Həftənin “kasıblıqşünası” - Həftə-reytinq

18:10 06.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ASDP sədri, deputat Araz Əlizadə parlamentin buraxılması, növbədənkənar seçkilər və s. ilə bağlı “Yeni Müsavat”ın suallarını  cavablandırarkən belə dedi: “Azərbaycanda parlamentin orta yaşı 59-dur. Düşünmürəm ki, bu, yaşlı parlament hesab edilməlidir. Sadəcə, sosial şəbəkələrdə bir neçə deputatın simasında təqdim etməyə çalışdılar ki, Milli Məclis qocalıb, iş qabiliyyətini itirib. Süni şəkildə fikir yaratdılar ki, guya deputatların çıxışları cəmiyyəti qıcıqlandırır, insanları ayağa qaldırır, xalqla hökumət arasında problem yaradır. Ən çox söyülən elə bizim komitənin sədri Hadı Rəcəbliydi. Ondan qat-qat varlı və qat-qat az işləyən deputatlar var. Ancaq baxın görün, onların adları harada çəkilir? Heç yerdə onların adları yoxdur. Halbuki həmin deputatların yanında Hadı Rəcəbli ən kasıbıdır...”

 

Həftənin “villası”

Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarıldı. Rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik  malikanəyə xeyli müştəri çıxıb. Mətbuatın yazdığına görə, malikanənin yerləşdiyi İstanbul boğazında bənzərsiz gözəlliyi ilə diqqət çəkən tarixi binalar çoxdur. Artıq xeyli müddətdir ki, həm yerli, həm də əcnəbi zənginlər burada villa axtarışındadırlar. Olduqca yüksək satış qiymətləri olan bu malikanələrdən  sonuncu satışa çıxarılanı Hacı Zeynalabdin Tağıyevə məxsusdur.  

Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilir. Ərazisi 2 miin  400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir.  

 

Həftənin “ağacəkəni”

"İnsanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər. Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir".

Bunu YAP icra katibinin müavini Siyavuş Novruzov  cümə günü respuublika üzrə keçirilmiş  ağacəkmə kampaniyası haqda danışarkən dedi. Onun sözlərinə görə, YAP bu gün təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir: "70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Biz yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllıq artırılması üçün aparılacaq. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər".

 

Həftənin “amerikalı azərbaycanlısı”

Amerikada yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olundu.  Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək. Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Nəimi Amiralın dostu Elnur Eltürk məlumat verib.

Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.

 

Həftənin “sərxoş müğənnisi”

Xalq artisti Röya Ayxan “3D” proqramının qonağı oldu. O, Nəsib Nurun “Nəsin olsa” verilişinə içkili çıxdığını etiraf edib: “Sürücümlə 12 ildir çalışıram. Onun oğlu dünyaya gəlmişdi, biz isə həmin gün qonaqlıqda idik. Amma bir az içdim, normanı aşdım. Buna görə də, üzr istəyirəm”.

 

Həftənin “futbol qonağı”

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Azərbaycana gəldi. Təcrübəli mütəxəssisin səfəri AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları ərəfəsində tanışlıq məqsədi daşıyır. “Ay-ulduzlular”ın nümayəndə heyəti ilə birlikdə paytaxtımıza gələn Ş.Günəş Bakı Olimpiya Stadionuna baş çəkəcək. Qonaqlar həmçinin baza və infrastrukturla tanış olacaqlar.

 

Həftənin “futbolçu cavabı”

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azarkeşə kobud cavab verdi. “İnstaqram” vasitəsilə futbolçuya mesaj yazan şəxs ona karyerasını başa vurmağı məsləhət görüb. R.Sadıqov isə ona “səs” göndərərək təhqir tonunda cavab verib. Belə ki, futbol azarkeşi “Salam, Rəşad müəllim. Futbolu nə zaman buraxacaqsınız? Yaşlısınız artıq. Sizdən çox xahiş edirəm, futbolu buraxın. Evdə ailənizə vaxt ayırın. Azarkeşliyə keçin. Vallah, sizin yaxşılığınız üçün deyirəm” yazıb. Rəşad Sadıqov isə buna qəzəblənərək “Aə, eşidirsən, salam. Sənin başın gedib, qaqaş?! Bu nə sözdür, deyirsən?! Başa düşmürəm, bu nə məsləhətdir, görürsən mənə?!”- deyib.

 

Həftənin “azərbaycanlı hakimi”

Azərbaycanlı hakim İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatının finalına təyinat aldı. Bu barədə AFFA-nın rəsmi saytında bildirilib. O,  bu həftə keçirilmiş  İtaliya-Portuqaliya finalını idarə edib.

 

Oxunma sayı 60