Həftənin “sevgililəri” - Həftə-reytinq

18:24 17.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Əjdər Həmidov həmkarı Sənubər İsgəndərli ilə 3 ay sevgili olduğunu etiraf etdi. Aktyor “Xəzər TV”-nin "Hər şey daxil" proqramında qonaq olarkən "Kişi sözü" filmində aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini həqiqətən sevdiyini açıqlayıb: "Deməli, "Kişi sözü" filmində Qasım Solmazı sevir. Filmin çəkilişləri başlayan gün rejissor Cahangir Mehdiyev məni kənara çəkib dedi ki, Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim, Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır? Amma boynuma alıram ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa sürdü - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi".

 

Həftənin “nümunəvi” atası”

Ağstafa İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş  icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev işdən çıxarıldı. Bu barədə jurnalistlərə  Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən eyib. O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyevin müraciəti əsasında baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”. Xatırladaq ki, Nizaməddin Quliyevin digər oğlu Nərimanov Rayon Məhkəməsinin hakimidir. Onun səlahiyyətlərinə xitam verilməyib, amma məlumatlara görə icraatındakı işlər alınıb.

 

Həftənin “rəqqas  siyasətçisi”

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın sabiq Prezidenti Kiçik Corc Buşun rəqsinin arxiv görüntülərini paylaşdı. Bildirilir ki, video 2008-ci ildə Soçidə çəkilib. Bu görüş, həmçinin, “vida səfəri” də adlanır. Çünki Putin burada Kiçik Corc Buşla son dəfə prezident mövqeyində görüşür.

 

Həftənin “küsülüləri”

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyandan incidi. Bu məlumatı işğalçı ölkənin “İravunk” qəzeti yayıb. “Birinci prezident öz ətrafına etiraf edib ki, Paşinyanın tualet mövzusuyla bağlı şərh vermək üçün vaxtı var, amma onu təbrik etmək üçün zamanı yoxdur. Paşinyanın məhz bu addımı Petrosyanın tərəfdarlarında qəzəb yaradıb”, – deyə o bildirib. Qeyd edək ki, bir müddət əvvəl Paşinyanın tualetlə bağlı etdiyi çıxış ironiya ilə qarşılanıb.

 

Həftənin “ələ baxanı”

“Guya mən demişəm ki, “evdə dörd-beş qulluqçum olacaq”. Əslində bu söz mənim leksikonumda yoxdur. Mən belə sözləri xoşlamıram. Haqqımda belə danışanda da xoşuma gəlmir”. Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva jurnalistlərlə söhbətində dedi. “Adam var ki, lovğalanır, özünü göstərmək üçün belə sözlər danışır. Amma mən böyük danışmağı sevmirəm. Qulluqçu məsələsinə gəlincə, elə mən özüm də qulluqçuyam. Əgər gedib kiminsə qapısında oxuyuramsa, demək mən də qulluqçuyam. Biz camaatın əlinə baxırıq. Əslində, o cür sözləri demək düzgün deyil”.

 

Həftənin “xəstə ulduzu”

Dünya şöhrətli futbol ulduzu, İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komandanın son məşqində iştirak etmədi. Buna portuqaliyalı hücumçunun xəstələnməsi səbəb olub. Sinusit (burnunun selikli qişasının bir və ya bir neçə əlavə boşluqlarının iltihabı) xəstəliyinə tutulan 35 yaşlı futbolçunun İtaliya A Seriyasının 20-ci turunda "Parma"ya qarşı keçiriləcək görüşdə oynayıb-oynamayacağı da məlum deyil. Qeyd edək ki, Ronaldu daha öncə eyni səbəbdən "Udineze" ilə kubok matçında da komandasına kömək edə bilməyib.

 

Oxunma sayı