Həftənin “koronaviruslu prezidenti” - Həftə-reytinq

18:36 28.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Monqolustan Prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirildi. Prezident Xaltmaa Battulqa ötən cümə axşamı gecəsi Çindən səfərdən qayıdıb. Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb. O, ölkənin Xarici İşlər naziri ilə birgə 14 gün karantində olacaq. Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub.

 

Həftənin “şərabxor prezidenti”

“Forbes” jurnalı Rusiya Prezidenti Vladimir Putinin Moldovanın Krikovo şəhərində şərab dolu anbarı olan zirzəmilərdən bəhs etdi.  Kreml liderinin orada şərab anbarının olması faktını 2017-ci ildə Moldova rəhbəri İqor Dodon Moskvadakı görüşü zamanı söyləyib.  Jurnal Krikovo şərabçılıq müəssisəsinin 1952-ci ildə qurulduğunu və 50 hektar ərazini tutduğunu yazır. Burada 150-dən çox şərab növü istehsal edilir. 2002-ci ildə anbarı ziyarət edən Putinlə yanaşı, Almaniya kansleri Angela Merkel və ABŞ-ın vitse-prezidenti Co Bayden də burada olub. Jurnal aydınlaşdırır ki, zavodu ziyarət edən hər bir siyasətçinin üzərində  adı  yazılmış lövhə olan şəxsi şərab kolleksiyası almaq hüququ var.

 

Həftənin “koronavirusşünası”

Tibb Universitetinin dosenti Rəşid Mahmudov dünyanı vahiməyə salan yeni növ koronavirusların məhv olacağı tarixi açıqladı. R.Mahmudov bildirib ki, ən gec Novruz Bayramına qədər bu epidemiyanın qarşısı alınacaq: “Maksimum bir aya qədər bu virusun qarşısı alınacaq. Martın ayının 25-nə kimi bu epidemiya məhv olacaq. Bütün virusların bir yaşama müddəti olur. Həmin müddətdən sonra onlar sıradan çıxır”.

 

Həftənin “həkim diplomatı”

Rusiya xarici işlər naziri Sergey Lavrov gürcü jurnalistləri davranışlarına görə tənqid edərək onları “xəstə” adlandırdı. Gürcüstan KİV-in mümayəndələri, əsasən də “İmedi” və “1TVGe” kanalının qadın jurnalistləri bir-birlərini itələyərək, Rusiya xarici siyasət idarəsinin başçısına sual verməyə çalışıblar və bununla onu özündən çıxarıblar. “Siz nəsə...xəstə qızlarsınız”, – deyə Sergey Lavrov onlara reaksiya verib. Gürcüstan televiziya əməkdaşlarının davranışları Mariya Zaxarovanın ənənəvi mətbuat konfransında bəhs etdiyi mövzu olub. Gürcü jurnalistlərin Rusiyanın BMT-nin Cenevrə ofisindəki nümayəndə heyətinə Sergey Lavrovun Tiflisə gəlib-gəlməyəcəyi barədə soruşması rusların, daha doğrusu, Rusiya XİN sözcüsünün xoşuna gəlməyib. Rusiya rəsmisi qonşu ölkənin mətbuat nümayəndərinin az qala nazir və yanındakılara hücum çəkdiklərini, lakin Lavrovun zərər görmədiyini deyib. Mariya Zaxarova jurnalist qızların davranışlarını “acı mənzərə” deyə təsvir edib.

 

Həftənin “Vətən xidmətçisi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi. Artur Rasi-zadəni yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: “Hörmətli Artur müəllim, ilk növbədə, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmisiniz, həm sovet dövründə, həm müstəqillik dövründə. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz.  Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə siz mənim tərəfimdən “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmusunuz. Hesab edirəm ki, bu da dövlət tərəfindən sizin fəaliyyətinizə verilən ədalətli qiymətdir.

Yubileyiniz ərəfəsində mənim Sərəncamımla siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Baxmayaraq ki, siz artıq təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bu gün fəal və birmənalı mövqeyiniz nəzərə alınaraq bu yüksək ordenlə təltif edilmisiniz. İcazə verin, bu ordeni sizə təqdim edim...”.

 

Həftənin “etibarsızlıq siyahısı”

"JD Power" portalının mütəxəssisləri 2020-ci ilin ən etibarsız avtomobil modellərinin siyahısını dərc etdi. Reytinqin tərtib edilməsi üçün ekspertlər 2017-ci ilin istehsalı olan 36 555 avtomobil sahibi arasında sorğu keçiriblər. Mütəxəssislər sorğunun nəticəsinə əsasən 3 il istifadədən sonra avtomobillərin etibarlılığını qiymətləndirib. Reytinq tərtibçiləri qeyd edirlər ki, ümumilikdə, son illərdə problemlərin sayı azalsa da, bir sıra markalar hələ də liderlərdən geri qalır. 

 

Həftənin “cinayətkar əmioğlusu”

DİN Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin  əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanıldı. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1, 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutuldu. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb. Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir

Oxunma sayı 409