Həftənin “qurbanı” - Həftə-reytinq

18:15 13.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Buradan müğənnilərə demək istəyirəm ki, sizin hər birinizin iç üzünü yaxşı tanıyıram. Amma bu dəfə sizin tərbiyəsizliyinizin qurbanı oldum...” Bu sözləri mediaya  “Hər şey daxil” verilişinin “Xəzər” televiziyasının yeni rəhbəri tərəfindən bağlanması ilə bağlı açıqlamasında prodüser Tolik dedi. “Verilişim Elza ilə Mətanətin mübahisəsinə görə bağlandı. Elza xanım dəfələrlə zəng etsə də, Mətanət zəng edib, maraqlanmayıb. Burada ölüm-itim yoxdur ki... ”. “Veriliş doqquza iyirmi dəqiqə qalmış başlayırdı. Elza xanım isə saat 10-da mənə mesaj yazdı. Ona dedim ki, bu mövzunu davam etməyəcəm. Amma hər bir məsələdə qarşı tərəfin fikrini öyrənmək lazım idi. Elza xanım efirə qoşulan zaman Mətanət xanımın mahnısından sitat gətirdi ki, at ola-ola, özünü ulaq yerinə qoyub. Bu da ona xoş gəlmədi və etik olmayan ifadə səsləndirdi. Buna görə veriliş bitən kimi böyük iclas oldu. Hər şey yaxşı qurtardı. Əsas odur ki, mən yenə də “Xəzər” ailəsinin üzvüyəm. Sağ olsun, Murad müəllim məni işdən töhmətlə çıxarmadı. Mənə şans verdi və inşallah, çox yaxşı işlər görəcəyik. Mütləq yeni veriliş olacaq...”

 

Həftənin “koronaviruslu prezidenti”

Dövlət başçısının koronavirusa yoluxması ilə bağlı ilk hal qeydə alındı.  Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib. Təhlillərin digər nəticələrinin  cümə gününün sonunda  açıqlanacağı bildirilib. Bundan əlavə, prezidentin mətbuat katibi Fabio Vaynqarten də analiz verib və onda da koronavirus aşkar edilib.

Qeyd edək ki, Braziliyanın yüksək səviyyəli nümayəndə heyəti martın 7-dən 10-dək ABŞ-da səfərdə olub, bu müddətdə Braziliya prezidenti və komandası ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

 

Həftənin “pessimist milyerderi”

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov yenə də “Komsomolskaya Pravda”ya danışdı, dünya bazarında neftin kəskin ucuzlaşması və bunun təsiri altında rublun ciddi dəyər itirməsi barədə fikirlərini bölüşdü. Müxbir biznesmenin baş verənlərə münasibətini öyrənmək üçün ona zəng vurub və dəstəyin o tərəfindən səsin yaxşı eşidildiyini deyib: "Araz İsgəndəroviç, budur, mən sizə zəng vurdum və dərhal dəstəkdə səs yaxşı eşidildi!" "Səsin eşidilməsi yaxşıdır, amma vəziyyət heç yaxşı deyil", - deyə A.Ağalarov cavab verib. Oliqarx xatırladıb ki, rubl dollar qarşısında 15 faizdən çox dəyər itirib və bu da Rusiya iqtisadiyyatının hələ də neftdən, qazdan asılı olduğunu göstərir. Lakin Ağalarova görə baş verənlər hələ rublun çöküşü deyil, amma kifayət qədər çoxlu sayda insanlar üçün ciddi itkidir. “Kimlər ki, öz yığımlarını rublda saxlayırlar, dollarla borc götürüblər, bütün bunlar onlara ciddi zərbədir. Lakin mən hesab edirəm ki, proses idarəolunandır. Biz bu vəziyyətdən çıxmalıyıq”,-o deyib. A.Ağalarov qeyd edib ki, koronovirus indiki situasiyanı tətikləmiş oldu. “Çünki koronovirus epidemiyasına görə neftə tələbat kəskin azaldı. O biri tərəfdən də Rusiya ərəblərlə anlaşa bilmədi. Ərəblər də qəzəbləndilər və dedilər: indi biz daha çox neft çıxaracağıq. Bütün bu amillər neft bazarına təsir edir. Neftin qiyməti isə rubla təsir edir. Bax, bütün məsələ budur”, - deyə o, bildirib. Biznesmen hesab edir ki, situasiya  iki ay sonra “pis, yaxşı normallaşmalıdır”, çünki neftin daha da aşağı düşməsi ağlabatan deyil.

 

Həftənin “vəzifəlisi”

Prezident İlham Əliyev Bаhar Muradovanı yüksək vəzifəyə təyin etdi.  Prezidentin imzaladığı sərəncamla Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.  Qeyd edək ki, B.Muradova  1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib. 1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir. 2000-2019-cu illərdəki bütün çağırışlarda Milli Məclisin deputatı seçilib. 2005-ci ildən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

 

Həftənin “Kaşqari mükafatçısı”

Mahmud Kaşqari adına Beynəxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə millət vəkili, prof.doktor Qənirə Paşayevanı “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif etdi. Təqdimetmə mərasimi 10 mart 2020-ci ildə keçirilib. 2006-cı ildə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən təsis edilən “Beynəlxaq Mahmud Kaşqari Mükafatı Türk-İslam mədəniyyəti qarşısında özəl xidmətlərə görə Beynəlxalq Komissiya” tərəfindən verilir. Komissiyanın sədri görkəmli Qazaxıstan yazıçısı, akademik Sabit Dosanovdur. Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), əməkdar elm xadimi, prof. dok. Qəzənfər Paşayev, rus filosofu Aleksandr Dugin, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var. Mahmud Kaşqari adına Beynəlxalq Fond AYB sədri Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib.

 

Həftənin “Vətən xidmətçisi”

Prezident İlham Əliyev deputat Aqiyə Naxçıvanlını təltif etdi. Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, A. Naxçıvanlı Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri komitəsinin sədri olub. Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektorudur. 2008-ci ildə Nərimanov rayon YAP siyasi şurasının üzvü, 2009-cu ildə Azərbaycan YAP Qadınlar Şurasının İdarə heyətinin üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət Ordeni” ilə təltif olunub.

 

Həftənin “koronavirus şübhəlisi”

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komandasının məşqlərinə qatılmaqdan imtina etdi. "Sky Italia" nəşri xəbər verib ki, hazırda ölkəsində olan portuqaliyalı hücumçu karantinə alınıb. 35 yaşlı forvard "Yuventus"dakı komanda yoldaşı Daniele Ruqanidə virus aşkarlandıqdan sonra təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb.

 

Oxunma sayı 55