Həftənin “şilləsi” - Həftə-reytinq

18:45 10.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ötən gecə regionda ABŞ-a bir şillə vuruldu”. Bunu İran raketləri ilə Amerikanın İraqdakı bazalarının vurulmasından sonra İranın dini lideri Ayətulla Əli Xamnei Qum şəhərində çıxış edərkən deyib. Onun çıxışı dövlət televiziyası ilə yayımlanıb. Toplaşanlar “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları səsləndirəndə Xamneinin çıxışı müvəqqəti kəsilib. "Düşmənlər – bu Amerika, İsrail və həyasız sistemdir”, – deyə dini lider əlavə edib. Xamneinin sözlərinə görə, nüvə proqramı İrana lazımdır, çünki ondan imtina "Amerika hökmranlığına gətirib çıxarardı". Xamnei, həmçinin bəyan edib ki, İranın Silahlı Qüvvələri intiqam üçün bu hücumla kifayətlənməyəcək.

 

Həftənin “yenilməz ATƏT nümayəndəsi”

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olundu. Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib. Səfir Rudolf Miçalka da yenidən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiqlənib. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib. Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçib. Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.

 

Həftənin “tələbkar Baş katibi”

30 ilə yaxındır, Qarabağdan erməni qoşunlarının çıxarılması haqqında məlum 4 qətnaməsi icra edilməyən BMT-nin Baş katibi Antonio Quterreş üzv ölkələri təşkilatın nizamnaməsinə daha ciddi əməl etməyə çağırdı. Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş iclasında Baş katib geosiyasi gərginliyin Fars körfəzində təhlükəli həddə çatdığını qeyd edib. Hazırda gərginliyin təkcə hərbi sahədə yox, həm də iqtisadiyyatda və kiber məkanda da artdığını diqqətə çatdıran təşkilat rəhbəri dünya böyu ixtilaf və qarışıqlıqların baş alıb getdiyi bir vaxtda məhz nizamnamənin beynəlxalq əməkdaşlığın təməli olaraq qaldığını vurğulayıb: “Nifrət və cəzasızlığın tüğyan etdiyi hazırkı dövrdə qanunun aliliyini, insan ləyaqətinin hər şeydən üstün olduğunu bizə nizamnamə xatırladır. Nizamnamənin məramları və dəyərləri sürətli dəyişikliklər və texnoloji inkişaf dövründə də əhəmiyyətini itirmir”.

 

Həftənin “milyarder çoxuşaqlısı”

Rusiyada yaşayan azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov 6-cı dəfə ata oldu. Bu barədə teleaparıcı Hacı Nuran məlumat paylaşıb.  Hacı Nuran qeyd edib ki,  iş adamı Fərhad Əhmədovun 4-cü oğlu – Adəm dünyaya gəlib. Qeyd edək ki, Fərhad Əhmədovun yeni doğulan övladından başqa 3 oğlu və 2 qızı var. 

 

Həftənin “pul paylayanı”

 

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvanın Qırmızı meydanında pul payladı. Ura.ru məlumat verib ki, görüntülər siyasətçinin “Instagram” səhifəsində yayımlanıb. İnsanlara pul paylayan V.Jirinovski Moskvanın gözəl bəzədildiyini, gəzintiyə çıxan çoxlu sayda insanın yüksək əhval-ruhiyyədə olduğunu və bütün ilin belə keçməsini arzulayıb.

 

Həftənin “ehtiyatsız sənətçisi”

Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət aldı. Hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib. Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib. Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.

 

Həftənin “Əmək”çisi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sətrəncam imzaladı. Sərəncama əsasən Əhməd Əhmədzadə Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədridir.