Həftənin "namizəd"i - Həftə-reytinq

14:16 21.08.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“ABŞ prezidenti postuna namizədliyi böyük qürur hissi ilə qəbul edirəm”, - deyə Cozef Bayden bildirib. Onun sözlərinə görə, Prezident Donald Trampın fəaliyyəti səbəbindən hazırda ABŞ qorxu, qəzəb və fikir ayrılıqları içərisindədir. Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Demokratik partiya avqustun 18-də Cozef Baydeni ali dövlət postuna namizədliyini təsdiq edib. Bu seçkilərdə Cozef Baydenin rəqibi respublikaçıların namizədi hazırkı Prezidenti Donald Tramp olacaq.

 

Həftənin "mükafatçı"sı

Prezident İlham Əliyev Marqerita Kostanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Marqerita Kosta “Dostluq” ordeni ilə təltif edilib.

 

Həftənin "icra başçı"sı

Kürdəmirin icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar məlum olub. C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

 

Həftənin "qətl"i

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirildi. "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb. N. Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

 

Həftənin "film"i

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Bu barədə festivalın rəsmi feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.

 

Həftənin "açıqlama"sı

"Toylara artıq getmirəm. Səhnədə rəqs edirsən, tamaşaçı oturub izləyir. Diqqət yayınmır, sonda səni alqışlayır. Toyda isə fərqlidir. Sən oynayırsan heç kim baxmır: biri yeyir, o biri içki içir, qaçır, danışır. Bu da məni özümü pis hiss etməyimə səbəb olur. Başladım özümlə mübarizə aparmağa: ya bunu edəcəm, ya yox. Qərar verdim ki, artıq toylara getməyim. Toya gedəndə sənətçinin sanballı itir". Bu sözləri rəqqasə Oksana Rəsulova "MTV Azərbaycan"da "Ulduzun vaxtı" proqramında deyib. Sənətçi pandemiyadan əvvəl də toylara getməyi özünə qadağa qoyduğunu açıqlayıb.

Oxunma sayı 12519