  Müsəlman qız atları erkən yaşlarından sevir və 11 yaşından etibarən atçılıq klubuna gedir. Bu yaz Xədicə ilk dəfə yarışlarda iştirak edən bir ata minib və yaxşı nəticə göstərib.  Bundan sonra isə ona dünən - avqustun 1-də  Qudvudda baş tutan “Maqnoliya kuboku” xeyriyyə yarışlarında iştirak imkanı verilib.   Sonda hər kəsin təəccübünə səbəb olan ağ hicablı bir təcrübəsiz gənc atlı qız “Haverlend” adlı atını minərək  finiş xəttinə birinci çatıb.

 

Həftənin “şair şeyxi”

Şahzadə Hayanın məhkəmədən niyə mühafizə tələb etdiyi ortaya çıxdı. Xəbər verildiyi kimi, Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl Məktumun arvadı şahzadə Hayaya qarşı qaldırdığı iddianın ilk məhkəmə prosesində 45 yaşlı şahzadə “məcburi evlilik qoruması qərarı” tələb edib.  Dubay əmiri ilk prosesin ardınca sosial media hesabında yeni bir şeir paylaşıb.  Şeyxin paylaşdığı “Əli həzrətlərinin qılıncları” başlıqlı şeirdə çətinliklərin öhdəsindən gəlmək, ən çətin məsələləri ən asan yolla həll etmək, hökmdarlıq mübarizəsi, kəskin bıçaqlar, parıldayan qılınc və intiqam almaq məcburiyyəti kimi ifadələr diqqət çəkib. Şeyxin bu şeiri hansı səbəbdən indi paylaşdığı, ya da şeirin müəllifinin özü olub-olmadığı sual olaraq qalır. Amma şeyxin daha öncə də xəyanət mövzusunda yazdığı bir şeir diqqəti çəkmişdi. Yaxın ətrafı bildirir ki, şeyx öz hisslərini gizlətməyi sevmir və bunu daha çox sosial şəbəkə vasitəsilə paylaşır.

 

Həftənin “bərkgedən meri”

“Əgər məni Kiyev meri vəzifəsindən azad etsələr, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm”. Bunu “RBK Ukrayna”ya müsahibəsində Kiyev meri Vitali Kliçko dedi. “Mən məhkəmə instansiyalarına, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm. Əgər biz demokratik dövlət qurmaq istəyiriksə, vətəndaşların fikirlərinə laqeyd qalmağımız doğru deyil”, – deyə o bildirib. Qeyd edək ki, Kiyev şəhərinin meri seçki ilə seçilir və onun vəzifədən çıxarılması mümkün deyil. Kiyev meri yalnız təzyiqlərlə istefa ərizəsi yaza və yaxud hansısa cinayət işinə cəlb edildiyi halda vəzifə səlahiyyətlərinə xitam verilə bilər. Bir müddət əvvəl Ukrayna Prezident Administrasiyasının Kliçkonu vəzifəsindən azad etmək planı olduğu haqda məlumat yayılmışdı. Daha dəqiq desək, Ukrayna Prezidentinin Aparatı Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri V.Kliçkonun işdən çıxarılması üçün Nazirlər Kabinetindən təqdimat göndərilməsini istəyib. Bunu Baş nazirin mətbuat katibi Vasili Ryabçuk da təsdiqləyib.  Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko Kiyevin meri V.Kliçko ilə birlikdə Prezidentə qarşı birləşdiyini bəyan edib.

 

Həftənin “Şərəflisi”

Prezident İlham Əliyev tanınmış teatr və kino aktyoru, xalq artisti,  Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorHacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.

 

Həftənin “davakar aktyoru”

Türkiyənin məşhur aktyoru İbrahim Çelikkol polis tərəfindən saxlanıldı.  Aktyor istirahət üçün getdiyi Muğlada gecə klubunda dava salıb. Belə ki, səs-küs salan İbrahim və 6 dostuna xəbərdarlıq edən Bahadır Kılınç adlı şəxs onların hücumuna məruz qalıb. Almacıq sümüyü qırılan Bahadır xəstəxanaya çatdırılarkən, aktyor və dostları polis tərəfindən saxlanılıb. Onlar ifadəsi alınandan sonra  səhər saatlarında sərbəst buraxılıb. 

 

Həftənin “monqol hədiyyəsi”

Monqolustan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın oğlu Berrona at hədiyyə etdi. Bu barədə Ağ Evin saytında məlumat verilib. Heyvanı “Victory” (“Qələbə”) adlandırıblar. Bunu D.Tramp monqolustanlı həmkarı Xaltmaaqiyn Battulqa ilə görüşməzdən əvvəl deyib. “Bloomberg” ABŞ administrasiyasının nümayəndəsinə istinadən yazır ki, Monqolustan rəhbərliyi atı Berrona X.Battulqanın Vaşinqtona səfəri zamanı deyil, hələ 2018-ci ildə hədiyyə edib. Mənbə qeyd edib ki, hazırda at Monqolustandadır.