Həftənin “şair deputatı” - HƏFTƏ REYTİNQ 

13:00 31.05.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov bu günlərdə “Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, - söyləyən rusiyalı telejurnalist Vladimir Poznerə rus dilində yazdığı şeirlə cavab verdi. Həmin şeirin hərfi tərcüməsindən bir parçanı oxuculara çatdırırıq:

“Azərbaycanlılar başa düşməlidir ki
Pozner çoxdan vurulub
Və qəlbi ermənilərə verilib
Və özü onların qabağında əyilib
Bəli, biz də etiraf etməliyik ki, ürəyini
Pozner ermənilərə satdı
Amma ürəyi ilə birlikdə, bizə aydındır ki
O, ruhunu Şeytana satdı!!!”.


Həftənin “azərbaycanlı alpinisti”

Azərbaycanlı alpinist Vadim Vokryaçko 24 mayda planetin ən yüksək nöqtəsi - Everesti (dəniz səviyyəsindən 8848 metr hündürlük) fəth etdi. Bu barədə Azərbaycan mediasına Vadim Vokryaçko özü bildirib. Everestə olan rəsmi ekspedisiya 15 apreldə Tibetin paytaxtı Lhasa şəhərində başlayıb. Altı ölkədən və on şəhərdən olan iştirakçılar ekpedisiyada iştirak ediblər. Everestə qalxmaq təhlükəli sayılır. Bu dağda yüzlərlə alpinist ölüb, buna görə zirvəni həm də “ölüm dağı” adlandırırlar. “Himalayan Times” qəzeti yazıb ki, yaz mövsümündə Everestdə ölən alpinistlərin sayı 10-a çatıb.


Həftənin “azərbaycanlı vunderkindi”

Azərbaycanda 4 yaşında orta məktəbə, 14 yaşında ali məktəbə qəbul olmuş 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal topladı. Bu, Turana Tağıyevadır. O, bildirib ki, bu yaşda belə bir uğur çox qürurvericidir: “Uşaq vaxtı qardaşım və xalam oğlu məktəbə gedəndə ağlayırdım ki, mən də oxumaq istəyirəm. Nəticədə 4 yaşımda imtahan verərək məktəbə daxil oldum. Məktəbdə əlaçı olmuşam. Hazırda da ali təhsil aldığım BDU Beynəlxalq Münasibətlər fakültəsini də fərqlənmə diplomu ilə bitirəcəyəm. IV kurs tələbəsi olduğumdan Xarici İşlər Nazirliyində təcrübə keçirəm və elə arzum da burada qalıb işləməkdir...”.


Həftənin “orden paylayanı”

Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasından öncə ölkənin 1-ci prezidenti Nursultan Nazarbayev qonaqlara yubiley münasibətilə öz adını daşıyan ordenlər təqdim etdi. İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderləri iştirak ediblər. Ermənistanın baş naziri Nikol Paşinyandan başqa, hamı ordenlə təltif olunub. Mükafatlandırma ilə bağlı prezident fərmanında onun adı olmayıb. İclas Avrasiya İqtisadi İttifaqının yaradılmasının beş illiyinə təsadüf edib.


Həftənin “siyasətçi prodüseri”

Hillari Klinton və qızı Çelsi Klinton film və TV proqramların istehsalı ilə məşğul olacaq prodüsser şirkəti yaratmaq qərarına gəldi. Bu barədə “Bloomberg” özəl mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, Klintonlar öz layihələrinə maliyyə dəstəyi əldə etmək üçün artıq kinostudiyalarla danışıqlar da aparıblar.
Agentliyin məlumatına görə, H.Klinton və qızı yeni studiyanın köməkliyi ilə mədəniyyət və ictimaiyyətə “qoşulmaq” niyyətindədir. Ehtimal olunur ki, onlar əsasən qadınlara həsr edilmiş layihələrin prodüsser işinə köklənəcəklər.


Həftənin “ağlağan klub sahibi”

Londonun "Çelsi" klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç Bakıda Avroliqanın finalına - "Çelsi"-"Arsenal" oyununa tamaşa edərkən ağladı. "Çelsi"nin üstün oynadığı oyunda qazandığı qələbə Abramoviçin gözləri qarşısında baş verib və milyarder öz emosiyalarını gizlədə bilməyib. Oyunu çəkən rusiyalı fotoreportyorlar Abramoviçin emosional ovqata kökləndiyi durumları fotolentə alıblar. Bu fotolardan görünür ki, Abramoviç və oğlu Arkadi öz komandalarının oyunundan məmnun qalıblar.


Həftənin “rüşvətxor məmuru”

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuş Qida Təhlükəsizliyi Agentliyinin sektor müdirinin fotosu yayıldı. Baş İdarə tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsindəki ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаlarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.


Həftənin “diktator villası”

Gürcüstanın Milli Dövlət Mülkiyyəti Agentliyi 5 kurort-sanatoriya zonasını satışa çıxardı. Agentlik özəlləşdirmənin səbəbinin həmin zonalarda yeni hotel tikilməsinə təşviq etmək olduğunu bildirib. Zonalar arasında keçmiş SSRİ diktatori İosif Stalinin villasının da olduğu qeyd olunub. Villanın ilkin satış qiyməti açıqlanmasa da, 5 sanatoriyanın ümumi satış məbləğinin 21 milyon lari olduğu açıqlanıb. Qiymətlərin tələbə uyğun olaraq dəyişə biləcəyi də istisna edilməyib.