Həftənin “şikayətçisi” - Həftə-reytinq

18:51 13.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İtlərinə toy etməklə məşhurlaşan iş adamı, “G Group”un prezidenti Qalib Mustafayev  dostlarından polisə şikayət etdi.  Musavat.com-un verdiyi məlumata görə, goranboylu iş adamı ümumilikdə 300 min manat pulunun dostları tərəfindən cinayət yolu ilə mənimsənildiyini iddia edib. Şikayətin məğzindən aydın olur ki, İsmayıllı rayon sakini Əvəz Nadirov dostu Aftandil Məmmədovla birlikdə “Sədərək” ticarət mərkəzində yerləşən Q.Mustafayevə məxsus “ “Elvar” mağazasında 186 min manat dəyərində mebelləri oğurlayıb. Bundan başqa, Nəriman Məmmədov həmin ticarət mərkəzində yerləşən Q.Mustafayeva məxsus anbardan 109 min manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb. Hər iki şəxs barəsində Qaradağ Rayon Polis İdarəsində CM-nin 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb.

“Çaldığın balaban yastıdı,

İtlər insanın dostudu".

Bu sözlər Goranboydakı Q.Mustafayevin it toyunda bir aşığın oxuduğu mahnıda yer almışdı...

 

Həftənin “axmaqşünası”

ABŞ Prezidenti Donald Tramp 2020-ci ilin prezident seçkilərinə qatılacaq namizədləri tənqid edərək, bəzilərini “axmaq” adlandırdı. Tramp rəqibləri olan 3 nəfəri - Cənubi Karolina ştatının sabiq qubernatoru Mark Senfordu, Massaçusets ştatının keçmiş qubernatoru Bill Ueldi, keçmiş konqresmen-respublikaçı Co Uolşu “axmaq” adlandırıb. "İndi hazırlaşın, o (Senford )qayıtdı və prezidentlik postuna iddialıdır. 3 axmaq - bu qorxunc uğursuzlar bəxtlərini sınayacaqlar", deyə Tramp bildirib. Qeyd edək ki, ABŞ -da prezident seçkiləri 2020-ci ilin 3 noyabrında keçiriləcək.

 

Həftənin “istefası”

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu  hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) istefa verdiyini açıqladı. Davudoğlu bu qərarını keçirdiyi mətbuat konfransında bəyan edib. Xatırladaq ki, partiya rəhbərliyi Davudoğlunun AK Partiyadan qəti şəkildə çıxarılması üçün Mərkəzi İntizam Komissiyasına müraciət etmişdi.

 

Həftənin “aşuraşünası”

Ötən çərşənbə axşamı keçirilmiş Aşura mərasimləri mətbuatda və sosial şəbəkədə müzakirə mövzusuna çevrildi. Ötən illərdə olduğu kimi, baş yarmaq, zəncir vurmaq kimi hallara rast gəlinməsə də, bəzi ictimai fikir adamları Kərbəla hadisəsini yas mərasimi kimi deyil, bir fəlsəfi, ideoloji məktəb kimi təqdim etməyin daha məqbul olduğunu təklif edirlər. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Aşura mərasimləri ilə bağlı bəzi məqamları qəbul etmədiyini vurğuladı. O, cümlədən təkə dindarların deyil, həm də siyasətçilərin İmam Hüseyn məktəbindən bəhrələnməsinin vacibliyini diqqətə çatdırdı.

 

Həftənin “ayaqöpdürəni”

Paris məhkəməsi Səudiyyə şahzadəsi vəliəhd şahzadə Məhəmməd ibn Salmanın bacısı, Kral Salmanın qızı Hassa ibn Salman barəsində hökm çıxardı. Hökmə əsasən şahzadə mənzilində təmirçi ustanı döydürməkdə və onu “qaçırmaqda” təqsirli bilinib, barəsində cəzasını öz dəbdəbəli mənzilində çəkmək şərti ilə 10 aylıq şərti həbs cəzası verib. Şahzadə Hassa cangüdəninə evinin içərisində fotolar çəkən təmirçini döydürtməkdə ittiham olunur. Təmirçi Əşrəf Eid məhkəmədə deyib ki, mühafizəçi onu bağlayıb və şahzadənin ayaqlarını öpməyə məcbur edib. Cümə axşamı Fransa məhkəməsi şahzadəni silah istifadəsi etməklə şiddətdə və adam qaçırmaqda günahkar hesab edib. Barəsində beynəlxalq həbs qərarı çıxarılmış və qiyabi mühakimə olunan şahzadəyə 10 min avro cərimə də verilib. Məhkəmə prosesindən sonra şahzadə Hassanın fransız vəkili Emmanuel Moyne, təmirçinin iddialarının "fantastik" olduğunu söyləyib və qərardan apellyasiya şikayəti verəcəklərini deyib. 

 

Həftənin “məktəb direktoru”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat oldu. Məktəbin direktor vəzifəsinə opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub. Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.  2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində  qalib olub. 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb.  2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”nin qalibi olub.  2015-ci ildə  “Xalq artisti” adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.  F.Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk “Karmen” ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırılır.

 

Həftənin  “bloklu müğənnisi”

Rusiya Federal Vergi Xidməti məşhur  ermənimənşəli müğənni Filip Kirkorovun hesablarını blokladı.  Bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Kirkorovun mətbuat xidməti yayılan məlumatı təkzib edib və məlumatı “jurnalist fantaziyası” adlandırıb. Qeyd edək ki, Filip Kirkorovla bağlı oxşar xəbərlər avqust ayında da yayımlanmışdı. Belə ki, o zaman da Kirkorovun adının Məhkəmə İcrası Federal Xidmətinin bazasına yol polisinin təyin etdiyi 2000 rubl dəyərindəki 3 cəriməni ödəmədiyinə görə salındığı bildirilmişdi.