Həftənin “kralı” - Həftə-reytinq

19:14 31.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyada konstitusiyaya düzəlişlərin hazırlanması üzrə işçi qrup ölkənin əsas qanununa 100-dən çox maddənin əlavə edilməsini təklif etdi. Bunlardan biri də prezident postunun adının dəyişdirilərək “ali rəhbər” (“Verxovnıy pravitel”) edilməsidir. Bundan başqa, pravoslavlığın ölkənin əsas dini elan edilməsi, Rusiyaya II Dünya müharibəsinin “qalibi” statusunun verilməsi təklif edilir. Prezident titulunun “ali rəhbər” postu ilə əvəz edilməsinin təklif olunduğu barədə xəbəri jurnalistlərə işçi qrupun üzvü, Dövlət Duması dövlət quruculuğu və qanunvercilik komitəsinin sədri Pavel Kraşennikov verib. O, habelə bildirib ki, konstitusiyada “ali” sözünün hər yerdə baş hərflə yazılması nəzərdə tutulur. Prezidentin mətbuat katibi Dmitri Peskov isə TASS-a deyib ki, Putinin bu təşəbbüslə bağlı heç bir mövqeyi yoxdur.

 

Həftənin “marioneti”

“Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili Rusiya Prezidenti Vladimir Putinin marionetidir”. Bunu amerikalı respublikaçı konqresmen Pit Olson söylədi. O, konqresmenləri Gürcüstandakı etiraz hərəkatına dəstəyə çağırıb. Konqresmen İvanişvilinin Gürcüstanda insan haqlarına zərər vurduğunu deyib.

 

Həftənin “instaqram rekordçusu”

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi rekorda imza atdı. Uduz hücumçu “İnstaqram”dakı izləyici sayı 200 milyona çatan ilk şəxs kimi tarixə düşüb. Adıçəkilən sosial şəbəkədə mütləq lider olan portuqaliyalının ən yaxın izlənəni Ariana Qrandedir. Amerikalı pop müğənninin 173 milyon izləyicisi var. İlk “üçlük”ü digər amerikalı – aktyor Duayn Conson qapayır. O, həmyerlisindən 3 milyon izləyici geri qalır. Qeyd edək ki, K.Ronaldonun futbol meydanlarındakı əsas rəqibi İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messinin 141 milyon izləyicisi var.

 

Həftənin “Şohrətlisi”

Prezident İlham Əliyev tanınmış yazıçı Xeyrəddin Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamla Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilib.

 

Həftənin “qorxunc ulduz aktyoru”

Əfsanəvi aktyor Silvester Stalone zahiri görünüşü ilə hamını təəccübləndirdi. Aktyor son “Instagram” paylaşımında insanları ruhlandırmağın üsulları barədə danışsa da, izləyicilər daha çox onun ağ saçlarını və azı 10 il qoca göründüyünü müzakirə ediblər. Məlum olub ki, bütün bu zaman ərzində aktyor saçlarının qara görünməsi üçün saç boyasından istifadə edib. Qeyd edək ki, tanınmış aktyorun 73 yaşı var.

 

Həftənin “veteran futbolçusu”

Braziliya millisinin sabiq futbolçusu Lusio karyerasını bitirdi. 41 yaşlı müdafiəçi bunu özü “İnstaqram” səhifəsi vasitəsilə bəyan etdi.

Son klubu aşağı liqa təmsilçisi "Brasilense" olan və oktyabrdan bəri azad agent statusu daşıyan Lusio 22 illik karyerasını başa vurmaq qərarına gəlib. Avropada "Bayer", "Bavariya", "İnter" və "Yuventus"un şərəfini qoruyan mərkəz müdafiəçisi 2013-cü ildən bəri ölkəsi Braziliyada oynayır. Qeyd edək ki, Lusio 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olub.