Həftənin “müflis”i - HƏFTƏ-REYTİNQ

18:34 26.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin müflisləşmək üzrə olduğu bilindi. “AB Standard” QSC-yə daxil olan, eləcə də bu holdinqlə əlaqəli 7 şirkət ləğv olunduğunu elan edib.. Xatırladaq ki, “AB Standard” şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan “Bank Standard” QSC, fəaliyyətdə olan “Standard Insurance” Sığorta Şirkəti ASC, Standard Lizinq MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC daxildir. Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir. Bir müddət əvvəl Babayevlər “Standard Insurance”ın rəhbərliyindən uzaqlaşdırılıb. Sığorta şirkətinin Direktorlar Şurasının sədri Babayev Rəhman Əlifağa oğlu vəzifədən gedib. Onu bu vəzifədə Məmmədov Nicat Məhərrəm oğlu əvəz edib. Həmçinin Heydərov Oruc Heydər oğlu və Babayev Emin Heydər oğlu Direktorlar Şurasının üzvlüyündən çıxarılıb. Artıq neçə illərdir ki, H.Babayevin bütün əmlakını satıb ölkədən getmək istədiyi barədə iddialar yayılır.  Bildirilirdi  ki, H.Babayevin özünün  100 milyon manatdan çox borcu var ki,  buraya  “Standard Bank”ın müştərilərinə olan borcu daxil deyil.

 

Həftənin “işğal çağırışçısı”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Saqrad” telekanalının Gürcüstanla münasibətlər barədə sualını cavablandırdı. Rusiya saytlarının yazdığına görə, o, Moskva ilə Tbilisi arasındakı narazılıqları yatırtmaq üçün öz planını təklif edib. Jirinovski iki ölkə arasındakı münaqişənin mənbəyinə toxunarkən deyib: “Rusiya bütün Gürcüstanı işğal etməli, Saakaşvilini həbsə atmalı, müharibəyə başladığı üçün onu mühakimə etməli, Rusiya tərəfdarı olan Giorqadzeni (“Ədalət” partiyasının üzvü, keçmiş dövlət təhlükəsizlik naziri – red.) hakimiyyətə gətirməli idi”. Onun fikrincə, Moskva təxribatlara elə cavab verməliydi ki, bir də heç kəs Rusiyanı alçaltmağa cürət etməsin.

 

Həftənin “QRU agenti”

Leyla Yunusun milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyi “KQB agenti” adlandırması Azərbaycan cəmiyyətində etirazla qarşılandı. Sabiq prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov: “Hərəkatda iştirak eləmiş adamlar Leyla Yunusun kimliyi ilə bağlı kifayət qədər məlumatlıdırlar. Onun fəaliyyəti zamanında Xalq Cəbhəsində uzun müddət mübahisələrə, müəyyən gərginliklərə səbəb olub... L.Yunusun Elçibəyə nifrətinin kökündə dayanan məsələ həm də, özünün də qeyd elədiyi kimi, Elçibəyin ona inanmamağıdır. Elçibəy ona inanmamaqda haqlı idi. L.Yunus bildirir ki, guya Elçibəy ordunun vahid komandanlığa tabe olması məsələsini həll edə bilmirdi, parlament seçkilərini keçirmək istəmədi və sair. Leyla Yunusun da daxil olduğu “QRU”-nun agentlər qrupu Azərbaycan ordusunu formalaşdırmağa mane olurdular və buna görə də proses ləng gedirdi... Bu adam Elçibəy kimi dürüst insanları ləkələməkdənsə, xalqa hesabat verməlidir ki, o, nə üçün vətən xainləri olan Ələkrəm Hümmətov, Surət Hüseynov və digərlərini siyasi məhbus kimi beynəlxalq təşkilatlara sırımağa çalışırdı və əslində buna nail də olmuşdu. “QRU” agenti olan Leyla Yunusun milli azadlıq hərəkatının liderinə atdığı çamur yapışmaz".

 

Həftənin “bahalı fotosu”

Rusiya çarı II Nikolayın oğlu Alekseyin fotosu hərracda satıldı. Aleksey taxtın vəliəhdi sayılırdı və 1917-ci ildə çar ailəsi ilə birlikdə güllələnib. Moskvada keçirilən hərracda Alekseyin imzası ilə olan fotosu 600 min rubla (16 min manata yaxın) satılıb. Fotonu alan şəxsin adı naməlumdur. Foto 1914-cü ildə lentə alınıb. Aleksey II Nikolay və Aleksandra Fyodorovnanın oğludur. Onu 1917-ci ilin 17 iyul tarixində ailəsi ilə birlikdə güllələyiblər. Bu zaman onun 13 yaşı var idi.

 

Həftənin “hücum hədəfi”

"Arsenal"ının futbolçusu Məsut Özil silahlı hücuma məruz qaldı. Hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib. Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb. Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib. Hadisə ilə bağlı Türkiyənin Londondaki səfiri Ümit Yalçın futbolçulara zəng edərək, “keçmiş olsun” diləyini bildirib. Səfir qeyd edib ki, ilkin ehtimallara görə, bıçaqlı hücum soyğunçuluq məqsədi ilə edilib. Belə ki, Kolaşinats bu günlərdə bahalı saat alıb və soyğunçular daha çox o saatı əldə etmək üçün hücum planı hazırlayıb.

 

Həftənin “mühafizəçisi”

Çeçenistanın rəhbəri Ramzan Kadırovu 6 yaşlı oğlan Maqomed-Emi Qazievin mühafizə edəcəyi bəlli oldu. Kadırov bu barədə “Instagram”da yazıb. Məlumata görə, uşağın valideynləri yaydıqları video-çarxda oğlanın Kadırovu mühafizə etmək istədiyini söyləyiblər. Çeçenistanın rəhbəri onun istəyini reallaşdırmağı qərara alıb. “Yaşının az olmasına baxmayaraq, oğlan öz qətiyyəti və cəsarəti ilə zəngindir. O, arxamda dağ kimi dayanıb istənilən hücumu dəf etməyə hazırdır”, - Kadırov yazıb. O, həmçinin əlavə edib ki, respublikanın rəhbəri bu gündən heç nəyə görə narahat olmayacaq, çünki onun yanında 6 yaşlı “professional mühafizəçi” olacaq
Oğlana Ahmat Kadırov fondunun pulu hesabına tam geyim, əsgəri təchizat, nəqliyyat ayrılıb, uşaq mağazasından isə oyuncaq silah alıblar.

 

Həftənin “mədəni şəhəri”

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Skyscanner” biletlərin bron edilməsi internet-portalının araşdırmasının nəticələrinə görə, dünyanın ən mədəni şəhərləri siyahısında ikinci yerdə olduğu bilindi. İtaliyanın Florensiya şəhəri dünyanın ən mədəni şəhəri adlandırılıb. Məşhur Luvr muzeyinin filialı və Şeyx Zayedin Böyük məscidi olan Əbu-Dabi, həmçinin Yaxın Şərqin səyahətçilərin dünya görüşünü genişləndirən ən cazibəli şəhəri sayılıb. Resursun məlumatına görə, BƏƏ-nin paytaxtında elektron musiqinin populyarlaşdırılması, çoxlu sayda tarıxı və mədəni irsə aid abidələrin mövcudluğu da turistlərin diqqətini cəlb edir.