Həftənin “Şərəflisi” - Həftə-reytinq

18:45 14.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir".

Bunu Xalq artisti Əlibaba Məmmədov Prezident İlham Əliyev ona “Şərəf” ordenini təqdim edərkən deyib. "Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danışan adamam, amma Sizin qarşınızda danışa bilmirəm. Bu gün mənim sənətimin bütün tərəflərindən söz açdınız. Elə danışdınız ki, sanki məni böyük bir musiqiçi təriflədi, var olun. Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun...", - Xalq artisti deyib.

 

Həftənin “kabinetsizi”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşdi. “Report”un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının ötən cümə axşamı keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib. Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.

 

Həftənin “yutuberi

Türkiyəli məşhur yutuber Ruhi Çenet koronavirusla bağlı getdiyi Çindən birbaşa İrəvana gəldi. Yutuber İrəvanda çəkilişlər aparıb və ermənilərin türklərə (xüsusilə Azərbaycan türklərinə) münasibətini öyrənməyə çalışıb. Təpədən-dırnağa nifrət və yalanla yetişdirilən ermənilərin türklərə nifrəti isə heyrət doğurub.

 

Həftənin “hökmü”

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatdı. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Fəxrəddin Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, rəsmi məlumata əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib. Bildirilib ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb edilmişdir.

 

Həftənin “bərkgedən prokuroru”

ABŞ-ın baş prokuroru ABŞ prezidentini Ədliyyə Nazirliyinin işləri barədə tvit yazmamağa çağırdı. O deyib ki, prezident Donald Trampın bəzi tvitləri “ona öz işini görməkdə mane olur”. Eyni zamanda ABŞ-ın ədliyyə naziri olan Uilyam Barr fevralın 13-də deyib ki, onu heç kəs “gözümçıxdıya sala bilməz”. Barr bu fikirlərini “ABC News” telekanalına bildirib. Bundan bir neçə gün əvvəl Ədliyyə Nazirliyi çox qeyri-adi bir addım ataraq prokurorların Trampın müttəfiqi və yaxın adamı Rocer Stoun üçün istədiyi cəzanın azaldılması barədə qərar qəbul etmişdi. Trampa sadiqliyi ilə tanınan Barr Ədliyyə Nazirliyinin bu addımına görə demokratlar tərəfindən kəskin tənqid olunub. Onlar deyirlər ki, bu qərar Trampı müdafiə etmək məqsədi güdür. Barr ABC-yə deyib ki, “istər Konqres olsun, istər hər hansı qəzetin redaksiyası, istərsə də prezidentin özü, onu nə gözümçıxdıya sala, nə də ona təzyiq göstərə” bilər: "Mən düzgün bildiyimi edirəm... ”

 

Həftənin “Robin Qudu”

Türkiyənin Diyarbəkir şəhərində naməlum şəxs ərzaq mağazasına girərək sakinlərin borclarını ödədi. Bu barədə məlumatı NTV telekanalı yayıb. Türkiyənin bəzi şəhərlərində sakinlər vəsait çatışmazlığından kiçik ərzaq mağazalarından məhsulları nisyə alırlar, mağaza sahibi isə borcları dəftərə qeyd edir. “Bu yaxınlarda mağazaya hündürboylu əsmər adam gəlmişdi və mağazanın nisyə dəftərinə qeyd edilmiş sakinlərin bütün borclarını ödəmək istədiyini söylədi. Ümumilikdə 12,5 min lirə olan borcu ödədikdən sonra dəftəri cırdı və qeydləri yandırdı. Sonra mağazanı tərk etdi”, - deyə mağaza sahibi bildirib. Sahibin sözlərinə görə, borcluların çoxu borcların ödənildiyinə dərhal inanmayıblar. Ötən ilin sonunda Türkiyənin bəzi şəhərlərində aztəminatlı müştərilərin borclarını bağlayan sirli naməlum şəxs ortaya çıxıb. O, küçədə uşaqlar və yaşlılara pul paylayırmış. Bununla belə, o, öz adını açıqlamır, buna görə də yerli sakinlər onu “Robin Qud” adlandırmağa başlayıb.

 

Həftənin “karateçi məktəblisi”

Azərbaycan məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. 12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb. Qeyd edək ki, bu Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.

 

Həftənin “qumarbaz anası”

Ana ölüm ayağında olan oğlunun müalicəsi üçün yığılan pulları mərc saytlarında uduzdu. Hadisə İngiltərənin Yorkşir qraflığında baş verib. Məlumata görə, tibb bacısı işləyən Steysi Uorslinin altıyaşlı oğlu Tobi Nay neyroblastoma xəstəliyindən əziyyət çəkib. Onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya daxil olmadığından ana sosial şəbəkə vasitəsilə sakinlərdən kömək istəyib. O, üç ay ərzində 200 min funt (445680 AZN) toplaya bilib. Pulyığımında yerli “Lids Yunayted” futbol klubunun oyunçuları, komandanın azarkeşləri, Tobi ilə bir yerdə müalicə alan iki ölümcül xəstə qızın anaları, uşağın oxuduğu məktəb və ictimaiyyət nümayəndələri iştirak edib. Ana isə mərc saytlarında 100 min funt sterlinqi (222840 AZN) uduzub. Bir müddət sonra uşaq ölüb. Hadisə ilə əlaqədar olaraq Lids Kraliyyət Məhkəməsi Uorslini iki il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıb.