Həftənin “mitinqçisi” - Həftə-reytinq

18:20 06.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hafiz Hacıyevin rəhbərlik etdiyi Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın rayon, şəhər təşkilatlarının, qadınlar, gənclər təşkilatlarının sədrləri ilə birgə idarə heyətinin geniş iclası keçirildi. İclasda ölkə yaranmış ictimai siyasi vəziyyət, Dağlıq Qarabağ ətrafındakı  son durum geniş şəkildə müzakirə edilib. 3 saata yaxın cəkən müzakirədə qərara alınıb ki, sentyabr ayının 22-də saat 16-00 dan-18-00 kimi Bakı şəhərində mitinq üçün nəzərdə tutulmuş yerlərin birində10 min nəfərlik mitinq keçirilsin. Bu barədə sentyabrın 9-da Bakı şəhər İcra hakimiyyətinə rəsmi müraciət olunacaq. Mitinqin izdihamlı alınması üçün mitinq komitəsinə partiyanın nüfüzlü üzvləri, rayon, şəhər təşkilatlarının sədrləri, qadınlar, gənclər təşkilat sədrləri daxil edilib. İdarə heyəti partiya sədrinə səlahiyyət verib ki, bu ərəfədə Azərbaycanda fəaliyyət göstərən partiya sədrləri ilə görüşlər keçirilsin və onlarla 22 sentyabr mitinqində iştirak etmələri barədə danışıqlara başlasın.

 

Həftənin “robinzonları”

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə adada görüşdü. Görüş Russki adasında, Uzaq Şərq Federal Universiteti ərazisində baş tutub. Həmin universitetin bazasında Şərq İqtisadi Forumunun (ŞİF) keçirildiyi bildirilir. Liderlər salamlaşdıqdan sonra sahildə bir qədər söhbət edərək "Uraqan" kateri ilə "Zvezda" gəmiqayırma zavoduna yollanıblar. Rusiyaya rəsmi səfərə gələn Modi forumda əsas qonaq qismində iştirak edəcək. Görüşdən sonra Hindistanın Baş naziri "Twitter" səhifəsində rus dilində paylaşım edib.

 

Həftənin “atılmış sənətkar oğlu”

SSRİ əməkdar artisti, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyevin əlacsız durumda olduğu bilindi. Sənətkarın oğlu mediaya açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib: “Mənim 74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik “butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər”.

 

Həftənin “xilasedici diaspor sədri”

Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov özünü dənizə atan şəxsin həyatını xilas etdi. Bu barədə onun dostu Fərid Şahbazlı “Facebook” sosial şəbəkəsində məlumat paylaşıb. F.Şahbazlı yazıb: “Bir az əvvəl Cavid Yadigar Zeynalovla Dənizkənarı Milli Parkda gəzirdik. Ani olaraq bir vətəndaşın özünü dənizə atdığını gördük. Xilasedicilərin gəlməsi üçün zaman lazım idi. Cavid ani olaraq əlindəki əşyaları tullayıb özünü dənizə atdı, 50 metr məsafəyə üzdü, artıq boğulmaqda olan şəxsin başını sudan çıxartdı və onu suyun üstündə tutdu. Bir neçə dəqiqədən sonra xilasedicilər gəldi və vətəndaşın həyatı xilas edildi. Yüzlərlə vətəndaşın qarşısında baş verən hadisə alqışlarla qarşılandı. Var ol, Cavid!”

 

Həftənin “Azərbaycan filmi”

“Bu günlərdə mənim üçün çox sevindirici bir hadisə baş verdi. Hacı Zeynalabdin Tağıyev barədə bəhs edən “100 il şərəfli ömür” filminə onun anım günündə ABŞ-ın “Green Mountain Christian” film festivalında ikinci baxışı olub. Film yarimfinala nominasiya alıb, oktyabr ayında kilsədə nümayiş etdiriləcək və birincilik uğrunda yarışacaq”. Bu məlumatı mediaya “100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov  verdi. “Azərbaycan kino tarixində ilk dəfə yerli istehsal olan “Şollerin arxivi” bədii filmi ABŞ-ın “The Green Mountain Christian” film festivalında nominasiya alıb və festival rəhbərləri filmə baxdıqdan sonra Azərbaycan haqqında daha da maraqlanıb bizim yeni filmlərimizi də istəyiblər. Biz də “100 il şərəfli ömür” filmini ilk baxış üçün festivala göndərdik. Festival oktyabrın 18-19-da ABŞ-da yerləşən “Baptist Fellowship” kilsəsində keçiriləcək. Birincilik uğrunda iki film mübarizəyə qatılacaq”,- deyə C.Qasımov bildirib.

 

Həftənin “pedofil tərəfdaşı”

ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni hüquq-müdafiəçisi, jurnalist-araşdırmaçı və “Ermənistan siyasi forumu” (PFA) analitik mərkəzinin üzvü, nəhayət baş nazir Nikol Paşinyanın inqilabçı tərəfdaşı Ara Manukyanın pedofiliyada ittiham olundu. Bu haqda Kaliforniya məhkəməsinin sənədlərinə əsasən Raffi Şişoyan adlı erməni sosial şəbəkə istifadəçisi yazıb. Onun bildirdiyinə görə, Manukyana qarşı 2019-cu il avqustun 6-da seksual xarakterli cinayətlər, daha dəqiqi pedofiliya ilə bağlı ittihamlar irəli sürülüb. Kaliforniyanın cinayət məcəlləsinə əsasən ittiham 14 yaşına çatmamış şəxslərə qarşı seksual cinayətləri nəzərdə tutur.

 

Həftənin “mərhum eks-prezidenti”

Zimbabvenin eks-prezidenti Robert Muqabe vəfat etdi. R.Muqabe cümə günü 95 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, hakimiyyətinin son illərində prostat xərçəngindən əziyyət çəkirdi. Robert Muqabe 1987-2017-ci illərdə Zimbabvenin prezidenti olub.