Həftənin “rembo-siyasətçisi”

18:20 12.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili və onun tərəfdarları Odessanın Malinovski rayon məhkəməsinin binasının qarşısında piket təşkil etdilər. Onlar qarışıqlıq yaradaraq şəhər meri Gennadi Truxanovun işi üzrə iclasın keçirildiyi zala daxil olmağa cəhd ediblər. Keçmiş “Krayan” zavodunun binasının alışına görə bütün ittihamlar sabiq merin üzərindən götürülüb. Məhkəmənin qarşısında düşmüş dava vaxtı Saakaşvili yaşlı qadını vurub və o yıxılaraq qolunu sındırıb. Qadını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları Saakaşvilini və onun tərəfdarlarını məhkəmə binasından çıxarıblar.

 

Həftənin “kral körpəsi”

Şahzadə Harri ilə hersoqinya Meqan Markl iki aylıq körpələri - Arçi Harrison Mauntbatter-Vindzoru uzun müddətdən sonra gün işığına çıxardılar.  Hersoqinya körpəsi və həyat yoldaşı Harri ilə Surrey qraflığında təşkil olunan xeyriyyə matçını izləməyə qatılıb. Media nümayəndələri qucağındakı körpəsinə nəvaziş göstərən Meqanın görüntülərini yayımlayıblar.  Harri ilə Uilyamın polo oyununu isə Keyt Middlton, şahzadələr Corc, Lui və Şarlotta izləyiblər. Qeyd edək ki, sosial şəbəkə izləyiciləri arasında kral ailəsinin hər bir hərəkəti diqqətlə izlənilir və müzakirə predmetinə çevrilir.

 

Həftənin “məyus eks-prezidenti”

Ukraynanın Zakarpatya əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək onu “Qanba” (“rüsvayçılıq” - ukraynca) şüarları ilə mitinq təşkil olunan ərazidən qovdular. Məlumata görə, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər. Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.

 

Həftənin “prokuror atası”

Deputat Vahid Əhmədovun oğlu Zəfər Əhmədov prokuror oldu. Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib. Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb. 

 

Həftənin “naxoş Xalq artisti”

Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı. "Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib. Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün öncə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.

 

Həftənin “parçalayıcı siyasətçisi”

İki günlük Bosniya və Herseqovina səfərindən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əli Babacanın istefasına münasibət bildirdi. Səfərdən dönərkən Ərdoğan jurnalistlərə verdiyi açıqlamada Əli Babacan, Abdullah Gül və Əhməd Davudoğlu ilə bağlı “bu ümməti parçalamağa haqqınız yoxdur” ifadəsini işlədib. Babacana partiya yaratmaqda gecikməməyi məsləhət görən Ərdoğan deyib: “Mən Əli bəyin özünə də dedim, bu sizin yolunuzdur, amma onu da yaddan çıxarmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. Sizin atdığınız addımlar partiyamızın parçalanmasına səbəb ola bilər amma bunu etməklə heç bir nəticə əldə edə bilməyəcəksiniz”.

 

Həftənin “tele-təhqiri”

Gürcüstanın “Rustavi-2” telekanalında yayımlanan “P.S.” müəllif verilişinin aparıcısı Gergi Qabuniya efirdə Rusiya Prezidenti Vladimir Putini təhqir etdi. Aparıcının bu hərəkəti siyasi gərginliyə səbəb olub. Məsələ ilə bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze və Prezident Salome Zurabişvili açıqlama veriblər. Hökumət rəhbəri Qabuniyanı provakasiyada və xalqlar arasında nifaq toxumu səpməkdə günahlandıraraq tənqid edib. Dövlət başçısı Zurabişvili isə vətənpərvərliklə aqressiv yanaşmanın bir-birinə uyğun olmadığını, bu cür çıxışların stabilliyin pozulmasına səbəb olma ehtimalını və iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin daha da pozulmasına xidmət etdiyini vurğulayıb. O, dövlət olaraq yollarının sülh yolu olduğunu deyib.

 

Həftənin “addəyişən artisti”

Əməkdar artist, müğənni Şəbnəm Tapdıq öz adını dəyişmək qərarına gəldi. Müğənni özünə “İlk Şəbnəm” təxəllüsünü götürdüyünü deyib:“Bildiyiniz kimi, Şəbnəm adı ilk olaraq atamın kitablarında səslənib. Atam bizim adımıza çoxlu sayda şeirlər həsr edib. Yazıçı, şair da xalqın düşünən beynidir. Kimisi atamın şeirlərini oxuyandan sonra və yaxud mən səhnəyə çıxıb oxuyanda bəyənir və qızına Şəbnəm adı qoyur. Mən kiməsə qadağa qoya bilmərəm ki, adımdan istifadə etməsinlər”. Xatırladaq ki, bu günlərdə müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. Ş.Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Ş.Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə verəcəyini deyib.