Həftənin “sirli çantası” - Həftə-reytinq

18:29 13.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putinin nüvə raket atma düyməsinə sahib nüvə çantası ilk dəfə bir televiziya  kanalında nümayiş olundu. Görüntülər Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda”da yayımlanıb. Bir çox sovet liderinin və Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsindən sonra Putinin də yanından ayırmadığı nüvə raket atma düyməsi çantasının sirri getdikcə çözülür. Çantanın görüntülərini hərbi ekspert Aleksey Yeqerov yayımlayıb. Verilişdə çanta haqqında detallar analiz edilib.

 

Həftənin “mikrobşünası”

"Bir neçə aydır voleyboldakı mikrobları yığışdırırıq". Bunu Azərbaycan Voleybol Federasiyasının İ vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə dedi. F.Qarayev Ziya Rəcəbova İndoneziyada çalışması üçün icazə verdiyini, digər yerli mütəxəssislərin Azərbaycan komandalarında çalışacaqlarını söyləyib. Federasiya rəsmisi klublara 3-4 legioner gətirməyə icazə verdiklərini diqqətə çatdırıb: "Üstəlik, həmin oyunçular öz istəkləri ilə Azərbaycan millisini seçməli, bu ölkəyə bağlanmalıdırlar. Klublarımız Cənubi Azərbaycandan kişi voleybolçular gətirmək istəyirlər. Mən isə İran Voleybol Federasiyası ilə razılaşdırdıqdan sonra onları gətirməyin mümkünlüyünü söyləmişəm". Klubların federasiya tərəfindən ayrılmış 20-30 min manat büdcə ilə çempionata başlayacaqlarını deyən Qarayev məşqçilər arasında da sağlam rəqabətin başladığını diqqətə çatdırıb.

 

Həftənin “müsəlmansevər lideri”

Belarus Prezidenti Aleksandr Lukasenko  ölkəsində yaşayan   müsəlmanlar barədə xoş sözlər dedi. "Bu adamlar qızıldırlar. Heç vaxt məni pis vəziyyətdə qoymayıblar. Heç vaxt...”. A.Lukaşenko  bunu Belarusda səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanova söyləyib.  Tatarıstan rəhbəri isə cavabında onu əmin edib: "Və heç vaxt sizi ruhdan salmayacaqlar...".  "Biz müsəlmanları incitmirik!" – deyə Lukashenko vurğulayıb. "Əksinə, bir çoxları belə şəraitə həsəd aparmaq məcburiyyətindədirlər", – cavabında Minnixanov söyləyib. Bir gün öncə Tatarıstan Prezidenti Belarusdakı tatar icmasının fəalları ilə görüşüb və Minsk Cümə məscidini ziyarət edib. 

 

Həftənin “azərbaycanlı professoru”

Lundbeck fondu dünyanın altı aparıcı nevroloqunu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon avro) məbləğində mükafatla təltif etdi. Professorların hər biri 5.3 milyon avro əldə edəcək. Bu haqda Danimarkanın Lundbek Fondunun rəsmi saytı xəbər yayıb. Mükafata layiq görülənlərin üçü Aarhus universitetinin, digər üçü isə Kopenhagen universitetinin professorudur. Onların arasında həmyerlimiz, “AzLogos”-un ideya müəllifi Məsud Aşina da var. “Lundbeck Professor” proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edən və tarixdə mislinə az rast gəlinən böyüklükdə qrantın qalibi olan Məsud Aşinanın tədqiqatları, baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə yönəlib. Onun tədqiqatlarının məqsədi miqren tutmalarının yaranmasında neyroiltihab proseslərinin rolunu izah etməyə və kalium kanalları altqrupunun aktivləşdirilməsinin gələcəkdə miqrenin müalicəsində tamamilə yeni müalicə üsullarının yaradılmasında istifadəsinə yönəlib. Fondun rəsmi məlumatında bildirilir ki, Danimarkanın aparıcı nevroloqlarına bu mükafatı verməkdə məqsəd, beyin problemlərini gündəmdə saxlamaqdır.

 

Həftənin “qəzəbli aktrisası”

“Mənə çox sayda zənglər oldu. Dedilər ki, Afaq xanım biz sizinləyik, hara gələk, neyniyək? Onların bəziləri isə mənim mübarizə apardığım o insanla çox gözəl münasibətdədir. Mən onu söydüm. Açıq deyirəm sizə. Ona söylədim ki, qeyrətin, vicdanın olsun”. Bu sözləri Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında dilə gətirdi. “Bütün incəsənət nümayəndələrinin, aktyorların uğruna savaşıram. Aktyorların heç birindən incimirəm. Çünki mən özümə dəstək yığmamışdım. “Mənimlə həmrəy olun” deməmişdim. Onları ikinci, üçüncü “Ura!” qışqıran kimi istifadə etməmişəm. Mənə o lazım da deyildi. Mübarizə apardığım adam da yad adam deyil. Hörmətsizlik aramızda yox idi. İndi də yoxdur. Amma o riyakar adamlar var. Özünüzə yığılın. Bu münasibətdən sui-istifadə edə bilməzsiniz…", – deyə Xalq artisti bildirib.

 

Həftənin “yumurtalı lideri”

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Kiyevin mərkəzində keçirilən etiraz aksiyalarında iştirak etdi. Ölkənin keçmiş lideri aksiya iştirakçıları qarşısında tribunada çıxış edib. Ukraynanın dövlət himninin ifasından sonra Poroşenko “Yaşasın Ukrayna!”, - deyib. Bundan sonra kütlə içindən səhnəyə yumurtalar atılıb. Yumurtalardan biri keçmiş prezidentin həyat yoldaşına dəyib. Səhnəyə atılan ikinci yumurtanı isə "Avropa həmrəyliyi" partiyasından olan deputat tutub. Bundan sonra Poroşenko kütləyə çağırış edərək yumurtaları atmış şəxsi tapmaqla bağlı müraciət edib.

 

Həftənin “azərbaycanlı rejissoru”

“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Son bir ildə 93-cü mükafatı qazandıq. Bu təkcə bizim uğurumuz deyil, eyni zamanda Azərbaycanın, Azərbaycan mədəniyyətinin uğurudur. Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, ölkəmizi dünyada tanıtmaq üçün filmlər çəkirik. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik". Bu sözləri ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov dedi. C.Qasımov bildirib ki, Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi son beş ay ərzində iyirmi birinci mükafatı alıb: "Film son bir ayda isə dörd müxtəlif festivalda uğur qazanıb. Əsər 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Filmin çəkilişləri 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalıdır. Mətni sevimli diktorumuz Eldost Bayram oxuyub.